Məhkəmə qərarları › İş №3(032)-237/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-237/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-237/2024 07.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 06 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Meydan” ərazisində qardaşı Elvin və tanışı Raufla birgə fit çalaraq səs-küy salmış, ictimai asayişi pozmuş, bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. O və qardaşı polisin qanuni tələblərinə əməl etmişlər. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə keçəsində yerləşən “Meydan” postunda xidmətdə olarkən 3 nəfər şəxs ucadan danışaraq fit çalmaqla, səs-küy salmış, içkili vəziyyətdə olmuşlar. Həmin şəxslərə yaxınlaşaraq onları nizamintizama dəvət etsələr də, onlar qanuni tələblərinə məhəl qoymadığı üçün həmin şəxslər, tərəflərindən PŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxslər Şirvan şəhər sakinləri Şəxs, Şahid2 və X1r. Şahid2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, qardaşı Elgün Böyükağa oğlu və dostları X2 ilə birlikdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Meydan” ərazisində qardaşı Elgün və tanışı Raufla birgə fit çalaraq nalayiq sözlər işlətmiş, ictimai asayişi pozmuş, bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Qardaşı Şəxs polisin qanuni tələblərinə əməl etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 06 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Meydan” postunda xidmətdə olarkən 3 nəfər şəxsin fit çalaraq ucadan danışdığını və nalayiq ifadələr işlətdiklərini görmüşlər, yaxınlaşaraq onları nizam intizama dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymadıqları və sərxoş olduqları üçün tərəflərindən PŞ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. Orada məlum olmuşdur ki, həmin şəxslər Şirvan şəhər sakinləri Şəxs, Şahid2 və X1r. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 05 mart 2024-cü il tarixli, 71 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan küçədə, ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, sərxoş halda səs-küy salması (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı, polis qurumunun əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilməsi özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. O ki, qaldı şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hallar aşkar edilmədi və sərxoş halda əməlləri törətməsi isə iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar