Məhkəmə qərarları › İş №3(032)-1380/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1380/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1380/2023 13.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə , xx.xx.1994-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin 2(032)-3847/2017 saylı 29 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay cavabdeh Şəxs 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Rzayeva (Qasımova) Simuzər Şahin qızına verilməsi nəzərdə tutulsa da, borclu icra vərəqəsində göstərilən tələbləri icra etməmiş və icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 13 dekabr 2023-cü il tarixli, MN 148340 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 13 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, aliment borcunu maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir . Belə ki, o, məhkum olunmuş, hazırki aliment borcu həbsdə olduğu müddətdə yığılmışdır. Həbs olunmazdan əvvəl icra məmuru vasitəsi ilə “Dost” mərkəzində işlə təmin olunmuş, işlədiyi müddətdə aldığı əmək haqqından hər ay 170 manat aliment borcuna görə tutulmuşdur. Hazırda xəstədir, bununla bağlı evdə müalicələr alır. Anası tərəfindən də aliment borcu üzrə ödənişlər edilmişdir, hazırda atası da xəstədir. Həbsdən çıxdıqdan sonra da ödəniş etməyə davam etmişdir. Hazırda işləyir, ödəniş etməkdən imtina etmir, lakin borcun böyük hissəsini ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qasımova (Rzayeva) Simuzər Şahin qızı izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(032)-1380/2023 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay uşağa görə 136 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Lakin borclu icra sənədləri üzrə borcu ödəməkdən yayınır, hər dəfə yalan vədlər verir. Bu baxımdan o, borcun tam şəkildə qaytarılmasını tələb edir . Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(032)-1380/2023 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin tutulmasının əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay uşağa görə 136 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Borcluya xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs 13 dekabr 2023-cü il tarixdə gətirilərək Şirvan şəhər İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs bugünə kimi ödənilməyən 5788 (beş min yeddi yüz səksən səkkiz) manat aliment borcu yaranmışdır . İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Rzayev X6 şəhər Məhkəməsinin 2(032)-3847/2017 saylı 29 noyabr 2017-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X3 ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, borclu Şəxs barəsində açılmış “axtarış işi” nə xitam verilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti 14 saylı cəzaçəkmə müəssisənin xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, məhkum Şəxs xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən tələbkar Qasımova (Rzayeva) Simuzər Şahin qızına xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 140 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində ödənişlər edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-3847/2017 saylı 29 noyabr 2017-ci il tarixli icra sənədi üzrə borcu həbsdə olduğuna görə ödəməmiş, borcu tam şəkildə ödəniş etməyə imkanı yoxdur, lakin ödəniş etməkdən boyun qaçırmır, özü xəstədir və ailəlidir, həbsdən çıxdıqdan sonra azyaşlı uşağına görə hər ay ödəniş edir və borcu hal-hazırda 300 manat ödəyə bilər və hər ay aliment borcundan əlavə olaraq yaranmış borcundan da ödəyəcəkdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcunun icrası ilə əlaqədar olduğunu, bu alimentin ödənilməməsində uşağın mənafelərinin pozulduğunu nəzərə alaraq, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, barəsində axtarış elan edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115-ci, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbsdə saxlamanın əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar