Məhkəmə qərarları › İş №3(032)-223/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-223/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-223/2024 06.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində məhkəmənin həyətində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin sahə rəisi X1 bildirmişdir ki, Şəxs polisin qanuni tələblərinə məhəl qoymamış və bunun nəticəsi olaraq onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatında bildirdi ki, qardaşıoğlu dörd aydır ki, həbsdədir. Özü işdə olduğu üçün görüşə bilmirdi. xx.xx.2024-cü il tarixdə məhkəmənin həyətində qardaşıoğlu Eyvazov Rafiqi polis əməkdaşları dustaq maşınından düşürən zaman onlara yaxınlaşmış, lakin polis əməkdaşı icazə olmadığını demişlər. Həmin vaxt əsəbi olmuş, həm də qardaşıoğlunun tutulmasına pis olmuşdur. Daha sonra polis əməkdaşı ona “səni də qardaşınoğlunun yanına atdıraram” sözlərini işlətmişdir. O da “atdır məni onun yanına” sözlərini deyərək polis əməkdaşı ilə mübahisə etmişdir. Etiraf edir ki, səhv etmişdir. Hazırda əməlindən peşmandır. Şirvan şəhər Polis şöbəsinin MSY-nin rəisinin müavini X2 məhkəmə iclasında izahatında bildirdi ki, xidmətdə olarkən Zaur Xəlilov ona zəng edərək bir nəfər şəxsin dustaqla görüşməsini bildirmiş, əməkdaş isə görüşə icazə olmadığını demişdir. O da bu barədə rəhbərliyə məlumat vermiş, PPXB-nün polis əməkdaşları ilə məhkəməyə gəlmişdir. Hətta şəxs əməkdaşa “ged işinlə məşğul ol, ağıllı ol” kimi ifadələr işlətmişdir. Şəxs həmçinin məhkəmə prosesinin gecikməsinə də səbəb olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində məhkəmənin həyətində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 mart 2024-cü il tarixdə saat 13:25-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına tənqidi yanaşaraq hesab edir ki, bu cür izahat özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, məhkəmə icraatı zamanı davranışını, nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 mart 2024-cü il tarixdən, saat 13:25-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar