Məhkəmə qərarları › İş №3(032)-1328/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1328/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1328/2023 27.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023-cü il tarixli EQ 16703214 nömrəli, 10 oktyabr 2023-cü il tarixli EQ 17385943 nömrəli, 19 sentyabr 2023-cü il tarixli EQ 16974425 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilərək cərimə məbləğlərinin dəbbə pulları ilə bərabər silinməsi barədə X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023-cü il tarixli EQ 16703214 nömrəli, 10 oktyabr 2023-cü il tarixli EQ 17385943 nömrəli, 19 sentyabr 2023-cü il tarixli EQ 16974425 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilərək cərimə məbləğlərinin dəbbə pulları ilə bərabər silinməsi brədə qərar çxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023-cü il tarixli EQ 16703214 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 19 sentyabr 2023-cü il tarixli EQ 16974425 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 10 oktyabr 2023-cü il tarixli EQ 17385943 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o, “X5” yük markalı, **-CX-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə hərəkət edən zaman yola uyğun sürət həddi ilə avtomobili idarə etmiş və heç bir sürət həddini aşmamışdır. Lakin qərarlarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı qeyd edilmişdir. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməyib. Hesab edir ki, adı çəkilən qərarlar qanunsuz və əsassızdır. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023-cü il tarixli EQ 16703214 nömrəli, 10 oktyabr 2023-cü il tarixli EQ 17385943 nömrəli, 19 sentyabr 2023-cü il tarixli EQ 16974425 nömrəli qərarların ləğv edilərək cərimə məbləğlərinin dəbbə pulları ilə bərabər silinməsi barədə verilmiş şikayət geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar