Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1359/2025 08.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhər Polis şöbəsinin DYPB-nin baş inspektoru, polis baş serjantı X2 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 20 noyabr 2025-ci il tarixdə Şirvan şəhəri Sabir küçəsində idarə etdiyi “VAZ 2106” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə edərək asayişi pozmaqla davamlı yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin DYPB-nin baş inspektoru, polis baş serjantı X3 bildirdi ki, Şirvan şəhər Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən Şəxs inzibati xətanı törətməsi müəyyən edilmiş, bu səbəbdən də şəxs barəsində protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, anası xəstə olduğu üçün mağazaya onu göndərmiş, özünün də ayağında qüsur olduğuna görə xx.xx.2025-ci il tarixdə atasına məxsus “VAZ 2106” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək mağaza getmiş, mağazadan qayıdarkən anası halının pis olduğunu, evə tez gəlməsini demiş, o da sürət həddini aşaraq məhlədə olan tramplinə yaxınlaşdıqda tormoz vermiş, avtomobildə nasazlıq olduğundan sürüşmüşdür. O, qəsdən hər hansı avtoxuliqanlıq hərəkəti etməmişdir. Hal-hazırda əməlindən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verir. Göstərilənləri, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, anasının xəstə olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verməsini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirdi ki, xx.xx.2025ci il tarixdə evdə olarkən səs-küy eşitmiş, çölə çıxmış, polis əməkdaşlarının kameraya baxmaq üçün gəldiyini görmüşdür. Eşitmişdir ki, Məhəmməd avtomobili sürətlə hərəkət etdirdiyindən, qonşunun oğlu Nurlan kənara çəkilmək istəyərkən ayağı daşa ilişərək yerə yıxılmışdır. Lakin özü Məhəmmədin avtomobili sürətlə hərəkət etdirməsini görməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri, şahid ifdəsini dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1, 332.2 və 511.1.3-cü maddələri əsasən inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Şirvan şəhər PŞ-nin DYPB-nə təqdim olunması qərara alınmışdır. DVD diskdə olan video görüntülərdən görünür ki, Şəxs mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılmaqla idarə edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs avtoxuliqanlıq etməsi, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtomobilini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarması və yolda təkərlərin izini buraxması ilə müşayət olunan hərəkətlər etməsi sonuncunun etirafdici izahatı, DVD diskdə olan video görüntülər və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilmişdir və şəxsin əməli düzgün olaraq İXM-in 511.1.3cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs əməlini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, Şəxs oğlunun şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir, eləcə də onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 06 dekabr 2025-ci il tarixdə, saat 23:35-də inzibati qaydada tutulmuş, 08 dekabr 2025-ci il tarixdə 11:10-da azad edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən həmin hal nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, onun barəsində xx.xx.2025-ci il saat 23:35-dən xx.xx.2025-ci il saat 11:10-dək Şirvan şəhər Polis şöbəsində saxlanılması nəzərə alınmaqla barəsində 13 (on üç) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 08 dekabr 2025-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1359/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1359/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver