Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1398/2023 18.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, Nizami küçəsi ev 67-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1, 510, 511.1.3 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:45-də Şirvan şəhəri, 1 May küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, nəqliyyat vasitəsini sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri etmiş, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 18 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidin ifadəsi ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 20:00 radələrində idarə etdiyi “VAZ 2106” markalı, ** BG *** nömrə nişanlı avtomaşını ilə hərəkətdə olan zaman yol patrul əməkdaşları ona saxla işarəsi vermiş, 80 manat məbləğində cəriməsi olduğu üçün avtomaşını saxlamamış, avtomobilini evinə tərəf sürmüşdür. Bu zaman yol polislərindən biri onun avtomaşınının sol qapısının şüşəsini əli ilə vurub sındırmışdır. Həmin vaxt qorxmuş, polislərin hərəkəti barədə 102 xidmətinə zəng etmişdir. sonradan onu polis şöbəsinə dəvət etmişlər. Özünü polis əməkdaşlarına tabesizlik göstərməkdə təqsirli bilsə də, digər əməllərə münasibətdə təqsirsizdir. Avtomobili idarə etmək üçün hüququ yoxdur, həmçinin sükan arxasında sərxoş olmayıb. Ona jaquar içkisi almışdılar o da, bir qurtum içib tüpürmüşdür. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin YPXB-nin inspektoru, polis serjantı Şahid məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:45 radələrində Şirvan şəhəri, 1 May küçəsində “KİA” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən “VAZ 2106” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı etmişdir. Tərəflərindən saxla işarəsi verilmiş, lakin, buna baxmayaraq sürücü saxla işarəsinə tabe olmayıb, öz hərəkətlərinə davam etmişdir. Dəfələrlə saxla işarəsi vermiş və saxlamayaraq ictimai əhalinin dincliyini pozmuş, açıqca hörmətsizlik etmiş, dəfələrlə qayda pozuntusu edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Digər YPX-nin köməkliyi ilə həmin avtomobil saxlanılmış, saxlanılan zaman sürücüyə özlərini təqdim edən zaman sürücü ucadan söyüşlər söymüş, onları təhqir edərək hədəqorxu gəlmişdir. Onu dəfələrlə nizam-inatizama dəvət etsələr də o, bilərəkdən öz əməllərini davam etmişdir. Onu PPX-nin köməkliyi ilə polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur və sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 18 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:45-də Şirvan şəhəri, 1 May küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, nəqliyyat vasitəsini sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri etmiş, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 334.1, 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş rapordan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:45 radələrində Şirvan şəhəri, 1 May küçəsində “KİA” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən “VAZ 2106” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı etmişdir. Tərəflərindən saxla işarəsi verilmiş, lakin, buna baxmayaraq sürücü saxla işarəsinə tabe olmayıb, öz hərəkətlərinə davam etmişdir. Dəfələrlə saxla işarəsi vermiş və saxlamayaraq ictimai əhalinin dincliyini pozmuş, açıqca hörmətsizlik etmiş, dəfələrlə qayda pozuntusu edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Digər YPX-nin köməkliyi ilə həmin avtomobil saxlanılmış, saxlanılan zaman sürücüyə özlərini təqdim edən zaman sürücü ucadan söyüşlər söymüş, onları təhqir edərək hədə-qorxu gəlmişdir. Onu dəfələrlə nizam-inatizama dəvət etsələr də o, bilərəkdən öz əməllərini davam etmişdir. Onu PPX-nin köməkliyi ilə polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur və sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,344 % müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 334.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokolun surətini imza çəkməklə almışdır. X1 xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis şöbəsində verdiyi izahatında da məhkəmədə verdiyi izahatın məzmununa uyğun olaraq əməllərini etiraf etmiş, əlavə olaraq polislərin ünvanına nəlayiq söyüş süydüyünü bildirmiş və peşman olmasını qeyd etmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “VAZ 2106” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 329.3 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “VAZ 2106” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti yol hərəkəti ilə əlaqədar təşəkkül tapmış ictimai münasibətləri tənzimləyən normalardır. Əməlin obyektiv cəhəti nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsindən ibarətdir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin həm özünün qismən etirafı, həm şahidin ifadəsi və tibbi müayinə aktı, alkoqolun miqdarının müəyyən edilməsi barədə protokollaşdırma sənədinə əsasən avtomobil idarə edərkən sərxoş vəziyyətdə olması, həmçinin də onun sürücülük hüququnun olmaması sübuta yetirildiyindən onun yuxarıda göstərilən maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan küçədə, o cümlədən polis idarəsinin qarşısında ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə onu polis şöbəsinə aparmaq istəyən polis əməkdaçları ilə mübahisə etməsi kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın da obyekti yol hərəkəti ilə əlaqədar təşəkkül tapmış ictimai münasibətləri tənzimləyən normalardır və əməlin obyektiv cəhəti mühafizə olunan qaydaların şəxs tərəfindən qəsdən nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan hərəkətlərlə avtoxuliqanlıq əməlini törətməsində ifadə olunur. Hadisə zamanı polis əməkdaşları və avtopatrul maşını tərəfindən qeydə alınaraq məhkəmədə nümayiş olunan video görüntülərdə Şəxs avtomobili yüksək surətlə idarə etməsi, döngələrdə təhlükəli manevr etməsi, şəhər əhalisinin sıx olduğu və ictimai yer hesab olunan küçədə, qaranlıq saatlarda yüksək surətlə hərəkətdə olmağı və nəticədə ətrafa davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi nəticəsində səslərinin çıxarılması aşkar şəkildə görünür. Bu səbəbdən məhkəmə belə hesab edir ki, şəxsin əməlində yuxarıda sadalanan avtoxuliqanlıq hərəkətlərini törətməsi tam şəkildə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilən inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə iclasında dindirilmiş şahidin, barəsində icraat aparılan şəxsin özünün izahatından, habelə nümayiş olunan video görüntülərindən – məlum olur ki, şəxs polis əməkdaşlarının saxla əmrinə tabesizlik göstərir, avtomobili saxlamır, yüksək surətlə sürərək ondan yayınmağa çalışır, yayınma halı uzun müddət və davamlı xarakter alır. Sadalananlar ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilir və Şəxs yuxarıda ittiham olunduğu inzibati xətalardan başqa İXM-nin 535.1-ci maddəsi ilə də nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər üç inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 334.1, 510, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və müvafiq qaydada tənbehlənməlidir. O ki, qaldı şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində İXM-nin 34.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 dekabr 2023-cü il tarixdən, saat 20:10-dan hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1398/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1398/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver