Məhkəmə qərarları › İş №3(032)-240/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-240/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-240/2025 04.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə , xx.xx.1989-cu ildə Hacıqabul rayon Rəncbər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli , işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:15-də Şirvan şəhəri 1 May küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. xx.xx.2025-ci il tarixdə, saat 01:15 radələrində Şirvan şəhərində 1 May küçəsində yaşadığı məhəllədə dayanan zaman polis əməkdaşı ona yaxınlaşaraq onun üstünə baxış keçirmişlər, üzərindən heç bir qanunsuz əşya aşkar edilməmiş, onu polis şöbəsinə dəvət etmişlər, o da polis əməkdaşları ilə razılaşaraq polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis nəfəri X1 izahat verib bildirdi ki, xx.xx.2025-cü il tarixdə saat 01:15 radələrində Şirvan şəhəri 1 May küçəsində xidmətdə olarkən 1 nəfər şəxsin özünü şübhəli aparmasını görüb şəxsiyyətini müəyyən etmək məqsədilə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etdikdə, o lüzumsuz hərəkətlər etməyə, yayınmağa çalışmışdır. Şəxsiyyətini müəyyən etmək məqsədi ilə həmin şəxsi polis şöbəsinə dəvət etdikdə ucadan səs-küy salmağa, özünə xəsarət yetirəcəyi ilə bağlı hədə-qorxu gəlməyə başlamış, dəfələrlə onu nizam-intizama dəvət etsələr də, şəxs onların qanuni tələblərinə məhəl qoymadan öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Polis Şöbəsinə dəvət edən zaman getməkdən imtina etmiş, daha sonra avtomobilə əyləşərək polis şöbəsinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə səs-küy salaraq ictimai asayişi pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir ; İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:20 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:30-da azad edilmişdir. İşin faktiki hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi 510-cu maddəsində ictimai qaydanı pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə, proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşına etiraz etmiş, bununla da polisin qanuni tələbinə tabe olmamışdır. Həmin vaxt Şəxs qəsdi ictimai qaydanı pozmağa yönəlməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 510-cu maddəsinin tərtkibi olmadığından, həmin maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa əməlindən səmimi peşman olmasını iş üzrə məsuliyyəti məsuliyyətini yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1ci, 43-cü, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1989-cu ildə Hacıqabul rayon Rəncbər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin və bir gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar