Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-182/2024 21.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Polis Şöbəsin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş 21 fevral 2024cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 21.40 radələrində Şirvan şəhəri F.Eynullayev küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, evlidir, himayəsində iki azyaşlı (4 yaş və 2 yaş) övladı var, usta işləyir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, 20 fevral 2024-cü il tarixdə saat 23.30 radələrində yolun kənarı ilə taksilər dayanan istiqamətdə gedərkən polis əməkdaşı onlara yaxınlaşaraq bu vaxt haradan gəlib hara getdiklərini soruşmuşlar. Onlar da dayısıgildən gəldiklərini bildirmişlər. Polis əməkdaşı “düz dayan, əlini cibindən çıxart, fərəqətdə dayan” deyərək onları sinəsindən itələmiş, onları polis şöbəsinə dəvət etmişdir. Bu zaman onlar polis əməkdaşı ilə razılaşaraq polis şöbəsinə getmişlər. Şirvan şəhər Polis Şöbəsində olarkən polis əməkdaşı yenə onlara qarşı təhqiramiz ifadələr işlətmişdir. O, polisin qanuni tələbinə tabe olmayacaq hər hansı hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nın polis əməkdaşı X2 bildirdi ki, Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən “Araba hamamı” deyilən kafenin qarşısından keçərkən üç nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb yaxınlaşmışlar. Onlardan hardan gəlib hara getmələri soruşulmuş, şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələri tələb olunmuş, lakin həmin şəxslər imtina etmiş, onlarla kobud danışmışlar. Həmin şəxslər nizam-intizama dəvət olunmasına baxmayaraq öz hərəkətlərinə davam etdiyindən Şirvan şəhər Polis Şöbəsinə aparılaraq növbətçi hissəyə təhvil verilmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 23:55 radələrində inzibati qaydada tutulmuş, 21 fevral 2024-cü il tarixdə saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi polis işçisi və ya hərbi qulluqçusu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən irəli sürdüyü qanuni tələblərə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, polis əməkdaşları Şəxs özünü təqdim etməyi, daha sonra isə polis şöbəsinə getməyi tələb etmişlər, Şəxs da özünü təqdim etmiş və polis əməkdaşları ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə getməyə razılaşmışdır. Bu hərəkətlər isə onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Protokolu tərtib etmiş şəxs tərəfindən isə Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-182/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-182/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver