Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1362/2025 22.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X5, Şirvan şəhəri Prokurorluğunun nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan Şəhər Prokurorluğundan daxil olmuş inzibati materiala baxaraq, müəyyən etdi İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, hüquqi şəxs – Şəxs MMC-nin, yəni "xxxx" klinikası adı altında fəaliyyət göstərən klinikanın direktoru, onun faəliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X10 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”-nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməli olduğu halda sertifikasiyadan keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olmuşdur. Bununla da, Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə, qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati xətasını törətmişdir. Araşdırma zamanı X10 izahatında qeyd etmişdir ki, 2022-ci ildən Şəxs MMC-nin direktoru vəzifəsində işləyir. "xxxx" klinikası həmin MMC-nin tərkibində fəaliyyət göstərir. Sözügedən klinikanın həmçinin təsisçisi qismində çıxış edir. Ümumilikdə MMC-nin iki təsisçisi vardır. Digər təsisçi X13r. 1991-ci ildə Azərbaycan Tibb Universitetində müalicə işi fakültəsini bitirərək məzun olmuşdur. 2005-ci ildən tibb sahəsində müxtəlif tibb müəssisələrində həkim kimi fəaliyyət göstərmişdir. İxtisasca həkim-genetik kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən sertifikasiya imtahanlarında iştirak etməmişdir, yəni sertifikatı yoxdur. X18 şəhər prokurorluğuna ünvanladığı ərizəsi ilə tanış olmuşdur. Həmin vətəndaş həyat yoldaşı Fatimə Məmmədli ilə birlikdə iki dəfə onun qəbulunda olmuşdur. Fatimə Məmmədli ilk dəfə xx.xx.2025-ci il tarixdə qəbulunda olmuşdur. Fatimə Məmmədli onun qəbulunda olduqdan sonra sonuncunu aidiyyatı üzrə ultrasəs müayinəsinə və qan analizinə yönləndirmişdir. Fatimə sözügedən nəticələri əldə etdikdən sonra onun qəbuluna yenidən gəlmiş və nəticələrə baxdıqdan sonra qan analizində olan mənfi nəticələrlə bağlı resept yazmışdır. Reseptdə olan dərmanların mütəmadi olaraq istifadə edilməsini məsləhət görmüşdür. Həmin qəbul zamanı Fatimənin hamiləliyində hər hansı fəsad aşkar etməmişdir. Həmçinin bir həftə sonrakı vaxtda yenidən ultrasəs müayinəsindən keçməsi ilə bağlı göstəriş vermişdir. xx.xx.2025-ci il tarixdə Fatimə Məmmədli yenidən ultrasəs müayinəsindən keçmişdir. Müayinə zamanı hamilədə hər hansı fəsad aşkar edilməmişdir. Ultrasəs müayinəsi zamanı dölün ürək döyüntüsü izlənilmişdir. Ultrasəs müayinəsinin nəticəsini Fatimə ona təqdim etmiş və o da hər hansı fəsad olmadığını bildirib sonuncunu evə buraxmışdır. Növbəti dəfə hamiləliyin 9-cu həftəsində yenidən müayinəyə gəlməsini tövsiyyə etmişdir. xx.xx.2025-ci il tarixdə o Türkiyə Cümhuriyyətinə iş məqsədilə getmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. xx.xx.2025-ci il tarixdə, saat 09:31-də Fatimə Məmmədlinin yoldaşı Xəyyam İbadov onun istifadəsində olan mobil nömrəyə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazmış və Fatimənin halının pisləşdiyini, müəyyən qədər uşaqlıq yolundan qan gəldiyini bildirmişdir. O ilkin olaraq səbrli olmalarını hamiləlikdə normal halın olduğunu demiş və “Dufaston” adlı dərman məsləhət görərək həmin dərmandan istifadə etmələrini bildirmişdir. Həmin dərman qanaxmanın qarşısını almaq məqsədilə istifadə edilmişdir. Təxminən bir neçə saat sonra Fatimə yenidən ona yazaraq ürək bulantısının olduğunu, başının ağradığını və laxta qanın çoxaldığını demişdir. O, Fatiməyə “Pregestron” tərkibli şamdan istifadə etməsini və “Dufaston” adlı dərmanı yenidən istifadə etməsini bildirmişdir. Həmin ərəfədə X19 şəhər Mərkəzi Xəstəxanasının qarşısında yerləşən Cahid adlı həkimə məxsus ultrasəs müayinəsinin həyata keçirildiyi özəl kabinetə getmiş və orada Cahid həkim tərəfindən müayinə edilmişdir. Müayinənin nəticələrinə əsasən qeyd olunmuşdur ki, Fatimə Məmmədlinin bətnində olan döl ölmüşdür və döl barəsində digər məlumatlar qeyd olunmuşdur. Fatimə həmin USM rəyinin fotoşəkilini ona göndərmiş və o da həftənin birinci günü başqa həkimə yoxlanışa getmələrini bildirmişdir. Lakin onlar onu dinləməmiş və ailə üzvləri Fatiməni Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışdırlar. X11 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Xəyyam İbadov ilə ailə həyatı qurmuşdur. 2025-ci ilin sentyabr ayının sonlarında özündə hamiləlik əlamətlərinin olduğunu öyrənmiş və aidiyyatı üzrə həkim qəbuluna getmək istəmişdir. Daha sonra, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" klinikasına müraciət etmişdir. Klinikada mama-ginekoloq qismində çalışan Kəmalə həkimin qəbulunda olmuşdur. İlk qəbulda Kəmalə həkim onu müxtəlif analizlərə yönləndirmişdir. Analizlərin nəticəsini və USM-in rəyini əldə etdikdən sonra Kəmalə həkimə təqdim etmişdir. Ultrasəs müayinəsində olan zaman Nuranə adlı həkim ultrasəs müayinəsini həyata keçirmiş və uşağın ürək döyüntüsünü eşitmək istəmişdir, lakin ürək döyüntü səsi eşidilməmişdir. O Nuranə həkimdən soruşduqda sonuncu monitoru ona göstərərək ürək döyüntülərinin izlərini göstərmişdir. Kəmalə analiz nəticələrinə və rəyə baxdıqdan sonra hər şeyin qaydasında olduğunu bildirmiş və resept yazaraq mütəmadi olaraq həmin dərmanlardan istifadə olunmasını demişdir. Onlar da evə getmiş və həkim tərəfindən bildirilən bütün göstərişləri icra etmişdirlər. Həkim qəbulu zamanı Kəmalə oktyabr ayının əvvəllərində yenidən ultrasəs müayinəsinə gəlməyini bildirmişdir. 2025-ci ilin oktyabr ayının əvvəllərində ultrasəs müayinəsindən yenidən keçmişdir. Yoxlanış zamanı yenidən uşağın ürək döyüntüsünü eşitmək istəmiş, lakin Nuranə həkim uşağın ürək döyüntüsünü hiss etdiyini, heç bir problem olmadığını bildirmişdir. Onu aşağı nahiyədən yenidən yoxlamış, lakin yenə də heç bir problem olmadığını qeyd etmişdir. O ultrasəs müayinəsinin nəticəsini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Kəmalə həkimə göndərmiş, Kəmalə həkim hər şeyin qaydasında olduğunu bildirmiş və xx.xx.2025-ci il tarixdə yenidən həkim qəbuluna gəlməyini bildirmişdir. xx.xx.2025-ci il tarixdən onda müxtəlif ağrılar və sancılar başlamışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə uşaqlıq yolumdan qanaxma gəlməyə başlamışdır. Bununla bağlı dəfələrlə Kəmalə həkimlə telefon əlaqəsi yaratmış və müxtəlif dərmanlar atmasını bildirmişdir. Bütün dərman pereparatlarından istifadə etmiş, buna baxmayaraq heç bir təsiri olmamışdır. Dərmanlardan istifadə etdikdən sonra qanaxma daha da çoxalmışdır. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında onun vəziyyəti pisləşmiş və yoldaşı onu ultrasəs üzrə mütəxəssis Cahid həkimin qəbuluna aparmışdır. Qəbul zamanı həkim müayinə aparmış, müayinə zamanı dölün öldüyünü bildirmişdir. O da dərhal X7 doğum evinə getmişdir. Doğum evində həkimlər tərəfindən aparılan yoxlamalar nəticəsində bətnindəki dölün öldüyü təsdiq olunmuşdur. X15 izahatında göstərmişdir ki, 2025-ci ilin sentyabr ayının sonlarında yoldaşının hamilə olduğunu öyrənmiş və aidiyyatı üzrə həkim qəbuluna getmək istəmişdir. Daha sonra Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" klinikasına müraciət etmişdirlər. Klinikada mama-ginekoloq qismində çalışan Kəmalə həkimin qəbulunda olmuşdurlar. İlk qəbulda Kəmalə həkim yoldaşını müxtəlif analizlərə yönləndirmişdir. Analizlərin nəticəsini və USM-in rəyini əldə etdikdən sonra Kəmalə həkimə təqdim etmişdirlər. Ultrasəs müayinəsində olan zaman özü də iştirak etmişdir. Kəmalə həkim analiz nəticələrinə və rəyə baxdıqdan sonra hər şeyin qaydasında olduğunu bildirmiş və resept yazaraq mütəmadi olaraq həmin dərmanlardan istifadə olunmasını demişdir. Bundan sonra yeni yoxlanış zamanı uşağın ürək döyüntüsünü eşitmək istəmiş, lakin Nuranə həkim uşağın ürək döyüntüsünü hiss etdiyini, heç bir problem olmadığını bildirmişdir. Onlar ultrasəs müayinəsinin nəticəsini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Kəmalə həkimə göndərmiş, Kəmalə həkim hər şeyin qaydasında olduğunu bildirmiş və xx.xx.2025-ci il tarixdə yenidən həkim qəbuluna gəlməli olduqlarını bildirmişdir. Sonralar yoldaşında şiddətli ağrılar və qanaxmalar başlamışdır. Bununla bağlı dəfələrlə Kəmalə həkimlə telefon əlaqəsi yaratmış və müxtəlif dərmanlar atmasını bildirmişdir. Həyat yoldaşı bütün dərman pereparatlarından istifadə etmiş, buna baxmayaraq heç bir təsiri olmamışdır. Dərmanlardan istifadə etdikdən sonra qanaxma daha da çoxalmışdır. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında yoldaşının vəziyyəti pisləşmiş və onlar sonuncunu ultrasəs üzrə mütəxəssis Cahid həkimin qəbuluna aparmışdırlar. Qəbul zamanı həkim müayinə aparmış, müayinə zamanı dölün öldüyünü bildirmişdir. Onlar da dərhal yoldaşını X7 doğum evinə yerləşdirmişdir. Hazırda yoldaşı hamiləlikdən azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X10 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, direktor olmaqla yanaşı həm də praktik olaraq tibb fəaliyyəti ilə məşğul olur. Ümumiyyətlə sonsuzluq problemi yaşayan ailələrə övlad dünyaya gətirmələrində tibbi müdaxilələrlə yardım etmiş olurlar. Lakin tibb fəaliyyəti ilə məşğul olduğundan və zaman məhdudiyyətinin olması sertifikasiyanın alınmasında və sertifikasiyadan keçməyə imkan vermir. Lakin bu halın baş verməsindən sonra o, sertifikasiya ilə bağlı müraciət etmişdir. Hüquqi şəxsin mənafeyini və onu təmsil etdiyini qeyd edərək hüquqi şəxsin barəsində mümkün olaraq humanist qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhəri Prokurorluğunun nümayəndəsi X12 məhkəmə iclasında izahatında bildirmişdir ki, Şəxs MMC Şirvan "xxxx" Klinikası adı altında lisenziyalı fəaliyyət göstərən tibb müəssisəsidir. Klinikanın lisenziyasına baxış keçirilmişdir. Lisenziyası qanunidir. Kəmalı xanım həmçinin MMC-nin direktorudur. Direktor səlahiyyətlərini də yerinə yetirir. Vətəndaş narazılığı əsasında müraciətə baxılmışdır. Vətəndaş izahatında bildirmişdir ki, Kəmalə xanım bir həkim kimi onları qəbul edərək, reseptlər yazmışdır. Oradan da görünür ki, Kəmalə xanım sertifikasiyadan keçmədən, praktiki tibbi fəaliyyətlə məşğul olmuşdur. Bu səbəbdən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X1 X5 göndərişləri əsasında hamiləliyin təyini USM-nə hormon və autoimmun testlərə, həmçinin qan və sidiyin labarator analizlərə yönləndirilmiş, klinikada aparılan yoxlamalar zamanı hamiləliyin normal gedişli olması diaqnozu qoyulmuşdur. Şəxs MMC-nə 22 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən özəl tibbi fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya verilmiş, X8 isə praktika tibbi fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya şəhadətnaməsi verilməmişdir. Tədqiq olunan materiallar əsasında hüquqi şəxs “TAZA MMC” barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə -vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan, inzibati xəta haqqında iş üzrə icraat materiallarından, inzibati xəta haqqında qərardan, izahatlardan, yazılı sübutlardan və tərəflərin mövqelərindən müəyyən edilir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli lisenziya əsasında "xxxx" klinikası adı altında özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. Eyni zamanda iş materiallarından aydın olur ki, hüquqi şəxsin direktoru və eyni zamanda faktiki olaraq praktik tibbi fəaliyyət göstərən X10 ali tibbi təhsilə malik olmasına baxmayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası Qaydası” ilə müəyyən edilmiş tələblərə uyğun olaraq beş ildə bir dəfə keçirilməli olan sertifikasiyadan keçməmiş, ona praktik tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiya şəhadətnaməsi almamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 şəhadətnaməsi olmadan "xxxx" klinikasında həkim qismində vətəndaş X9 qəbul etmiş, onu laborator və instrumental müayinələrə yönləndirmiş, müayinələrin nəticələrini qiymətləndirmiş, dərman preparatları təyin etmiş, hamiləliyin gedişi ilə bağlı tibbi rəy bildirmiş və bu proseslər çərçivəsində praktik tibbi fəaliyyət həyata keçirmişdir. Göstərilən hallar zərərçəkmiş şəxsin, onun həyat yoldaşının, habelə X5 öz izahatları, “Whatsapp” yazışmaları, ultrasəs müayinələrinin nəticələri və digər yazılı sübutlarla təsdiqini tapır. Bu isə onu göstərir ki, X10 hüquqi şəxs olan Şəxs MMC-nin maraqları naminə, onun fəaliyyətindən əldə edilən faydanın təmin olunması məqsədilə sertifikasiyadan keçmədən praktik tibbi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinin dispozisiyasına əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xəta hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar həmin inzibati xətanın obyektiv və subyektiv əlamətlərinin hüquqi şəxs Şəxs MMC-nin fəaliyyətində mövcud olduğunu təsdiq edir. Belə ki, hüquqi şəxs öz strukturu daxilində sertifikasiyası olmayan şəxsin praktik tibbi fəaliyyət göstərməsinə şərait yaratmaqla, həmin fəaliyyətin nəticələrindən faydalanmaqla və tibbi xidmətlərin göstərilməsini təşkil etməklə inzibati xəta törətmişdir. Hüquqi şəxsin məsuliyyəti onun adından və maraqları naminə hərəkət edən vəzifəli şəxsin hərəkətləri ilə birbaşa bağlıdır. Məhkəmə İXM-in 18.5-ci maddəsinə uyğun olaraq hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq oluna biləcəyini nəzərə alaraq, həmçinin İXM-in 31.3-cü maddəsinin tələblərinə əsasən inzibati xətanın xarakterini, hüquqi şəxsin fəaliyyət sahəsini, ictimai münasibətlər üçün yaratdığı təhlükə dərəcəsini, hüquqi şəxsin fəaliyyətinin insan sağlamlığı ilə birbaşa bağlı olmasını, habelə hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar olmadığını nəzərə alır. Eyni zamanda məhkəmə nəzərə alır ki, hüquqi şəxsin direktoru tərəfindən sertifikasiyanın olmaması məlum olduğu halda praktik tibbi fəaliyyət davam etdirilmiş, bu isə səhiyyə sahəsində dövlət tərəfindən müəyyən edilmiş nəzarət və təhlükəsizlik mexanizmlərinin pozulmasına gətirib çıxarmışdır. Tibbi fəaliyyətin sertifikasiyasız həyata keçirilməsi insan həyatı və sağlamlığı üçün potensial təhlükə yaradan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün hüquqi və faktiki əsaslar mövcuddur və inzibati tənbehin tətbiqi həm qanunun tələblərinə uyğun, həm də inzibati tənbehin məqsədlərinə – yeni inzibati xətaların qarşısının alınmasına və hüquqi şəxsin qanunvericiliyin tələblərinə əməl etməyə sövq edilməsinə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hüquqi şəxs Şəxs MMC-ni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilərək, həmin maddənin sanksiyası həddində ona cərimə tənbehinin tətbiq edilməsini əsaslı və qanunauyğun hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6.200 (altı min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1362/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1362/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver