Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-299/2025 29.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədirliyi Hüseynov Elvin Nizami oğlunun katibliyi Qərardan şikayət verən şəxs X12, İnzibati tənbeh vermə haqqında qərarından şikayət edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri X11 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan Regional Ərazi X1 barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə X12 şikayətinə baxaraq,məhkəmə MÜƏYYƏNETDİ X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şirvan-Salyan Regional Ərazi Şöbəsinin onun barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X8 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X15 təqsirli bilib 3000 manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edərkən qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarından görünür ki, X21 Xidməti X8 tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilmədən barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, X21 Xidməti X8 tərəfindən inzibati xəta hadisəsi aşkar edildiyi vaxtdan vəzifəli şəxsin barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol və inzibati tənbehvermə haqqında elektron qərar tərtib edilərək gücləndirilmiş elektron imzası ilə təsdiq edilib müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilməli idi. Lakin X21 Xidməti X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin qeyd olunan tələblərinə riayət etməmişdir. Bundan başqa X21 Xidmətinin X8 qərar qəbul edərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirməmişdir. Belə ki, X21 Xidmətinin X8 onun hər hansı bir işçini işə götürmək, onunla əmək müqaviləsi bağlamaq, onun işə götürən və işçini işə qəbul etmək və işçi ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinin olub-olmamasını müəyyən etməmiş, guya əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etdiyi şəxsin izahatını almamış, onun həqiqətən ona məxsus daş sexində işçi kimi fəaliyyət göstərib-göstərməməsini araşdırmamışdır. Şirvan şəhər prokurorluğu qərar qəbul edərkən heç bir araşdırmanı düzgün aparmamış, ondan və iş üzrə dindirilmiş olduğu şəxslərin izahatlarını təhrif etmiş, onlara təzyiq edərək ağ kağıza imza etdirmişdir. Bundan başqa fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınmış və fiziki şəxs kimi fəaliyyət göstərir. Lakin X21 Xidmətinin X8 onu vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X25 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Şikayətində qeyd etdiklərindən əlavə olaraq bildirmişdir ki, onun fəaliyyət göstərdiyi sexdə demək olar ki, işçi qüvvəsinə ehtiyac yoxdur, ümumiyyətlə sexdə ağır daşlarla iş görülür ki, daş üzrində də şəkil çəkilişini kompyuterləşdirilmiş avadanlıqlar vasitəsinə icrası həyata keçirilir. İzahatları verilən şəxslərin birinin eşitmə qabiliyyətində çətinliklər vardır, ümumiyyətlə əməyə yararlı şəxs deyil, digər şəxs başqa bir sexdə işçidir, üçüncü şəxs isə onun qohumudur və işin öyrənməsi üçün vaxtaşırı onun sexinə gəlmiş olsa da, faktiki olaraq heç bir işə cəlb edilmir və onunla əmək münasibətləri yoxdur. X3 qəbirsanlıq ərazisində bağbanlıq işlərini görür. Ümumiyyətlə də heç bir izahat vemiş şəxslə işçi münasibətlərində olmamışdır ki, onlarla əmək müqaviləsi bağlamış olsun. Məhz bu səbəbdən inzibati tənbeh qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti X6 nümayəndəsi X20 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, X2 fəaliyyəti ilə məşğul olan fərdi şəxsdir. Sifarişləri götürür, qəbir daşları düzəldir. Qəbir daşları sexdə hazırlanmalıdır, aparıb qəbirə qoyulmalıdır. Qəbirlərin üstlərinin götürülməsində işçilər cəlb edir. Heç bir işçiylə əmək müqaviləsi bağlamamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X25 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, vəzifəli şəxs X25 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, Muxtar Cabbarini 5 ildir tanıyır. Ona məlumdur ki, Cabbari Muxtarın qəbir daşı sexi vardır. Hazırda da özü Mübariz Poladovun sexində fəhlə işləyir. Orada əmək müqaviləsi əsasında işləyir. Şirvan şəhər prokurorluğunda verdiyi izahatı oxumamışdır. Ümumiyyətlə yazılanlarla hazırda məhkəmə iclası zamanı xəbər tutur. Prokurorluqda olan zaman Muxtar Cabbarinin qəbir daşı sexində işlədiyini deməmişdir. Araşdırma zamanı yazılanlarla razı deyildir və həqiqəti əks etdirmir. O, Cabbari Muxtarın sexində işləməmişdir, aralarında işçi münasibətləri belə olmamışdır. X4 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Cabbari Muxtarı müəyyən zamandır tanıyır. Onunla tanışlıqlarının olmasına baxmayaraq bir yerdə işləmir. Belə ki, o, Şirvan el qəbirsanlığında bağban olaraq müəyyən işlər görür. Qəbirlərin ətrafına gül əkir, onlara qulluq edir, təmizlik işlərini görür və xidmətinin haqqını ölmüş şəxslərin qohumları və ya tanışları verir. Prokurorluqda verdiyi izahatından xəbəri yoxdur, orada heç bir izahatı oxumamış, latın əlifbası ilə oxuya bilmir, ümumiyyətlə orta təhsil savadı belə olmadığından baş verə biləcək hallardan xəbərdar belə olmamışdır. İzahatının fərqinə vamamış bu səbəbdən imzaladığı sənədi oxumadan imza etmişdir. O, Muxtar Cabbarinin sexində işləmir, hətta sağlamlığı onun həmin sexdə işləməsinə imkan vermir. X10 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Muxtar Cabbarinin həm qohumu, həm də qonşusudur. Hazırda işsizdir. Qəbirstanlığa qəbir daşlarına şəkil vurulmasını öyrənməyə gedir. Ona iş tapşırılmır. X32 baxır, onun işlərini izləyir, hər hansı işlərin görülməsinə belə cəlb edilmir. Sadəcə kömək lazım olanda konkret olaraq işlərin icrası ilə yox, kənar şəxsi işlərin icrası zamanı kömək edir. Muxtar Cabbarinin işlədiyi sexə həftə ərzində 3 ya 4 dəfə gedir ki, ancaq onun üçün iş kimi deyil, istədiyi zaman gedir, istədiyi zaman isə öz şəxsi işləri ilə məşğul olur. Bu zamana kimi sexdə hər hansı işin icrasına cəlb edilməyib. Prokurorluqda verdiyi izahatı oxumamışdır. Məhkəmədə verdiyi izahat kimi izahat vermiş, düşünmüşdür ki, orada da verdiyi izahat olduğu kimi yazılmış və bu səbəbdən izahatını oxumadan imzalamışdır. Onu da qeyd etmişdir ki, işi hələ öyrənməmişdir. Muxtar Cabbari ilə aralarında işçi münasibəti olmamış, münasibətləri sexdə təcrübə tələb edən işlərin öyrənməsindən irəli gələn münasibət olmuşdur. Məhkəmənin şikayətlə bağlı istinad etdiyi hüquq normaları: Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair) şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir.( Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair) Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin maddələrini, konstitusiya məhkəməsinin mövqeyi və beynəlxalq normaların dispozitiv şərtləri ilə göstərilən hadisənin xüsusatlarını qarşılıqlı olaraq müqayisə edərək aşadıkı nəticələrə gəlmişdir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçiləri işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə X27 AR CM- 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə barəsində 3000 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Əmələ hüquqi qiymət verilərkən onun tərkib əlamətlətrinin göstərilən normanın tərkib əlamətləri ilə ehtiva olunması zəruri hüquqi prosesdir. Maddənin dispozitiv şərtindən də aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş olsun. İş materiallarından X12 hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması və AR İXM-nin 192.1-ci maddəsinin subyekti olmasını istisna edən hər hansı bir halın olmadığı şikayət edilən xüsusatın mübahisəsiz halıdır. Tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarından və məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlardan görünür ki, inzibati məsuliyyətə cəlb olunmaya səbəb olan, işçi adlandırılan şəxslərin- X9, X14 və X17 ehtimallara əsaslansaq ki, işəgötürənə məxsus sexdə olmuşlar, lakin işəgötürənin əsas fəaliyyət sahəsinə dair işləri, onların mütəmadi, sistematik və davamlı xarakter daşımaqla görməsi kimi qiymətləndirilməsi, işəgötürənin həmin şəxslərlə işçi münasibətləri olması qənaətinə gəlinməsi işəgötürənin lüzumsuz sanksiyaya məruz qalmasına səbəb olar. İşəgötürən ümumiyyətlə qeyd edilən şəxsləri işə cəlb etmədiyini bildirmiş, hər hansı bir qəbir daşı ilə bağlı müəyyən zaman aralığında başqa şəxsləri köməyə çağırmasını məhkəmə zalında bildirməsi isə münasibətin birdəfəlik və ya qeyri-mütəmadi olmaqla daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə məhkəmə hesab edir ki, əmək münasibətləri kimi hesab edilə bilməz. Həmçinin həmin şəxslər məhkəmə iclasında verdikləri izahatlarında həmin sexdə işləmədiklərini, ümumiyyətlə hər hansı işlərə cəlb edilmədiklərini bildirməsi qəbul edilmş qərarın qanuni və əsaslılığını şübhə altına alır. Habelə hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur edilməsi halı məhkəmə tərəfidən müəyyən edilməmişdir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X18 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Yəni qanunvericilik hadisənin hüquqi qiymətləndirilməsinin ilk addımı kimi şəxsin təqsirlilik məsələsinin səlahiyyətli orqan tərəfindən müəyyən edilməsini göstərir. Şəxsin əmək hüquqları əleyhinə inzibati xəta törətməsinə dair sübutları araşdırarkən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işçi olaraq istinad olunmuş şəxslər ilk öncə, yəni prokurorluq orqanlarında izahat verərkən qeyd edilən sexdə işlədiklərini bildirmiş olsalar da, sonradan orada işləmədiklərini məhkəmədə söyləmələri artıq həmin xüsusatın ziddiyətli və şübhəli məqam olduğunu ortaya qoyur. Habelə həmin şəxslərin orada işləməsini təsdiq edən hər hansı digər sübutların olmaması vurğulanan qərarın(protokolun) birtərəfli tərtib edilməsini göstərməklə, işəgötürən barəsində qanunsuz cərimə tətbiq etmək məqsədi güdülməməsi fikrinin yaranması qətiyyətini yaratmır. Hətta işçi adlandırılan X7 eşitmə əngəlli olmaqla yanaşı latın əlifbası ilə yazıb oxuya bilmədiyini bildirməsi sonuncunun araşdırma orqanında verdiyi izahatının həqiqiliyini şübhə altına alır. Məhkəmə X9, X14 və X17 işçi olaraq orada müəyyən əmək funksiyasına cəlb edilmədiyim, ümumiyyətlə onların fəaliyyəti Cabbari Muxtarın rəhbəri olduğu sexin fəaliyyətinin əsasını təşkil etmədiyi qənaətinə gəlmişdir. Halbuki həmin protokolları tərtib etməkdə səlahiyyətli orqanın əsas məqsədi işçilərin hüquqlarının pozulmasının qarşısını almaq, onların əmək müqaviləsi olmadan işlərə cəlb edilməsinin yolverilməzliyi barədə qanunvericiliyin tələblərini tətbiq etmək olsa da, araşdırma zamanı həmin şəxslərin ilk öncə işlərə cəlb olunmadığı, həmçinin işçi olmadıqları müəyyən edilmişdir. X17 iş öyrənmək üçün müxtəlif zamanlarda X12 yanında olması mülki münasibətləri tənzimləyən mülki hüquq normaları olduğundan onlar azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər ki, bu da əmək müqaviləsi qanunvericiliyi ilə tənzimlənmir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXİ fəslinə aid edilmiş İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta siyasi, sosial və əmək hüquqları əleyhinə olan xətadır və həmin inzibati xətanın obyektiv cəhəti Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Hazırki halda şikayət və onun dəlillərini, iş materiallarını, şəxs barəsində tərtib edilmiş qərar(protokolu)ları incəliyərkən müəyyən edildi ki, səlahiyyətli orqan - əmək müfəttişliyinin müvafiq qurumu, qanunla şəxsin ittiham edildiyi maddənin dizpozisiyasında göstərilmiş əməlin obyektini və obyektiv cəhətini düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. AR İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Belə olan halda da məhkəmə hesab edir ki, X12 barəsində X21 Xidmətinin X6 rəisi Anar Xıdırov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-nin 53.1.2-ci maddəsinə əsasən ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cu maddələrini rəhbər tutub, QƏRARALDİ: Şikayət təmin edilsin. X12 barəsində X21 Xidmətinin X6 rəisi Anar Xıdırov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığına görə ləğv edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-299/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-299/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver