Məhkəmə qərarları › İş №3(032)-173/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-173/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-173/2024 19.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə , xx.xx.1971-ci ildə Ağsu rayonu Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ağsu rayon Məhkəməsinin AL-1-2004 saylı 20 fevral 2004-cü il tarixli icra sənədinə əsasən Şəxs hər növ qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi 26 fevral 2004-cü il tarixdən başlayaraq 20 may 1998-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutularaq X3 verilməsi nəzərdə tutulsa da, borclu icra vərəqəsində göstərilən tələbləri icra etməmiş və icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 19 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 19 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hazırki iş üzrə aliment borcundan əvvəllər aylıq 250 manat poçtla göndərsə də, tələbkar pul az olduğundan onu qəbul etməmişdir. Özü isə bu barədə qəbzləri poçtdan əldə edə bilməmişdir, eyni zamanda aliment borcu üzrə ödənişlər etsədə borcluya əlbəəl təqdim etdiyindən bununla bağlı qəbzləri məhkəməyə təqdim edə bilmir. Hazırda işləmir, işsiz kimi məşğulluq xidmətində qeydiyyatdadır, eyni zamanda ikinci evliliyindən bir övladı vardır və ona da aliment ödəyir, onunla bağlı da icra şöbəsində aliment işi vardır. Hazırkı iş üzrə aliment borcununun hamısını ödəməyə imkanı yoxdur, yalnız 300 manat ödəyə bilər və daha sonra aylıq 150 manat ödəməyə imkanı çatır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Ağsu rayon Məhkəməsinin AL-1-2004 saylı 20 fevral 2004-cü il tarixli icra sənədinə əsasən Şəxs hər növ qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi 26 fevral 2004-cü il tarixdən başlayaraq 20 may 1998-ci il təvəllüdlü aytacın yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulaarq X3 verilməsi verilməsi qət edilmişdir. Borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmişdir. Şəxs bugünə kimi ödənilməyən 10513 (on min beş yüz on üç) manat aliment borcu yaranmışdır. Hazırki iş üzrə tələbkarla əlaqə saxlanılmış, tələbkar borcun müəyyən qismini, 3000-5000 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Bundan başqa Şəxs barəsində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatında aliment işinə dair digər icra işi vardır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Ağsu rayon Məhkəməsinin AL-1-2004 saylı 20 fevral 2004-cü il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X3 ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Ağsu rayon Məhkəməsinin AL-1-2004 saylı 20 fevral 2004-cü il tarixli icra sənədi üzrə borcu işləmədiyindən maddi imkanı olmadığından ödəyə bilməmişdir. Bu vaxta qədər 1200 manat ödəniş etmişdir. Aliment borcunu tam ödəyə bilmir və borcu aylıq 150 manat ödəyə bilər . İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 3(032)- 23/2018 saylı, 08 yanvar 2018-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə inzibati xətanın xarakterini (idarəçilik qaydaları əleyhinə olması), inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmamasını, Şirvan şəhər Məhkəməsinin 3(032)-23/2018 saylı, 08 yanvar 2018-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb olunmağına baxmayaraq borclunun icra sənədinin icrasından yayındığını, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcunun icrası ilə əlaqədar olduğunu, bu alimentin ödənilməməsində uşağın mənafelərinin pozulduğunu, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar