Məhkəmə qərarları › İş №3(032)-1328/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1328/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1328/2025 09.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati qərardan şikayət verən şəxs X6 iştirakı ilə, X6 barəsində Şirvan şəhər Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edərək ləğv edilməsi və həmin inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 şəhəri Nəriman Nərimanov küçəsi bina 7 ev 31 ünvanında yaşayır və özünə məxsus “CHEVROLET MALİBU” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə 19:42 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən baş serjant X5 ona məxsus olan avtomobili saxlatdırmış ve demişdir ki, Şirvan şəhər Polis şöbəsinin DYP müavini kapitan X1 əmri vermiş ve maşını duracağa yerləşdirməyi istəmişdir. Baş serjant X5 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmasını bildirmiş, görüntü göstərmədən, protokol açılmadan avtomobilini Şirvan şəhər Polis şöbəsinin duracağına yerleşdirmiş, o da təzyiq altında qalaraq avtomobili Şirvan şəhər Polis şöbəsinin duracağına yerləşdirmiş və 1 gün sonra xx.xx.2025-ci tarixdə mobil telefonunda olan sms radar tətbiqindən gələn bildirişdən ona məlum olmuşdur ki, qeyd olunan inzibati xəta ilə bağlı barəsində İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı xx.xx.2025-ci il tarixdə saat 19:55:00-də (inzibati xəta törədildikdən 1 gün sonra) İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmaqla 100 manat cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən şəxs X12 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X16 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası DİN Baş X16 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X6 şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X12 “Chevrolet Malıbu” minik markalı, ** EL *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, həmçinin xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 342.5-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Qeyd edilən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X12 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2 və 342.5-ci maddələrinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Şirvan şəhər DYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X6 iştirakı ilə yenidən araşdırılmalı, əsaslı qərar qəbul olunmalıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Yol Patrul Xidməti inspektoru polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin X16 Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Şirvan şəhər Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X12 barəsində Azərbaycan Respublikası İXM-in 327.2 və 342.5-ci maddələri ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinin X16 Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar