Məhkəmə qərarları › İş №3(032)-175/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-175/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-175/2024 01.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Firodvsi oğlunun iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-342/2020 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu Şəxs 3000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri İcra və probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 342/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3030 manat alınaraq X2 verilməlidir. İcra sənədləri müvafiq qaydada icraata daxil olduqdan sonra “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir. Borcluya tələbin könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. Şəxs barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinə baxmayaraq o, nəticə çıxarmayaraq tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. Borclunun icra sənədinin icrasından yayınaraq icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlmədiyindən, həmçinin olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Şirvan Şəhər Polis Şöbəsinə göndərilmişdir. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəxs saxlanılaraq xx.xx.2024-cü il tarixdə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədi üzrə olan borcunu ödəməsi tələb edilmişdir. lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. Borclu Şəxs icra sənədi üzrə 1730 manat borcu mövcuddur. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-342/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan 3030 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Borcu olduğunu etiraf edir, icra sənədi üzrə borcundan 1300 manat ödəmişdir. Ağ ciyərinə su gəldiyi üçün 1 ildir ki, evdə müalicə alır. Hazırda heç bir yerdə işləmir, qətnamə üzrə tutulacaq pul məbləğini birdəfəlik ödəməyə maddi imkanı yoxdur. İş axtarır, lakin icra sənədi üzrə informasiya sistemində axtarışda olan şəxs kimi qeydiyyat aparıldığından onu heç bir işə qəbul etmirlər. Sonda səhətinin nəzərə alınaraq onun barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-342/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 3000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-342/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə dair icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, həmin bildiriş borclu Şəxs xx.xx.2020-cik il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 3(032)-576/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Musayev X1 Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın şəxsiyyətini xarakretizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törədilmiş inzibati xətadan səmimi peşmançılığını məhkəmə Şəxsnın məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxsnın məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar