Məhkəmə qərarları › İş №3(032)-1416/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1416/2023

31.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1416/2023 31.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:16-da Şirvan şəhər Polis Şöbəsinin 1 saylı stasional postunda ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 31 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən öz izahatı və şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 04:16 radələrində DİN-nin 102 xidmətinə zəng edərək taksi sürücüsündən şikayət etmişdir. Onunla telefon əlaqəsi saxlanılmış və özü Şirvan ŞPŞ-nə yaxınlaşmışdır. Həmin vaxt sərxoş olduğundan şöbənin giriş qapısında polis serjantə ilə mübahisə etməyə başlamış, polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlətmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 04:16 radələrində 102 xidmətinə müraciət edən Şəxs taksi sürücüsü ilə aralarında mübahisə yarandığını bildirmişdir. Həmin zaman ƏİQ-nin üzvlərini göndərmişlər, lakin həmin şəxs özü Şirvan ŞPŞ-nin inzibati binasının 1 saylı stasional postuna sərxoş halda yaxınlaşaraq ucadan səs-küy yaradaraq qapı postunun iş rejimini pozmuş, polis əməkdaşlarının ünvanına nalayiq sözlər deyərək ona yaxınlaşmış, onu nə qədər nizam intizama dəvət etsədə həmin şəxs spirtli içkinin təsiri altında olmuş, onun heç bir qanuni tələbinə tabe olmayaraq, öz əməlinə davam etmişdir. Həmin şəxsi Növbətçi Hissəyə yaxınlaşdırmaq istərkən o, inzibati binanın daxilində NH-də öz əməllərinə nümayişkaranə davam etmiş və onlara hədə-qorxu gəlmişdir. Bu zaman onu saxlanma yerinə təmin etmişlər. Bundan sonra Şəxslə söhbət aparılarkən sonuncu özünü şübhəli aparmış və onun narkotik vasitələrin istifadəsində şübhhəli olması məlum olmuşdur. Şirvan şəhər Polis Şöbəsinin məsul növbətçi VMİE, kiçik leytenantı X2 da məhkəmə iclasında X1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 31 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:16-da Şirvan şəhər Polis Şöbəsinin 1 saylı stasional postunda ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş rapordan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 04:16 radələrində 102 xidmətinə müraciət edən Şəxs taksi sürücüsü ilə aralarında mübahisə yarandığını bildirmişdir. Həmin zaman ƏİQ-nin üzvlərini göndərmişlər, lakin həmin şəxs özü Şirvan ŞPŞ-nin inzibati binasının 1 saylı stasional postuna sərxoş halda yaxınlaşaraq ucadan səs-küy yaradaraq qapı postunun iş rejimini pozmuş, polis əməkdaşlarının ünvanına nalayiq sözlər deyərək ona yaxınlaşmış, onu nə qədər nizam intizama dəvət etsədə həmin şəxs spirtli içkinin təsiri altında olmuş, onun heç bir qanuni tələbinə tabe olmayaraq, öz əməlinə davam etmişdir. Həmin şəxsi Növbətçi Hissəyə yaxınlaşdırmaq istərkən o, inzibati binanın daxilində NH-də öz əməllərinə nümayişkaranə davam etmiş və onlara hədə-qorxu gəlmişdir. Bu zaman onu saxlanma yerinə təmin etmişlər. Bundan sonra Şəxslə söhbət aparılarkən sonuncu özünü şübhəli aparmış və onun narkotik vasitələrin istifadəsində şübhhəli olması məlum olmuşdur. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:50-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 31 dekabr 2023-cü il tarixli, 340 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis şöbəsində verdiyi izahatında da məhkəmədə verdiyi izahatın məzmununa uyğun olaraq əməllərini etiraf etmiş, əlavə olaraq polislərin ünvanına nəlayiq söyüş süydüyünü bildirmiş və peşman olmasını qeyd etmişdir. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan küçədə, o cümlədən polis idarəsinin qarşısında ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə növbətçi kimi öz xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları ilə mübahisə etməsi, şöbənin iş rejimində durğunluq yaratması kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilən inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:16-da törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar saxlanılarkən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı, polis şöbəsində tabesizlik hərəkətlərinə davam etməsi özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Sadalananlar ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilir və Şəxs yuxarıda ittiham olunduğu inzibati xətalardan başqa İXM-nin 535.1-ci maddəsi ilə də nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və müvafiq qaydada tənbehlənməlidir. O ki, qaldı şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hallar aşkar edilmədi və sərxoş halda əməlləri törətməsi isə iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində İXM-nin 34.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 31 dekabr 2023-cü il tarixdən, saat 04:50-dən hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar