Məhkəmə qərarları › İş №3(032)-260/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-260/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-260/2025 10.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, X2 Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2007-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli , işləməyən, Şirvan şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN №1976693 saylı xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuşur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00.30 radələrində Şirvan şəhəri Xəqani küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 00.30 radələrində yaşadığı binanın qarşısında gəzərkən polis əməkdaşları ona yaxınlaşmış, üzərində axtarış aparmışlar, cibində bıçaq olduğunu görmüş, bundan sonra polis əməkdaşlarından biri onun üzünə sillə ilə vurmuşdur. O, buna görə səsini yüksəltmiş, lakin polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilərək polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 izahat verib bildirdi ki, xx.xx.2025-cü il tarixdə saat 00:30 radələrində Şirvan şəhəri Xəqani küçəsində xidmətdə olarkən 1 nəfər şəxsin nalayiq ifadələr işlədərək telefonla danışdığının şahidi olmuşlar, yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsi dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etmişlər buna baxmayaraq o öz əməllərinə davam etmiş və onları hədələyərək həmin yerdən uzaqlaşmaq istədiyindən həmin şəxsi Şirvan şəhər Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil verilmişdir. Şəxsin üzərinə şəxsi axtarış zamanı üzərindən 1 ədəd bıçaq aşkar edilmişdir. Sonradan həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:55 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2025ci il tarixdə saat 12.00-da azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə həkim məsləhət Komissiyası tərəfindən müayinə olunub. Diqanoz : F 92.8 Davranış və emosiyaların qarşıq pozuntu. Anamnezdə qıcolma tutulmaları. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan Şirvan şəhər Xəqani küçəsində, ətrafda insanların olduğu bir yerdə ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə səs-küy salması (şahid izahatları ilə də təsdiq olunur) kimi hərəkətləri məhz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir . Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğuna görə ona həmin maddə ilə inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, yetkinlik yaşına çatmayan şəxs olması olması nəzərə alınır. Bundan başqa məhkəmə tərəfindən İXM-nın 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsinin iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nın 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.2007-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli , işləməyən, Şirvan şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin və bir gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar