Məhkəmə qərarları › İş №3(032)-180/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-180/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-180/2024 21.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs müdafiəçisi Vəkil, X1 iştirakı ilə , xx.xx.1971-ci ildə Ukrayna Respublikası Zaparojiya vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 21 fevral 2024-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs 15 noyabr 2023-cü il tarixdə saat 09 radələrində Şirvan şəhəri 14 nömrəli tam orta məktəbdə şəxsi münasibətlər zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması 21 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 fevral 2024-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki , qızı Diana Şirvan şəhəri 14 saylı tam orta məktəbində 9-cu sinifdə təhsil alır. Diana tez-tez İnnarə müəllimənin dərs zamanı ona köməklik göstərmədiyini, ona qarşı diqqətsizlik göstərdiyini bildirmişdir. Övladı Diana hər dəfə məktəbdə keçirilən monitorinqlərdən riaziyyat fənindən keçə bilmir və qeyri-kafi qiymətlər alır. Diana müəllimədən dərsi ona izah etməsini xahiş etdə də, müəllimə hər dəfə “ona vaxtım yoxdur, başqa vaxt edərəm” deyərək izah etməmişdir. O, buna artıq dözə bilməyib 14 saylı məktəbə gedərək məktəbin direktoruna bu barədə məlumat vermək qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə səhər radələrində 14 saylı məktəbə gedərək ilk növbədə İnnarə müəlliməni görmək istəmiş, sonra İnnarə müəllimənin dərs keçdiyi sinfin qarşısına getmiş və qapını açıb İnnarə müəllimə ilə danışmaq istədiyini demişdir. O, İnnarə müəlliməyə Diananın riaziyyat fənnindən zəif olması barədə danışmağa başlayanda müəllimə ona “sənin qızın əvvəldən heçnə bilmirdi və ona nə qədər başa salsaq da, heç nə başa düşmür” demişdir. İnnarə ilə söhbət etdikdə səsini daha da qaldıraraq onunla mübahisə etməyə başlamış, bu vaxt o, İnnarəyə direktorun yanına gedəcəyini və onun barəsində ərizə yazacağını bildirmişdir. Bundan sonra o, direktorun yanına gedərək bu barədə ona danışmış, direktor ondan ərizəsini götürməsini və bu məsələ ilə bağlı tədbirlər görəcəyini bildirmişdir. Lakin sonradan İnnarə müəllimə tərəfindən Dianaya anası haqqında mənfi xoşagəlməz sözlər deyildiyini eşitmiş və xx.xx.2023-cü il tarixdə məktəbə gedərək məsələ ilə maraqlanmaq istəmiş, məktəbə gəldikdə İnnarə müəllimə ilə qarşılaşmış və İnnarə müəlliməyə direktorun yanına gedərək onu barəsində şikayət etmək istədiyini demişdir. Lakin İnnarə müəllimə ona nalayiq ifadələr işlədərək təhqir etmiş, sonra o direktorun otağına getmiş və İnnarə müəllimə ora gəldikdən sonra aralarında münaqişə yaranmış, münaqişə zamanı müəllimələr də müdaxilə etmiş, bu zaman sol əli İnnarənin üz nahiyyəsinə toxunmuşdur. Onun İnnarəni vurmaq niyyəti olmamışdır, belə ki, biləyindəki qolbaq onun üzünə dəymişdir. Daha sonra onları ayırmışlar və o, məktəbdən çıxaraq yaşadığı evə getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində yerləşən 14 saylı tam orta məktəbdə riaziyyat fənni (rus dili bölməsi) üzrə müəllimə işləyir. Diana Cerevcenko həmin məktəbdə 9-cu sinfində təhsil alır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində işlədiyi məktəbdə sinif otağında şagirdlərə dərs keçirmiş, bu vaxt Diananın anası X2 sinif otağının qarşısına gəlmiş və onu bayıra çağırmışdır. O, Svetlanaya məhəl qoymamış, bundan sonra Svetlana onu sinif uşaqlarının qarşısında təhqir etmiş, o, sinif otağının qapısını bağlamışdır. Təxminən 5 dəqiqə sonra direktor Arzu İbrahimova onu otağına dəvət etmiş, həmin vaxt Svetlana və müəllim Səadət Əliyeva da, direktorun otağında olmuşlar. Bundan sonra Arzu İbrahimova otağı tərk etmiş, sonra Svetlana onun üzərinə gedərək sözlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Svetlana onun saçından tutaraq yumruqla iki dəfə onun sifət nahiyəsinə zərbə endirmiş və otaqda olan Arzu İbrahimova onları ayırmışdır. Daha sonra o, otaqdan çıxaraq getmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, 15 noyabr 2024-cü il tarixdə Şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X6 Təcrübi və X5 şəhər şöbəsinin 30 noyabr 2023-cü il tarixli 600 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol saidin yuxarı – sağ gözün üst qapağında şişkinlik-qançır, sağ gözün ağlı qişasında qansızma, burun yəhərində sıyrıq - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15 noyabr 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək müəyyən məbləğdə inzibati cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın xarakterini, şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakretizə edən halları (himayəsində 3 uşağın olmasını) nəzərə alınır. Bundan başqa İXM-nin 32-ci maddəsinə əsasən inzibati xəta törədən şəxsin əməlini səmimi etiraf edərək peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib müəyyən məbləğdə inzibati qaydada cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 (üç yüz əlli ) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar