Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1329/2025 10.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32142639 nömrəli elektron qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32142639 nömrəli elektron qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2025-ci il tarixdə, saat 11:45-də Bakı şəhəri, H.Əliyev küçəsində “Kia Sportage” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinin tələblərini pozması barədə protokol tərtib edilmişdir. Elektron kabinetinə təkcə fotoşəkil göndərilmiş, video yazı isə göndərilməmişdir. Videogörüntü olsa orda görünər ki, avtomobilini parklamaq istədiyi üçün durmuş və parklamadan çıxan digər “Toyota Prius” markalı avtomobilin yerinə avtomobilini parklamışdır. Həmin avtomobil parklama yerindən çıxan kimi arxadan digər “BMW” markalı avtomobil həmin yerə parklanma etmiş və bu halı görəndən sonra avtomobilini sürüb oradan uzaqlaşmışdır. xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Polis Şöbəsinin DYPB-yə müraciət edərək tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarın surətini əldə etmişdir. X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına gələ bilmədiyini, iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndə məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32142639 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 “Kia Sportage” minik markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Kia Sportage” minik markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, H.Əliyev küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması kamera vasitəsilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X3 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilən Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunan maddənin məzmununa əsasən inzibati xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə biləcəyi və bunun əsasında da inzibati xəta haqqında qərar qəbul edilə biləcəyi mümkünlüyü birmənalı olaraq qanunverici tərəfindən müəyyən olunmuşdur. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv şəkildə araşdırmaqla müəyyən edir ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində xx.xx.2025-ci il tarixdə xüsusi texniki vasitənin qeydlərinə əsasən İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə elektron qərar çıxarılmışdır. Həmin qərardan görünür ki, “Kia Sportage” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır ki, bu da birbaşa 346.4-cü maddədə nəzərdə tutulmuş hüquqpozmadır. Şikayətçinin təqdim etdiyi fotoşəkillərdən də hadisə məhz bu formada təsbit olunur. Şikayətçi video görüntünün təqdim edilməməsini qərarın etibarsızlığı kimi qiymətləndirmişdir, lakin İXM-in 122.1-ci maddəsinə əsasən qanunverici xüsusi texniki vasitələrin foto və ya video qeydiyyatını bərabər hüquqi qüvvəyə malik sübut vasitəsi kimi müəyyən etmişdir. Maddədə “foto və ya video” ifadəsinin işlədilməsi ondan xəbər verir ki, inzibati xəta fotoşəkil vasitəsilə aşkarlanan kimi bu hal qərarın qəbul edilməsi üçün kifayət edir. Bu səbəbdən video görüntünün təqdim edilməməsi qərarın hüquqi qüvvəsinə təsir edən hal hesab edilmir və iş üzrə sübutetmə yükünü dəyişmir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin tələbləri aydın şəkildə müəyyən edir ki, nəqliyyat vasitələrinin yolun sağ tərəfində, yol çiyini olduqda yol çiyinində, yol çiyini olmadıqda isə yolun kənarında yalnız bir cərgədə dayanmasına icazə verilir. İkinci cərgədə dayanma isə açıq şəkildə qadağandır. Qanunun bu tələbi mütləq xarakter daşıyır və hər hansı subyektiv iradə, situasiya və ya sürücünün niyyəti ilə dəyişmir. Şikayətçinin “avtomobili parklanma məqsədilə saxlaması” və “başqa avtomobilin yerinə dayanmaq istəməsi” ilə bağlı izahları inzibati xəta tərkibini istisna etmir. Çünki xəta forması — yəni dayanmanın ikinci cərgədə baş verməsi — artıq obyektiv olaraq fotoşəkildə təsdiqini tapmışdır və bu hal İXM-in 12-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta anlayışına tam uyğun gəlir. İXM-in 84.1-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi hakimin daxili inamı ilə həyata keçirilir. Məhkəmə sübutların məcmusunu qiymətləndirərkən nəticəyə gəlir ki, təqdim edilmiş fotoşəkillər xüsusi texniki vasitənin qeydiyyat məlumatları kimi qanunla müəyyən edilmiş sübut hesab olunur və onların etibarlılığına qarşı əsassız şübhə yaradan hər hansı fakt yoxdur. İXM-in 84.2-ci maddəsi isə heç bir sübutun qabaqcadan üstün qüvvəyə malik olmadığını müəyyən etməklə yanaşı, fotoşəklin təkbaşına da sübut kimi qəbul olunmasını mümkünsüz etmir; əksinə, 122-ci maddə foto görüntünün mövcud olmasını inzibati qərar üçün kifayət etmişdir. İnzibati xətaların qarşısının alınması, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi dövlətin mühüm funksiyalarından biri olduğundan, İnzibati Xətalar Məcəlləsinin 2, 4 və 9-cu maddələrində təsbit olunan qanunçuluq, ədalətlilik və mütənasiblik prinsipləri məhkəmənin sübutları qiymətləndirməsi zamanı rəhbər tutulmuşdur. İnzibati xəta tərkibi tam sübut olunduğundan və şikayətçinin təqdim etdiyi izahlar xəta tərkibini istisna etmədiyindən, elektron qərarın hüquqa zidd qəbul edilməsi barədə iddialar əsassızdır. Məcəllənin 126-cı maddəsinin tələblərinə uyğun olaraq qərardan şikayət vermək hüququ şikayətçidə mövcud olmuş, şikayət müddəti keçmədən təqdim edilmiş, lakin şikayət predmeti olan elektron qərarın ləğv edilməsini tələb edən hüquqi əsaslar araşdırma zamanı müəyyən olunmamışdır. Məhkəmə müəyyən edir ki, qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada xüsusi texniki vasitələr vasitəsilə aşkar edilmiş hüquqpozmanın qeydiyyatı əsasında çıxarılmışdır və qüvvədə saxlanılması üçün bütün hüquqi şərtlər mövcuddur. Bununla yanaşı, şikayətçinin məhkəməyə gələ bilməməsi qərarın mahiyyətinə təsir edən hal deyil və işin baxılmasının təxirə salınması üçün onun müraciətində ciddi üzrlü səbəblər göstərilməmişdir. DİN BDYPİ nümayəndəsinin məhkəməyə gəlməməsi də işin mahiyyətinə təsir etmir, çünki İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmaq hüququna malikdir. Məhkəmə nəticəyə gəlir ki, iş üzrə toplanmış sübutlar X2 inzibati xəta törətməsini tam təsdiq edir, inzibati qərarın çıxarılması zamanı qanun pozuntusuna yol verilməmişdir, qərarın ləğv edilməsinə əsas verən hüquqi və faktiki hallar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32142639 nömrəli elektron qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32142639 saylı elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1329/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1329/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver