Məhkəmə qərarları › İş №3(032)-206/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-206/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-206/2025 20.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Güdəcühür Ərazi Dairəsi, Güdəcühür kəndində yaşayan Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi, polis leytenantı X15 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 20 fevral 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 18 fevral 2025-ci il tarixdə o, özünə məxsus olan “VAZ 21011” markalı avtomobili ilə tanışı Mütəllimov Daşqını yaşadığı evə gətirmiş, Daşqın yaşadığı evin küçəsində avtomobildən düşmüş, daha sonra Əfqan Abbasovun yaşadığı evin həyətinə daxil olmuşdur. O, qapıdan görmüşdür ki, Əfqan Abbasovun yaşadığı evin həyətində mülki geyimli şəxslər var. Bundan sonra avtomobilindən düşüb onlara yaxınlaşmış, nə məsələ olduğunu soruşmuşdur. Polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, onların qanuni tələbinə tabe olmamış, daha sonra onu xidməti avtomobillərinə mindirərək şübhəli şəxs qismində şöbəyə gətirmişlər. Həmçinin bildirdi ki, axırıncı dəfə narkotik vasitə olan marixuanadan 10 gün bundan qabaq istifadə etmişdir. Əməlindən peşmandır. 2020-ci ildə İİ Qarabağ müharibəsi iştikaçısı olmasını, müharibə veteranı olmasını və əməlindən peşman olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik asitə və ya psixotrop maddəni istehlak etmişdir. Həmçinin ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Şirvan şəhər Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Kamran Abbaslı və Şirvan şəhər Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Ağa Bəşir tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş raportda qeyd edilmişdir ki, 18 fevral 2025-ci il tarixdə Şirvan ŞPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili X4 Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, dalan 4, ev 55 Q-də qeydiyyatda olmaqla yaşayan X9 yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlaması bardə daxil olmuş məlumat əsasında saat 16:57 radələrində Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, dalan 4, ev 55 Q-yə getmişlər. X9 yaşadığı evin həyətində yerləşən çörək sexinə baxış keçirilən zaman adını sonradan bildikləri X5 və X2 Abbasova məxsus olan çörək sexinə gəldilər. Həmin şəxslər onların Əfqan Abbasova məxsus olan evin həyətində yerləşən çörək sexinə baxış keçirməklərinə maneçilik göstərməyə cəhd gösdərdilər. Həmin ünvanda səs-küy salaraq ictimai qaydanı və ictimai asayışı pozdular. Onları nizam-intizama dəvət etsələr də onlar qanuni tələblərinəə məhəl qoymayaraq qanunazid hərəkətlərini davam etdirdilər. X3 və X1 şəhər polis şöbəsinə gətirdik. Onları Şirvan ŞPŞ-nin Növbətçi hissəsinə təhvil vermişlər. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:10-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə 12:00-da azad edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, X5 və Şəxs barələrində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, X5 və Şəxs barələrində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2025-ci il tarixli, 971 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda abstinnesiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində davam edən İİ X6 iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digərəlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən Marixuana (kannabis) – narkotik vasitə kimi qeyd edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Həmin məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin İİ X6 iştirak etməsini və “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medallarla təltif olunmasını, əməlindən səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Mahmudov X8 Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İXM-nin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyindən göründüyü kimi Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkololi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X7 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar