Məhkəmə qərarları › İş №3(032)-174/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-174/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-174/2024 20.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri ŞPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şirvan şəhəri, T.Bağırov küçəsi bina 3, ev 5-də yaşayan Şəxs barəsində Şirvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bu barədə Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 20 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri ŞPŞ-nin İTB-nin sahə rəisi X3 məhkəmə iclasında bildirdi ki, Şəxs oğurluqda şübhəli bilindiyi üçün Şirvan şəhər Polis Şöbəsinə aparılmışdır. Polis şöbəsinə aprıldıqdan sonra narkotikdən istifadə etməyi barədə şübhələr olduğuna görə ekspertiza keçirilmiş, narkotik vasitə marixuanadan və metamfetamin istifadə etməsi aşkar olunmuşdur. Tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 20 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında materiala baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, anası çörək zavodunda işləyir. Dayısı subay olduğu və tək yaşadığı üçün ona hər gün yemək aparır. Həmin gün dayısı üçün yemək aparmışdır. İki gün əvvəl dayısının yaşadığı məhəllədə oğurluq hadisəsi baş vermişdir. Dayısı üçün apardığı yeməyi verdikdən sonra evdən çıxarkən polis əməkdaşları ona yaxınlaşmış və şübhəli şəxs qismində Şirvan şəhər Polis Şöbəsinə aparmışdır. Polis şöbəsinə getdikdən sonra narkotik vasitələrdən istifadə edib-etməməsini müəyyən etmək üçün ekspertiza keçirilmişdir. Müayinə nəticəsində onun narkotik vasitə qəbul etmiş olduğu aşkar edilmişdir. O, narkotik vasitələrin daimi istifadəçisi deyil, sonuncu dəfə bu ilin yanvar ayında Bakı şəhərindən dostu qonaq gəlmiş, dostu ilə birlikdə narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin istifadə etmişdir. Hazırda əməlindən səmimi peşmandır və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 fevral 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 fevral 2024-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş, 19 fevral 2024-cü il tarixdə saat 17:55-də azad edilmişdir. 19 fevral 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 fevral 2024-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş, 20 fevral 2024-cü il tarixdə saat 09:00-da azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsinin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 1071 nömrəli rəyində göstərilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində MET(+), AMP(+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. 20 fevral 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, Şəxs narkotik vasitə olan marixuana istifadə etdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şirvan şəhər Məhkəməsinin 7(032)-55/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-57/2022 saylı, 18 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi barədə Şirvan şəhər İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cü qrafasına əsasən marixuana – narkotik vasitə kimi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatını və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Əsədov X2 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati tənbeh növündə cərimə tətbiq edilərəkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar