Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-211/2025 05.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının Prokurorluğu Şirvan şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər Şirvan Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında görünür ki, hüquqi şəxs "xxxx" MMC - onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi vəzifə təlimatına əsasən marketin daxili işinə və satış prosesinə nəzarət həyata keçirmək vəzifəsi olan və tabeliyində işçilər olan adminstrator (mağaza müdiri) X6 tərəfindən MMCnin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və səlahiyyətlərini həyata keçirərkən xx.xx.2025-ci il tarixdə rəfdəki məhsulların keyfiyyətini və satışa yararlığını yoxlamaq vəzifəsi olduğu halda yoxlanışı etməyərək istehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılmasına səbəb olmuşdur, buna görə də, Şəxs MMC Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X7, X9, X2 izahatları, arayış, X3 izahatına əlavə edilmiş qəbzlər və diskə baxış keçirilməsi haqqında protokol ilə sübut olunur. Məhkəmə iclasında Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun köməkçisi X8 iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Şəxs MMC-nin baş ofisi Bakı şəhərində yerləşir, sözügedən məsələ ilə bağlı ona zəng edilmiş və məlumat verilmişdir. 25 yanvar 2025-ci il tarixdə saat 14:08-də alıcı xanım Şirvan şəhəri Tofiq İsmayılov küçəsində yerləşən OBA-Şirvan-9 marketinə yaxınlaşaraq “Palette” markalı BW10” Toz sarı rəngli saç boyası almış, həmin saç boyasının qiyməti 6 manat 79 qəpik təşkil etmişdir. Mağaza müdiri Günay xanımın deməsinə görə, xanım həmin məbləği ödədikdən sonra təkrarən yaxınlaşaraq bildirmişdir ki, rəfdə gördüyünə əsasən bu məhsul endirimdə olmalı imiş. Mağazada müştəri məmnuniyyəti nəzərə alınaraq aradakı 3 manat qiymət fərqi vətəndaşa qaytarılaraq müraciəti təmin edilmiş, vətəndaş qiymətlə bağlı heç bir şikayəti olmadan oradan uzaqlaşmışdır. Qısa bir müddətdən sonra həmin, alıcı xanım bir daha mağazaya yaxınlaşaraq məhsulun son istifadə tarixinin keçdiyini bildirmiş, saç boyasını saçına tətbiq etdikdən sonra gözləri yaşardığını, allergik reaksiya verdiyini bildirmişdir. Həmin an mağazada sözlü mübahisə yaranmış, müştəri mağaza müdiri Günay xanımdan nəyə görə ona 6 ay vaxt keçmiş saç boyasının satıldığını soruşmuşdur. Bu hadisələrdən sonra şirkət tərəfindən məsələ araşdırılmış, adminstrator və bölgə müdiri ilə saxlanmış və onlara müvafiq tapşırıqlar verilmişdir. Lakin vətandaşın verdiyi saç boyası qutusunun həqiqətən də Oba Marketdən aldığı saç boyası olduğunu təsdiq edən heç bir sübut yoxdur, ola bilər ki, həmin saç boyası başqa mağazadan alınmışdır bu baxımdan işlə bağlı çoxsaylı şübhələr vardır. Odur ki, iş üzrə inzibati tənbeh tətbiq edildiyi təqdirdə aşağı həddə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində X7 ifadə verərək göstərdi ki, 25 yanvar 2025-ci ildə saat 14:00 radələrində Şirvan şəhəri Tofiq İsmayılov küçəsinda yerləşən Oba Marketə daxil olaraq özünə saç boyası almaq istəmiş və bunun üçün rəfləri gəzməyə başlamışdır. Hər zaman “Palette” markalı saç boyasından istifadə etdiyi üçün yenə də adəti üzrə həmin saç boyasını piştaxtadakı rəflərdə axtarmağa başlamışdır. Oradakı rəflərdə çoxlu sayda müxtəlif markalara məxsus saç boyaları olsa da o “Palette” markalı saç boyasını seçərək kassaya yaxınlaşmış, həmin saç boyası üçün 6.79 manat pul ödəmişdir. Bundan sonra həmin saç boyasını götürüb evə yaxınlaşmış və saç boyasını saçlarına tətbiq etmişdir. Boyanı saçına qoyandan bir neçə dəqiqə sonra baş dərisində və gözlərində göynəmə başlamış, özünü pis hiss etmiş və dərhal nəyinsə düzgün olmadığını anlayaraq saç boyasının qutusuna daha diqqətlə baxmağa başlamışdır. Qutuya baxarkən boyanın son istifadə tarixinin 2024-cü ilin iyul ayında artıq çoxdan bitdiyini görmüş və ona məlum olmuşdur ki, artıq bu boyanın saxlanılma müddəti 6 ay əvvəl bitib. Saçını dərhal qurulayaraq həmin boyanı aldığı Oba Marketə yaxınlaşmış, piştaxtadakı digər məhsullara baxış keçirəndə o məhsulların da vaxtının çoxdan keçdiyini müşahidə etmiş və Günay adlı xanımdan nəyə görə vaxtı keçmiş məhsulları alıcılara satdıqlarını soruşduqda sonuncu susmuşdur. Orada məsul işçi olan Günay xanımdan mobil telefon nömrəsini alaraq və bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirərək oranı tərk etmişdir. Bundan sonra Ülkər Rəşidqızı adlı xanım onunla başqa nömrənin mobil nömrənin Whatsapp mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq məsələni araşdırıb əlaqə saxlayacağını, məsələni öz aralarında həll edəcəklərini bildirmişdir. Bundan sonra günlərlə vaxt keçməyinə baxmayaraq onlardan heç bir xəbər gəlməmişdir. O, artıq onları gözləyə bilmədiyindən 31 yanvar tarixdə yaşadığı Şirvan şəhərində yerləşən Mərkəzi xəstəxanadakı dəri həkimi olan X4 müraciət edərək baş dərisində yaranan allergik səpkiləri göstərmişdir və o ona müəyyən dərman resepti yazmış, hətta dərmanların təsir etməyəcəyi təqdirdə stasionar müşahidə altdında müalicə olumağını təklif etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-nin xx.xx.2021-ci il tarixli 611 saylı əmrdən (vəzifə dəyişikliyi haqqında) çıxarışdan görünür ki, X6 Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. ünvan 2 ünvanında yaşayan X3 Şirvan şəhər Prokurorluğuna verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 25 yanvar 2025-ci ildə saat 14:00 radələrində Şirvan şəhəri Tofiq İsmayılov küçəsinda yerləşən Oba Marketə daxil olaraq özünə saç boyası almaq istəmiş və bunun üçün rəfləri gəzməyə başlamışdır. Hər zaman “Palette” markalı saç boyasından istifadə etdiyi üçün yenə də adəti üzrə həmin saç boyasını piştaxtadaki rəflərdə axtarmağa başlamışdır. Oradakı rəflərdə çoxlu sayda müxtəlif markalara məxsus saç boyaları olsa da o “Palette” markalı saç boyasını seçərək kassaya yaxınlaşmış, Günay adlı Oba Marketin iççisi kassada ona məxsus "xxxx" ASC-nin plastik kartı vasitəsi ilə ödənişi həyata keçirmişdir. Həmin saç boyası üçün 6.79 manat pul ödəmişdir. Bundan sonra həmin saç boyasını götürüb evə yaxınlaşmış və saçı çox ağardığı üçün dərhal saç boyasını saçlarına tətbiq etmişdir. O illərdir ki, bu marka saç boyasını digər marketlərdən əldə edərək evdə saçlarına tətbiq edir. Boyanı saçına qoyandan bir neçə dəqiqə sonra baş dərisində və gözlərində göynəmə başlamış, özünü pis hiss etmiş və dərhal nəyinsə düzgün olmadığını anlayaraq saç boyasının qutusuna daha diqqətlə baxmağa başlamışdır. Qutuya baxarkən boyanın son istifadə tarixinin 2024-cü ilin iyul ayında artıq çoxdan bitdiyini görmüş və ona məlum olmuşdur ki, artıq bu boyanın saxlanılma müddəti 6 ay əvvəl bitib. Saçını dərhal qurulayaraq həmin boyanı aldığı Oba Marketə yaxınlaşmış və adını xatırlamadığı satıcı xanıma yaxınlaşaraq müdiriyyətin harada olmasını soruşmuş və o ona Günay adlı xanımı göstərmişdir. Bundan sonra, Günay adlı xanımdan nəyə görə vaxtı keçmiış məhsulları alıcılara satdıqlarını soruşduqda sonuncu susmuşdur. Onlarla biryerdə piştaxtadakı digər məhsullara baxış keçirəndə o məhsulların da vaxtının çoxdan keçdiyini müşahidə etmişdir. Həmin anda rəfdəki həmin məhsulların düzülüşünü öz telefonu ilə çəkmişdir.Orada məsul işçi olan Günay xanımdan mobil telefon nömrəsini (***- ***-**-**) alaraq və bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirərək oranı tərk etmişdir. Bundan sonra səhhəti ilə əlaqədar Bakı şəhərinə yollandığı zaman tanışı olan jurnalist Kəmalə xanıma bu əhvalatı danışdığı zaman o, sayt vasitəsi ilə həmin media məlumatını Oba marketlər şəbəkəsinin müdiriyyətinə yollamış və dərhal sonra özünü həmin şirkətin əməkdaşı kimi təqdim edən Ülkər Rəşidqızı adlı xanım onunla ***-***-**-** nömrəli mobil nömrənin Whatsapp mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq məsələni araşdırıb əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra o xanım ona zəng edərək kamera məlumatlarına baxış keçirdiklərini , onun haqlı olduğunu və ondan üzr istədiklərini , sağlamlığına dəyən ziynala bağlı təzminat ödəyəcəklərini bildirmişlər. Bundan sonra günlərlə vaxt keçməyinə baxmayaraq onlardan heç bir xəbər gəlməmişdir. O, artıq onları gözləyə bilmədiyindən 31 yanvar tarixdə yaşadığı Şirvan şəhərində yerləşən Mərkəzi xəstəxanadakı dəri həkimi olan X4 müraciət edərək baş dərisində yaranan allergik səpkiləri göstərmişdir və o ona müəyyən dərman resepti yazmış, hətta dərmanların təsir etməyəcəyi təqdirdə stasionar müşahidə altdında müalicə olumağını təklif etmişdir. ünvan 4 ünvanında yaşayan X2 Şirvan şəhər Prokurorluğuna verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 2021-ci ildən etibarən Şirvan Şəhəri Tofiq İsmayılov küçəsində yerləşən Oba Market MMC-də administrator vəzifəsində çalışır. Rəsmi əmək müqaviləsi vardır. Marketdə ondan başqa İsmayılov Rəsul, İsmayılova Dilarə, Müzəffərli Vasif, Kamran kimi işçilər çalışır.Gündəlik növbətçilik reyiminə uyğun olaraq hər biri növbə ilə 24 saat çalışırlar. Aylıq 650 manat əmək haqqını "xxxx" Bank ASC-nin plastik kartı vasitəsi ilə alır. 25 yanvar 2025-ci ildə saat 14:00 radələrində Şirvan şəhəri Tofiq İsmayılov küçəsində yerləşən Oba Marketə adını xatırlamadığı hündür boylu, orta yaşlı sarışın bir xanım daxil olaraq özünə saç boyası almaq istədiyini və bunun üçün rəflərin harada olmasını soruşmuşdur. Digər xanım əməkdaş ona boyaların olduğu rəfi göstərmişdir. Alıcı xanım saç boyasını seçərək kassaya yaxınlaşmış və kart vasitəsi ilə 6.79 manat dəyərində olan həmin məhsulu almışdır. Aldığı məhsul “ Palette” markalı saş boyası idi. Həmin xanım yaxınlaşaraq aldığı məhsulun endirimdə olduğunu və endirim kompaniyasına düşən saç boyası üçün 3 manat ödəməli olduğunu, artıq ödədiyi pulun qaytarılmasını xahiş etmişdir. O isə ona qalan 3 manat pulunu qaytarmışdır. Bundan 1 saat sonra alıcı xanım həmin saç boyasını götürüb marketə yaxınlaşmış və aldiğr saç boyasının son istifadə tarixinin bitdiyini bildirmişdir. Onlar onunla birgə rəfdə olan digər məhsullara da baxış keçirmişlər va oradakı məhsulların istifadə tarixləri müxtəlif tarixləri göstərirdi. Xanım aqressiv reaksiya bildirərək geri qayıtmışdır. O dərhal bununla bağlı bölgə müdiri Mahmudov Elçinə məlumat vermişdir. ünvan 6 ünvanında yaşayan X5 Şirvan şəhər Prokurorluğuna verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki,2019-ci ildən hazırki tarixədək Şəxs MMC-də Şirvan şəhəri üzrə bölgə müdiri olaraq çalışır. O, vəzifə təlimatıma uyğun olaraq bölgəsində olan mağazalara işçilərin işə götürülməsi, işdən çıxarılması, marketlərə dövri olaraq ziyarətlərin edilməsi və yerində nəzarətin həyata keçirilməsi kimi fəaliyyəti həyata keçirir. Şirvan şəhəri Tofiq İsmayılov küçəsində yerləşən OBA-9 marketi onun bölgə üzrə nəzarətindədir və həmin mağazanın müdiri isə Hüseynova Günay adlı xanımdır. O, həftədə ən azı 2 dəfə mağazalara ziyarət edərək aşkar olunan pozuntularla bağlı işçilərlə fərdi profilaktik söhhətlər aparır, kobud qanun pozuntusu olduğu taqdirdə isə şirkətin insan resursları şöbəsinə e-mail vasitəsi ilə məlumat verir. 25 yanvar 2025-ci il tarixdə mağaza müdiri Günay xanım ona zəng edərək bildirmişdir ki, qadın cinsli bir alıcı müştəri “Palette” markalı saç boyasının rəfdə kompaniyada olmasına və qiymətinin endirimdə olmasına baxmayaraq kassada ondan endirimsiz , yüksək qiymətin alınması ilə bağlı şikayət edib. Bundan sonra həmin qadına endirimdə olan digər saç boyası verilmiş və qalıq pulu qaytarılaraq yola salınmışdır. Günay xanımın deməsinə görə, bir neçə müddət sonra həmin xanım yenidən əlində saç boyasının qutusu ilə birgə mağazaya yaxınlaşaraq boyanın son istifadə tarixinin keçdiyini, nəyə görə ona belə bir məhsulun satıldığını və səhhətində problem yarandığını bildirmişdir. Daha sonra orada sözlü mübahisələr olmuş, müştəri mağazanı tərk edərkən şikayət edəcəyini bildirmişdir. Günay xanım bu məlumatları ona verdikdən sonra, xx.xx.2025-ci il tarixdə həmin mağazaya getmiş, ümumi yoxlanış apararaq rəfdəki məhsulların son istifadə tarixini yoxlaraq marketi tərk etmişdir. Bu hadisə ilə bağlı regional satış müdiri Hüseynov Rəşada, qida şöbəsindən Fuad bəyə və şirkətin hüquqşünası Tərlan adlı şəxsə məlumat vermişdir. Bakı şəhəri Xətai rayonu ünvan 8 ünvanında yaşayan Nümayəndə Şirvan şəhər Prokurorluğuna verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 2022-ci ildən hazırki tarixədək Şəxs MMC-nin hüquq departamentinin aparıcı hüquqşünası vəzifəsində çalışır. Hazırda həmin şirkətin idarə heyətinin sadri Natəvan İbrahimova tərəfindən verilmiş HŞ0005 nömrəli 26 aprel 2024-cü il tarixli etibamaməyə əsasən şirkətin nümayəndəsi qismində izahat verir. Vəzifə təlimatıma uyğun olaraq fəaliyyəti şirkəti dövlət orqanlarında, müvafiq icra hakimiyyəti orqanlarında və məhkəmə proseslərində təmsil etmək, hüquqi müqavilələri tərtib etmək və digər hüquqi tənzimləmələri həyata keçirməkdir. Şəxs MMCnin daxilində olan regionlar üzrə marketlər vardır və vətəndaşla hər hansı bir problem, alıcı narazılığı və ya şikayəti olduqda bu müraciətlə ilkin olaraq regional şöbə, daha sonra satış bölməsi, problem həll olunmadıqda isə hüquq departamenti məşğul olur. Marketlərə daxil olan məhsulların keyfiyyətinin və son istifadə tarixinin yoxlanması bildiyinə görə mağaza müdiri hesab olunan, əmək müqaviləsinə əsasən adminstrator adlandırılan şəxslərin vəzifəsinə aiddir. Buna baxmayaraq, həmin adminstratorların da fəaliyyətinə şirkətdaxili nəzarət də mövcuddur. Məsələnin mahiyyəti üzrə bildirmək istəyir ki, 25 yanvar 2025-ci il tarixdə saat 14:08-də alıcı xanım Şirvan şəhəri Tofiq İsmayılov küçəsində yerləşən OBA- Şirvan-9 marketinə yaxınlaşaraq “Palette” markalı BW10” Toz sarı rəngli saç boyası almış, həmin saç boyasının qiyməti 6 manat 79 qəpik təşkil etmişdir. Mağaza müdiri Günay xanımın deməsinə görə, xanım həmin məbləği ödədikdən sonra təkrarən yaxınlaşaraq bildirmişdir ki, rəfdə gördüyünə əsasən bu məhsul endirimdə olmalı imiş. Mağazada müştəri məmnuniyyəti nəzərə alınaraq aradakı 3 manat qiymət fərqi vətəndaşa qaytarılaraq müraciəti təmin edilmiş, vətəndaş qiymətlə bağlı heç bir şikayəti olmadan oradan uzaqlaşmışdır. Qısa bir müddətdən sonra həmin, alıcı xanım bir daha mağazaya yaxınlaşaraq məhsulun son istifadə tarixinin keçdiyini bildirmiş, saç boyasını saçına tətbiq etdikdən sonra gözləri yaşardığını, allergik reaksiya verdiyini bildirmişdir. Həmin an mağazada sözlü mübahisə yaranmış, müştəri mağaza müdiri Günay xanımdan nəyə görə ona 6 ay vaxt keçmiş saç boyasının satıldığını soruşmuşdur. Bu hadisələrdən sonra şirkət tərəfindən məsələ araşdırılmış , adminstrator və bölgə müdiri ilə saxlanmış və onlara müvafiq tapşırıqlar verilmişdir. Bölgə müdiri Elçin Mahmudov da 1 gün sonra həmin mağazaya gedərək məhsulları yoxlamışdır və deməsinə görə 1 gün sonra oraya gedəndə son istifadə tarixi keçmiş məhsul aşkarlamamışdır. xx.xx.2025-ci il tarixli satış qəbzindən görünür ki, 01 ədəd “Palette BW10” toz sarı adlı saç boyasının qiyməti 6.79 manatdır. Sanal çekin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:08 radələrində Şəxs MMC-dən 01 ədəd “Palette BW10” toz sarı (kod **********448) saç boyası (qiyməti 6.79 manat) alınmışdır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şirvan şəhər prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X8 icraatında olan 53m-25 nömrəli material üzrə Şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş video görüntünün olduğu diskə Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutmaqla baxış keçirmiş və Azərhaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələblərinə uyğun olaraq baxışın gedişi və nəticələrinə dair hazırki əxs protokolu tərtib edir, Diski istifadəsində olan “HP” komputerinin prosessoruna qoyduqda 1 ədəd video olduğu görünür. Həmin video 5 dəqiqə 45 saniyədən ibarət olmaqla xx.xx.2025-ci il tarixdə, saat 14:08-də çəkilmişdir. Videodan görünür ki, X7 marketə daxil olur. Mülki geyimdədir və mağazanın əməkdaşı ilə danışaraq saç boyalarının olduğu rəfə doğru yeriyir. Marketin əməkdaşı ilə birlikdə saç boyası seçir. Marketin əməkdaşı saç boyalarının növlərini vətəndaşa göstərir və məhsul barədə ona məlumat verir. Vətəndaş saç boyasını seçdikdən sonra kassaya yaxınlaşır. Kassir kompüter vasitəsi ilə məhsulun satışını icra edib saç boyasını sellofan torbaya qoyur və vətəndaşa təqdim edir. Vətəndaş məhsulun satış çekini aldıqdan sonra marketi tərk edir, bir müddət sonra marketə geri qayıdır və əlqol hərəkətləri ilə narazılığını bildirir, satıcı ilə birlikdə yenidən məhsulun olduğu rəfə gəlir. Müəyyən müddət ərzində Güladə həm satıcı, həm də də kassir ilə sözlü mübahisə aparır, daha sonra satıcı tərəfindən ona əskinaz və qəpiklər qaytarılır. Videogörüntünün davamında Güladənin marketdə saç oyalarının satıldığı rəflərin qarşısına gələrək oradakı satıcılarla sözlü mübahisələr apardığı və bu zaman saç rənginin dəyişdiyi görünür. Güladə əlindəki saç boyasının qutusunun üzərindəki son istifadə tarixini satıcıya hiddətli formada göstərir, satıcı təşvişə düşərək dərhal rəfdə olan bütün saç boyalarının tarixinə baxır. Daha sonra vətəndaş marketi tərk edir. Bununla da videoçəkiliş başa çatır. Baxış saat 15:40-da başladı, saat 15:55-də başa çatdı. Diskin baxışı aparıldıqdan sonra disk prosessordan çıxarılaraq zərfə qoyuldu, Şirvan şəhər prokurorluğunun “Zərflər üçün” möhürü ilə möhürləndi və araşdırma materiallarına əlavə edildi. Fotşəkillərdən görünür ki, “Palette BW10” toz sarı adlı saç boyasının istifadə müddəti 07/2024-cü ilə qədər müəyyən edilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş diskə baxış keçirilmişdir. Baxış zamanı “diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolda” qeyd olunan hallar ardıcıllıqda müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXV fəslinə aid edilmiş İXMin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ticarət qaydaları əleyhinə olan olan xətalardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni saxlama müddəti ötmüş məhsulların satılmasına fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinin ikinci və üçüncü abzaslarına əsasən tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən qida məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Həmin Qanununun 13-ci maddəsinin tələblərinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir. Həmin Qanununun 14-cü maddəsinin 6-cı hissəsinə əsasən ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Qanunun tələbinə görə satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə həmçinin Oba Market” MMC-nin nümayəndəsi Nümayəndə izahatlarını özünümüdafiə xarakterli məzmunlu hesab edərək, həmin halları (məhsulun həmin mağazadan alınmadığına dair) təsdiq edəcək hər hansı sübutları məhkəməyə təqdim etmədiyindən iş üçün əhəmiyyətli hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin : 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMCnin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin minimum həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-211/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-211/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver