Məhkəmə qərarları › İş №3(032)-1336/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1336/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1336/2025 02.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X3 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 01 dekabr 2025-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, H.Əliyev prospektində və s. küçə prospektlərdə idarə etdiyi “VAZ 21074” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozaraq, avtoxuliqanlıq etmişdir. Şəxs barəsində Şirvan şəhəri polis baş serjantı X1 tərəfindən 01 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X7 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən “VAZ 21074” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili uzaqdan görmüşdür. Həmin avtomobil qəfil manevretmə hərəkətləri etmiş, habelə idarə etdiyi avtomobildə yüksək səsli musiqi səsləndirməklə insanlar arasında mövcud olan asayişi pozmuş və asfalt üzərində sürtünmə izləri buraxmışdır. Bundan sonra o, avtomobilin arxası ilə dönən zaman “VAZ 21074” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol patrul inspektorun avtomobili gördüyü zaman hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o, Şirvan şəhəri, F.Eynullayev küçəsində həmin avtomobilin çağırışla saxlanılması üçün işarə vermişdir. “VAZ 21074” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılan zaman qayda pozuntusu izah edilmişdir. Onu da qeyd etmişdir ki, hadisə nəticəsində saxlanılan sürücü dəfələrlə idarəetmə qaydalarını pozduğuna görə ona iradlar bildirilmiş və sakinlər tərəfindən belə onlara şifahi qaydada narazılıq bildirilmişdir ki, həmin avtomobilin sürücüsü yüksək səsli musiqilər qoşmaqla istər şəhərin mərkəzində, istərsə də humanitar kollecin qarşsında mövcud sakitliyi pozmuşdur. Hətta onlar “VAZ 21074” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayan zaman həmin avtomobildə konstruksiya dəyişikliklərinin olmasını müəyyən etmişlər və bütün bunlardan sonra onu müvafiq protokol tərtib edilməklə polis şöbəsinə təmin etmiş və avtomobili isə duracağa yerləşdirmişdirlər. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qismən təsdiq edərək izahatında bildirdi ki, avtomobildə konstruksiya dəyişikliyi vardır. 2 aydır ki, bu avtomobili sürür. xx.xx.2025-ci il tarixdə, saat 20:30-da Şirvan şəhəri, F.Eynullayev küçəsində 10 nömrəli məktəbin qarşısından “VAZ 21074” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə keçirdi. Konstruksiya dəyişikliyi olduğuna görə polis əməkdaşları onu saxlayaraq duracağa təmin etmişlər. Avtomobildə yüksək səslə musiqiyə qulaq asmışdır. Avtomobil duracağa aparılmış və barəsində protokol tərtib edilmişdir. Lakin o, avtoxuliqanlıq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhəri YPX inspektoru polis serjantı X6 ifadəsində bildirmişdir ki, Şəxs 01 dekabr 2025-ci il tarixdə, saat 20 radələrində “VAZ 21074” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin müxtəlif istiqamətlərində hərəkətdə olarkən avtomobildə yüksək səslə musiqiyə səsləndirməklə nəqliyyat vasitəsini idarə etmiş, avtomobili qəflətən sürətləndirməklə asfalt üzərində səslər çıxarmaqla izlər buraxmış və insanlar arasında narahatlıq və qorxu yaratmışdır. Hətta Şirvan şəhər sakinləri şifahi olaraq onlara irad bildirmişlər ki, “VAZ 21074” minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şirvan şəhərinin mərkəzi küçələrində humanitar kollecin ətrafında avtomobili təhlükəli manevrlər edərək idarə edir və tələbələrin həyatına təhlükə yaradır. Məhkəmə iclasında şahid qismində Şirvan şəhəri polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X4 da X6 ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 16:10-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə DİN BDYPİ Şirvan RQİTBŞ tərəfindən sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin İXM-nin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 2) yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının, habelə onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ-hüquqi aktlar qəbul etmək, onların icrasını həyata keçirmək; 13) əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsini və yol hərəkəti təhlükəsizliyinin təbliği işini təşkil etmək, yol hərəkəti təhlükəsizliyi sahəsində bu Qanunla müəyyən olunmuş tələblərə hüquqi və fiziki şəxslər tərəfindən əməl olunmasını təmin etmək; 18) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; 25) hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, yol-nəqliyyat hadisələri ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət işləri üzrə təhqiqatın aparılmasını və inzibati xətalar haqqında işlər üzrə icraatın həyata keçirməsini təşkil etmək; Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli, obyektiv və bir-birini tamamlayan sübutlarla qiymətləndirərək müəyyən etmişdir ki, Şəxs tərəfindən 01 dekabr 2025-ci il tarixdə Şirvan şəhərinin H.Əliyev prospekti, M.Ə.Rəsulzadə küçəsi və digər mərkəzi küçələrində idarə etdiyi “VAZ 21074” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş hərəkətlər ictimai qaydanı nümayişkaranə şəkildə pozan, əhalinin sakitliyini əhəmiyyətli dərəcədə narahat edən, yol hərəkəti qaydalarının davamlı və qəsdli pozulması ilə müşayiət olunan avtoxuliqanlıq əməlini təşkil edir. İş üzrə təqdim olunmuş izahat, şahid ifadələri, inzibati protokol, saxlanma protokolu və digər sübutlar arasında ziddiyyət yoxdur, əksinə bir-birini tamamlayır. Şirvan şəhər DYPB-nin YPX-nin baş inspektoru X3 məhkəmədə verdiyi izahata əsasən müəyyən edilmişdir ki, inzibati xəta törədilən vaxt və yerdə “VAZ 21074” markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil manevrlər etmək, nəqliyyat vasitəsini yüksək səsli musiqi ilə idarə etmək, asfalt üzərində təkər sürtünməsi ilə yüksək səs yaranması və təkər izləri buraxmaq kimi cəmiyyət üçün təhlükəli hərəkətlər etmişdir. Sürücü yol patrul avtomobilini gördüyü anda idarə etdiyi nəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşmış, lakin daha sonra F.Eynullayev küçəsində polis əməkdaşlarının tələbi ilə saxlanılmışdır. İzdiham olan ərazidə tələbələrin və digər piyadaların narahatlıq keçirməsi, bir sıra sakinlərin yüksək səsli musiqi və təhlükəli manevrlərdən şikayət etməsi də şahid ifadələri ilə təsdiqlənmişdir. Şahid qismində dindirilmiş polis serjantı X6 və polis baş serjantı X2 ifadələri də göstərir ki, həmin tarixdə sürücü nəqliyyat vasitəsini qəflətən sürətləndirərək asfalt səthində gurultulu səslər və izlər yaratmış, yüksək səsli musiqi ilə nəqliyyat vasitəsini idarə etməklə insanların sakitliyini pozmuş, şəhər mərkəzində, xüsusilə tələbələrin sıx toplaşdığı humanitar kollec ərazisində təhlükə yaratmışdır. Şahidlərin ifadələri obyektiv, ardıcıl və birbirini təsdiq edən xarakter daşımaqla yanaşı, protokol tərtib edən əməkdaşın izahı ilə də tam uzlaşır. Şəxs məhkəmədə izahatında avtomobildə konstruksiya dəyişikliyi olduğunu, yüksək səslə musiqiyə qulaq asdığını, nəqliyyat vasitəsinin duracağa aparıldığını və barəsində protokol tərtib edildiyini təsdiq etmiş, lakin avtoxuliqanlıq hərəkətlərini inkar etmişdir. Məhkəmə təqdim edilən bütün sübutları müqayisəli qaydada qiymətləndirərək sürücünün izahatında göstərilən inkarın sübutlarla təkzib edildiyini müəyyən etmişdir. Belə ki, obyektiv xarakterli şahid ifadələri və protokol məlumatları sürücünün ictimai qaydanı nümayişkaranə şəkildə pozan və səs-küy yaradan hərəkətlər etdiyini tam şəkildə sübut edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd və təqsirli hərəkət inzibati xəta hesab olunur. 21-ci maddəyə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və cəmiyyət üçün təhlükəli davranışların qarşısının alınması məqsədi ilə tətbiq edilir. 31.2-ci maddəyə uyğun olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, şəxsiyyəti və digər hallar nəzərə alınmalıdır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. “Yol hərəkəti haqqında” Qanunun 4-cü və 36-cı maddələrində yol hərəkətinin təhlükəsizliyi, ictimai qaydanın qorunması və nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət dövlətin əsas vəzifələri kimi müəyyən edilmişdir. Həmin qanunun 36-cı maddəsinə görə, hər bir sürücü öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına və əmlaka zərər vurmamalı, onların təhlükəsizliyini təhdid edən davranışlardan çəkinməlidir. Sürücünün davranışı bu tələbləri pozmuşdur. İXM-in 511.1.3-cü maddəsinin dispozisiyası avtoxuliqanlıq tərkibini belə müəyyən edir: mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, qəflətən sürətləndirmə və təkər sürtünməsi səsləri yaratmaqla çoxsaylı təkər izləri buraxmaq. İş üzrə müəyyən edilmiş faktiki hallar – qəfil manevrlər, yüksək səsli musiqi ilə idarəetmə, sürətin qəfil artırılması, təkər sürtünmə səsləri və izləri, insanların narahatlığı, sürücünün həmin davranışları təkrar və nümayişkaranə şəkildə etməsi – maddi tərkibin bütün elementlərini tam şəkildə əhatə edir. Məhkəmə MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla qiymətləndirmə apararaq belə qənaətə gəlmişdir ki, Şəxs törətdiyi əməl İXM-in 511.1.3-cü maddəsinin tərkib əlamətlərinə tam uyğun gəlir. Sürücünün davranışının ictimai təhlükəliliyi, şəhərin mərkəzində insanların və xüsusilə tələbələrin təhlükə altında qoyulması, qaydaların davamlı və nümayişkaranə pozulması bu inzibati xətanın ağır xarakterini göstərir və tənbehin tətbiqini zəruri edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini tam və şübhə yeri qalmayacaq dərəcədə sübuta yetirir və inzibati tənbehin tətbiq edilməsinə hüquqi əsaslar mövcuddur. Məhkəmə təqdim edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta ictimai təhlükəlilik dərəcəsinə görə adi qayda pozuntusu xarakteri daşımır və avtoxuliqanlıq kimi ağır inzibati xəta tərkibinə uyğundur. Tərəflərin izahları, şahid ifadələri, protokol məlumatları və digər sübutlar göstərir ki, sürücü nəqliyyat vasitəsini qəsdən təhlükəli formada idarə etmiş, şəhərin mərkəzi və insanların sıx olduğu ərazilərdə qəfil manevrlərlə, yüksək səsli musiqi ilə və asfalt üzərində təkər sürtünməsi ilə gurultu və izlər buraxmaqla əhalinin sakitliyini pozmuş, piyadaların, xüsusilə tələbələrin həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. Bu davranış cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən, ictimai qaydanı pozan, qəsdli və davamlı hərəkətlər sistemi olduğundan İXM-in 511.1.3-cü maddəsinin sanksiya hüdudlarında daha ağır inzibati tənbeh növünün tətbiq edilməsini zəruri edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, şəxsin təqsirinin dərəcəsi, əməlindəki ictimai təhlükəlilik və digər hallar nəzərə alınmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Şəxs törətdiyi əməl ani təqsir nəticəsində deyil, davamlı, nümayişkaranə və qəsdli qayda pozuntuları ilə müşayiət olunmuşdur. Şahid ifadələrindən görünür ki, sürücü əvvəlki hallarda da yüksək səsli musiqi, qəfil manevrlər və təhlükəli idarəetmə nəticəsində sakinlər arasında ciddi narazılıq yaratmışdır. Bu isə xətanın təkrar xarakterli və sosial baxımdan təhlükəli olduğunu göstərir. Məcəllənin 21-ci maddəsi ilə müəyyən edilmiş inzibati tənbehin əsas məqsədlərindən biri həm inzibati xəta törədən şəxsin, həm də digər şəxslərin yeni xəta törətməsinin qarşısını almaqdır. Hadisənin törədildiyi yerin – şəhərin mərkəzi küçələrinin, kollecin qarşısının və insanların sıx toplaşdığı ərazilərin – xüsusilə təhlükəli olması, sürücünün davranışını yüksək riskli və ictimai müdaxilə tələb edən hərəkətlər kateqoriyasına daxil edir. Məhkəmə hesab edir ki, bu davranışa qarşı yalnız maliyyə xarakterli cərimənin tətbiqi gələcəkdə belə pozuntuların qarşısını almaqda yetərli təsir göstərməyəcəkdir. İXM-in 511.1.3-cü maddəsinin sanksiyası alternativ xarakter daşıyır və işin hallarına, cəmiyyət üçün təhlükəliliyin dərəcəsinə və pozuntunu törədən şəxsin şəxsiyyətinə uyğun olaraq məhkəməyə inzibati həbs tətbiq etmək səlahiyyəti verir. İş materiallarında sürücünün məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmiş, əksinə, davranışının ictimai təhlükəlilik dərəcəsini artıran faktlar – tələbələrin həyatına real təhlükə yaratması, yüksək səs və təhlükəli manevrlər etməsi, sakinlərin şifahi narazılığı və hadisənin axşam vaxtı baş verməsi – mövcuddur. Məcəllənin 30.2-ci maddəsində qeyd olunan kateqoriyalardan heç biri, inzibati həbsin tətbiqinə qanuni maneə yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, törədilmiş xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, həm ümumi profilaktika, həm də xüsusi profilaktika məqsədlərini təmin etmək üçün Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati qaydada həbs tənbehinin tətbiqi zəruri və adekvatdır. İnzibati həbs yalnız ən ağır inzibati pozuntulara münasibətdə tətbiq oluna bilən fövqəladə tənbeh növü olmaqla yanaşı, məhz bu işdə avtomobilin təhlükəli idarə olunması, insanların həyatına real təhlükə yaradılması və ictimai qaydaların qəsdli pozulması ilə bağlı münasibətlərin tənzimlənməsi üçün yeganə uyğun hüquqi vasitədir. Bu əsaslarla məhkəmə belə qənaətə gəlir ki, iş üzrə toplanmış sübutların məcmusu, xətanın ictimai təhlükəlilik dərəcəsi və sürücünün davranışının qəsdli, nümayişkaranə və təhlükəli xarakter daşıması nəzərə alınmaqla Şəxs inzibati həbs tənbehinin tətbiqi tam qanuni, əsaslı və zəruridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 01 dekabr 2025-ci il tarixdən, saat 20:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar