Məhkəmə qərarları › İş №3(032)-2/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-2/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-2/2025 16.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakları ilə, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası DİN-nin DYPB-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25042882 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X1 Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25042882 nömrəli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə barədə qərarın qanunsuz hesab edilməklə ləğv edilməsi, başlanmış inzibati xəta haqqında iş üzrə icraata ona münasibətdə xitam verilməsi və icraatın inzibati xətanın törətmiş şəxs barəsində aparılması üçün işin yenidən səlahiyyətli orqana göndərilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən X6 ona məxsus “Mercedes Benz E220 CDİ” minik markalı, ** TF *** nömrəli qeydiyyat nişnalı avtomobillə Hacıqabul-Horadiz yolunun 24-cü km-də hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və bu barədə xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25042882 nömrəli inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Lakin elektron informasiya sisteminə inteqrasiya olunmuş məlumatlara əsasən nəqliyyat vasitəsindən istifadə hüququ sonuncu etibarnamə üzrə ona həvalə edildiyindən inzibati tənbeh vermə haqqında qərar onun barəsində qəbul edilmişdir. Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25042882 nömrəli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə harədə qərar istinad olunan əməldə inzibati xəta tərkibi olmadığından ləğv edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraata ona münasibətdə xitam verilməli və icraatın inzibati xətanı törətmiş şəxs barəsində aparılması üçün iş yenidən səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, istinad olunan inzibati xəta faktı müəyyən edilən zaman nəqliyyat vasitəsi onun faktiki istifadəsində olmuşdur. Özü “SOCAR”da işləyir, həmin vaxtı məzuniyyətdə olmuş və inzibati xəta onun tərəfindən törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxsin nümayəndəsi gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutlara qiymət verərək hesab edir ki, şikayət ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 25042882 nömrəli qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 20:14:44-də “Mercedes Benz E220 CDİ” minik markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X6 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, “məhkəmənin icraatında X3 AR DİNin Baş X11 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə 3(032)-2/2025 nömrəli iş vardır. Şikayətin dəlillərinə münasibətdə qeyd etmək istəyirəm ki, istinad olunan inzibati xəta faktı müəyyən edilən zaman nəqliyyat vasitəsi mənim faktiki istifadəmdə olmuş və xətanın obyektiv cəhətini bilavasitə öz hərəkətlərim təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraatın mənim barəmdə aparılması üçün işin yenidən səlahiyyətli orqana qaytarılması haqqında qərar qəbul olunmasını xahiş edirəm.” Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dizpozisiyasında göstərilmişdir ki, cvetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); inzibati cərimənin məbləği və ödənilməsi qaydası, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, X5 “Mercedes Benz E220 CDİ” minik markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Kamran Əliyevin barəsində tərtib edilmiş elektron qərardan narazı olmasına və şikayət etməsinə səbəb hadisənin onun tərəfindən deyil, X7 tərəfindən törədilməsidir. Həmçinin şahid qismində dəvət olunmuş Rüfət Əsgərov məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, inzibati xəta onun tərəfindən törədilmişdir. Məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Habelə qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X5 barəsində qəbul olunmuş qərar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 Bölməsinə göndərilməlidir. Material üzrə təkrarən araşdırma aparılarkən sürücü X2 İşlər Nazirliyinin Baş X11 İdarəsinə dəvət olunmalı, ondan müvafiq izahat alınmalı, sonuncunun irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutub, qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin DYPB-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25042882 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin X11 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar