Məhkəmə qərarları › İş №3(032)-1363/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1363/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1363/2025 18.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, “Umbakı” penitensiar kompleksi nəzarətçi-gizir vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə Şirvan şəhər prokuroru Kamal Talıbov tərəfindən verilmiş qərara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər prokuroru Kamal Talıbov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması və baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilməsinə dair qərar qəbul etmişdir. Qərara görə, fiziki şəxs Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VAZ 21014” markalı ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri Heydər Əliyev prospektindən Hacıqabul rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək və əks istiqamətli hərəkət zolağına çıxaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə bə ya manevretmə qaydalarının pozulması) maddəsinin tələblərini pozaraq Şirvan şəhər sakini X2 idarə etdiyi “BMW” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, bundan sonra toqquşmanın təsirindən “BMW” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında olan şam ağacına dəymiş, toqquşma nəticəsində ehtiyatsızlıqdan X1 yüngül bədən xəsarəti yetirmiş, bundan sonra, yol nəqliyyat hadisəsi yerindən yayınmış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində 19 noyabr 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs qərarda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, 19 oktyabr 2025-ci il tarixdə Şirvan şəhəri ünvan 2 ünvanında özünə məxsus “LADA” markalı, “VAZ 21014” modelli ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun hərəkət istiqamətində ötmə əməliyyatı icra edərkən, təsadüfən qarşıdan gələn “BMW” markalı, 525 modelli, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya gəlmiş, dərhal təcili tormozlama əməliyyatı icra etmiş və idarəetməni itirərək həmin avtomobillə toqquşmuşdur. Onun avtomobilinin ön hissəsi həmin avtomobilin yan hissəsinə, sonra isə arxasına dəymiş və hər iki avtomobil əzilmişdir. Hadisə zamanı o xəsarət almamış, digər sürücünün xəsarət almasından xəbəri olmamışdır. Hadisə zamanı alkoqollu içkilərdən istifadə etməmiş, ayıq vəziyyətdə olmuş, hadisə ehtiyatsızlıq ucbatından baş vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq qərarı tərtib etmiş Şirvan şəhər prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə Şirvan şəhər prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçısınn izahatını dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 oktyabr 2025-ci il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri Heydər Əliyev prospektidir. Hadisənin növü toqquşmadır, yolun hərəkət hissəsi düz, örtüyünün növü asfalt beton, quru vəziyyətdə olmuşdur. Yol örtüyünün eni 12 metr, hərkət zolaqlarının sayı 2, eni 6 metr olmuşdur. Hərəkət qarşı-qarşıya olmuş, hərəkət hissəyə solda köbə daşları, sağdan meşə salma birləşmişdir. Sola şəhər tipli tikililər olmuşdur. Hərəkətin nizamlama üsulu düzdür, yol şəhər elektrik işıqları ilə işıqlandırılmışdır. Toqquşan nəqliyyat vasitələrinin sayı 2 olmuş, hadisədən əvvəlki hərəkət istiqamətləri düz olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Publik Hüquqi şəxsinin 21 oktyabr 2025-ci il tarixli 593 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarətlər qapalı kəllə beyin travması baş beyin silkələnməsi ilə, boyunun əzələbağ aparatının gərilməsi-küt əşya təsirindən törənmiş qərarın təsviri hissəsində göstərilən 19 oktyabr 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 24 oktyabr 2025-ci il tarixli rəy aktından görünür ki, “BMW” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 ümumilikdə 4950 manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs X2 iş materiallarında olan ifadəsindən görünür ki, 19 oktyabr 2025-ci il tarixdə, saat 19 radələrində etibarnamə ilə idarə etdiyi gələn “BMW” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri H.Əliyev prospektindən Salyan dairəsi istiqamətinə təqribən 50-602 km/saat sürətlə hərəkətdə olan zaman qarşıdan gələn VAZ 21014 markalı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək və əks istiqamətli yola çıxaraq onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən avtomobilin yolun kənarındakı ağaclıq əraziyə dəyib dayanmışdır. Digər avtomobil hadisə yerindən yayınaraq uzaqlaşmışdır. Hadirə yerində avtomobilin dövlət qeydiyyat nişanlı düşərək qalmışdır. Həmin yerə DYPB-nin əməkdaşları və digər polis əməkdaşları gəlmişdirlər. Hadisə zamanı alkoqollu içkilərdən istifadə etməmişdir. Şirvan şəhər prokuroru, baş ədliyyə müşaviri X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, fiziki şəxs Şəxs oğli barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmş hüquq və vəzifələri izah edilməsi, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilməsi, qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi hazırki iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digərləri isə yəni Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Baş X8 İdarəsinin rəisinin, onun müavinlərinin, Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X8 İdarəsinin rəisinin, ərazi polis orqanlarının X8 idarələrinin, şöbələrinin rəislərinin, onların müavinlərinin, ərazi polis orqanlarının X8 bölmələrinin rəislərinin, ərazi polis orqanlarının X8 qruplarının rəhbərlərinin səlahiyyətinə aiddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Şirvan şəhər Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edilməsini nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs İXM-in 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Şirvan şəhər Polis şöbəsinə göndərilməlidir. Zərərçəkmiş şəxs X3 dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Şəxs İXM-in 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Şirvan şəhər Polis şöbəsinə göndərilsin. Zərərçəkmiş şəxs X3 dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar