Məhkəmə qərarları › İş №3(032)-198/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-198/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-198/2024 05.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2006-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Şirvan şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında X3 məxsus "Redmi A2+" mobil telefonu xırda talamışdır. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin və zərərçəkmiş şəxs X2 izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanasında qonşuları xəstə olduğu üçün qan verməyə getmiş, daha sonra xəstəxananın qabağında olan vaxt evlə danışmaq üçün tanımadığı şəxsdən telefon istəmiş, o da konturu olmadığını bildirmişdir. Sonradan telefonun sahibi mağazaya gedərək kontur vurdurmuşdur. Sonradan həmin oğlanla yenidən rastlaşmış, xəstəxananın kafesinə gedərək oturub çay içmişlər, o, zəng etmək üçün telefonu adını sonradan bildiyi X1 yenidən istəmişdir. Danışıb qaytarmaq bəhanəsi ilə telefonu götürüb xəsətəxananın ərazisini tərk etmiş və ordan da birbaşa Bakı şəhərinə gələrək, Bakı şəhəri 20 Yanvar ərazisində telefonu 30 manata satmışdır. Əməlindən peşman olması, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12.00 radələrində ailə üzvlərini xəstə yanına gətirmiş, ailə üzvləri xəstəxanada olduğu zaman o, xəstəxanadan bayıra çıxmış, xəstəxananın “acil” adlanan hissəsində ona 22-23 yaşlarında olan şəxs yaxınlaşmış, həmin şəxs xəstə bacısı ilə danışmaq üçün ondan mobil telefon istəmişdir. Lakin o, telefonundan konturun olmadığını bildirmişdir. Sonradan o xəstəxanaya yaxın ərazidə olan dükana getmiş və telefonuna kontur yükləyərək geri qayıtmışdır. Bu zaman adını sonradan bildiyi İlkin ona yenidən yaxınlaşaraq danışmaq üçün mobil telefonu istəmiş, o da, mobil telefonunu həmin şəxsə vermişdir. İlkin biraz aralıqda mobil telefonla danışmış, danışdıqdan sonra mobil telefonunu qaytarmışdır. Sonra İlkin ona Şirvan şəhərində qonaq olduğunu, soyuqdan üşüdüyünü demiş, o da İlkini xəstəxananın yaxınlığında yerləşən çayxanaya çay içməyə dəvət etmişdir. Orada onlar təxminən 10 dəqiqə əyləşib çay içmiş, yenidən həmin şəxsin ondan mobil telefonunu istəmiş, o da vermiş, təxminən 20 dəqiqədən sonra həmin şəxsin qayıtmadığından çayxanadan çölə çıxmış, ətraflarda axtarmış, lakın tapa bilməmişdir, ona məxsus mobil telefonun “REDMİ A23" markalı olmuş və ona 285 manat maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə X2 şikayəti əsasında xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Şirvan şəhəri Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən mayxanada tanımadığı şəxs ona məxsus olan "Redmi A2+" markalı mobil telefonu danışmaq adı ilə ondan həmin şəxsin adlığını, lakin geri qaytarmadığını, ona qarşı dələduzluq edildiyini bildirmiş, lakin Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X4 ilə barışdıqlarını, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1 və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxlə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1 və 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar