Məhkəmə qərarları › İş №3(032)-283/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-283/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-283/2025 16.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Şikayət vermiş şəxs Fərəcov Vəzir Vəkil oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Fərəcov Vəzir Vəkil oğlu tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs Fərəcov Vəzir Vəkil oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, o, xx.xx.2025-ci il tarixdə işçilərini sığorta etdirmişdir. İşçiləri xx.xx.2025-ci ildə sığorta olunmasına baxmayaraq, onlara xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2025-ci il tarixdə verdiyi qərar onların çörək sexinə xx.xx.2025-ci ildə təqdim edilmişdir. Vaxtında sığorta olunmalarına baxmayaraq sonradan yazılmış inzibati cərimənin geri götürülməsində köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Fərəcov Vəzir Vəkil oğlu izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan Regional şöbəsi tərəfindən onun vəzifəli şəxs qismində 1500 manat məbləğində cərimə olunmağı barədə qərar qəbul edilmişdir. Qərarı onlara xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Odur ki, şikayətin əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan Regional şöbəsinin nümayəndəsi X1 izahat verərək bildirdi ki, Fərəcov Vəzir Vəkil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Qərar məlumat üçün Fərəcov Vəzir Vəkil oğluna göndərilmiş, 24 fevral 2025-ci il tarixdə ona çatıdırılmışdır. X5 Vəkil oğlu qanunla müəyyən edilmiş müddət ərzində qərardan şikayət verməmişdir. Fərəcov Vəzir Vəkil oğlu qərardan şikayət vermə müddətini ötürdüyündən şikayətin geri qaytarılmasını xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan Regional şöbəsinin nümayəndəsinə məhkəmə bildirişi təqdim edilmiş, lakin Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan Regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Şikayət vermiş şəxsi, qərarı barəsində şikayət verilmiş şəxsin nümayəndəsini dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Lakin inzibati xəta haqqında materiala əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında məlumatdan görünür ki, Fərəcov Vəzir Vəkil oğlunun adına göndərilmiş inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə Fərəcov Vəzir Vəkil oğluna çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərindən göründüyü kimi inzibati tənbeh təyin etmə haqqında qərarından şikayət vermə müddətini ötürmüş şəxslər tərəfindən müddətin bərpası ilə müraciət etmək hüququna malikdirlər. X3 Məcəlləsinin 130.2-ci maddəsinin tələblərindən göründüyü kimi müddətin bərpası ilə bağlı şəxsin vermiş olduğu vəsatətə hakim və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılması nəzərdə tutulmuşdur. Yəni inzibati tənbeh təyin etmə haqqında qərarı qəbul etmiş orqanın və ya məhkəmənin qərarından verilmiş şikayət üzrə müddətin bərpası məsələsinə baxılması nəzərdə tutulmuşdur. Hazırkı halda barəsində tətbiq edilmiş inzibati tənbeh təyin etmə haqqında qərardan narazı qalan tərəf müddətin bərpası ilə bağlı olaraq həmin qərarı qəbul etmiş orqana müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana müraciət etmək etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Fərəcov Vəzir Vəkil oğlu tərəfindən verilmiş şikayət geri qaytarılsın. Fərəcov Vəzir Vəkil oğluna izah olunsun ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh təyin etmə haqqında qərardan şikayət vemə müddətinin bərpası barədə vəsatətlə həmin orqana müraciət etmək hüququ vardır. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar