Məhkəmə qərarları › İş №3(032)-1360/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1360/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1360/2025 09.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də soba operatoru işləyən, Şirvan şəhəri, 1 May küçəsi, ev 138-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs yaşadığı evdə pirotexniki vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, təxminən 1 il bundan öncə Bakı şəhəri Sədərək ticarət mərkəzinə getmiş orda olarkən tanımadığı mağazaların birində pirotexniki vasitələrin satılmasını görmüş, o da 10 qutusu 12 manatdan 11 qutu pirotexniki vasitə almış, yaşadığı Şirvan şəhərinə gətirərək həmin pirotexniki vasitələri 1 il evdə saxlamışdır. xx.xx.2025-ci il tarixdə tanımadığı bir nəfər şəxs onu çölə çağırıb pirotexniki maddə istəmiş, o, da 1 qutusunu 3 manatdan olmaqla 2 qutu pirotexniki vasitəni ona satmışdır. Sonradan onun yaşadığı ünvana polislər yaxınlaşmış və pirotexniki maddələrin satışının qadağan olunduğunu bildirmişlər və izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən peşmandır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şirvan şəhər polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X1 şəhəri 1 May küçəsi ev 138-də yaşayan Şəxs yaşadığı evdə götürmə aparmışdır. Götürmədə xx.xx.1997-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,orta təhsili,subay,işsiz, Şirvan şəhəri 1 May küçəsi ev 138-də yaşayan Şəxs,Şirvan ŞPŞ-nin İTB-nin polis sahə nəfəri polis seryantı X4 və Şirvan ŞPŞ-nin İTB-nin polis sahə nəfəri polis seryantı X2 iştirak edir. Bundan sonra Şəxs alınması və satılması qadağan edilmiş 11 (on bir) qutu hər qutunun içində 60 (altmış) ədəd pirotexniki vasitə götürülmüşdür. Götürülmə aparılarkən yuxarıda qeyd olunanların foto şəkilləri çəkildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.3-cü maddəsinə görə yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinə əsasən “partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar” Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Məhkəmə həmçinin barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Şirvan şəhər Polis Şöbəsində saxlanılan 11 (on bir) qutu və hər qutunun içində 60 (altmış) ədəd pirotexniki vasitə müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar