Məhkəmə qərarları › İş №3(032)-323/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-323/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-323/2025 07.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şirvan şəhəri Ş.Qurbanov küçəsi ev 47 ünvanında yerləşən Şəxs MMC (VÖEN : **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolu görə, hüquqi ünvanı Şirvan şəhəri Ş.Qurbanov küçəsi ev 47 olan Şəxs MMC 90000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də 41757.30 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs MMC-də anbardar vəzifəsində işləyir. Şəxs MMC-də "xxxx" arasında xx.xx.2022-ci tarixli müqavilə bağlanmışdır. Həmin vəsait müqabilində sifariş verilmiş malların hamısı ölkəyə idxal olunmuş və təyinatı üzrə istifadə edilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinə məhkəmə bildirişi verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Bir tərəfdən Şəxs MMC , bundan sonra alıcı nizamnamə əsasında fəaliyyət göstərən direktor Coşqun Əliyevin şəxsində və "xxxx" MMC, bundan sonra təchizatçı, nizamnamə əsasında fəaliyyət göstərən direktor Ahmat Tufanın şəxsində digər tərəfdən, bundan sonra tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, CC/11/22 saylı müqavilədən görünür ki, 1.1. tədarükçü bundan sonra mal adlandırılacaq , RU-1Ş və RU-1 tipli, təmirə yararlı, istifadə olmuş dəmiryolu yük vaqonlarının təkər cütlərini hazırki müqavilənin şərtləri daxilində alıcıya tədarük etməyi, alıcı isə həmin malı partiyalarla qəbul edib hazırki müqavilənin şərtləri daxilində qiymətini ödməyi öhdəsinə götürür. 1.2 malların adı, xüsusiyyətləri, miqdarı, qiyməti, çatdırılma müddətləri və şərtləri spesifikasiyalarda müəyyən edilir, hansılar ki, tərəflər tərəfindən imzalandıqdan sonra bu müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavələr kimi qəbul edilir. 1.3. Mallar Rusiya Federasiyası ərazisində yerləşir, malların Rusiya Federasiyası ərazisinə idxalı ilə bağlı bütün zəruri gömrük ödənişləri Tədarükçü tərəfindən tam şəkildə ödənilir. CC/11/22 nömrəli 01.11.22 tarixli 1 nömrəli spesifikasiyadan görünür ki, 1.1. miqdarı 5000 ton, ölçü vahidinin qiyməti 200.00 ABŞ dolları olan təcridedici boruların ümumi dəyəri 1000000.00 ABŞ dollarıdır. Tədarük tarixi : xx.xx.2023-cü ilədək. **********7372 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına (VÖEN **********) Türkiyə Respublikasında fəaliyyət göstərən "xxxx" MMC -dən 39AA153/39AA154 nömrəli nəqliyyat vasitəsində gələn dəmirdən və ya aşqarlanmamış poladdan sinklənmiş vərəq, hot dipped galvanized coil.1250*0.4 Rulon formasında. Diametri 610 mm xx.xx.2025-ci il tarixdə Astara keçid məntəqəsi “Şirvan” gömrük postundan keçmişdir. **********3138 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına (VÖEN **********) Türkiyə Respublikasında fəaliyyət göstərən "xxxx" MMC -dən 39AA311/35AA332 nömrəli nəqliyyat vasitəsində gələn dəmirdən və ya aşqarlanmamış poladdan sinklənmiş vərəq, Rol hot ghalvanized roll size.1000*0.4 Rulon formasında. xx.xx.2025-ci il tarixdə Biləsuvar keçid məntəqəsi “Şirvan” gömrük postundan keçmişdir. **********9817 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına (VÖEN **********) Türkiyə Respublikasında fəaliyyət göstərən "xxxx" MMC -dən 99AG151/99AG152 nömrəli nəqliyyat vasitəsində gələn dəmir süngər (dəmir tullantılarından alınmış ,təkrar emal üçün xammal). Sponge İron (dımir süngər) Briket formalarında xx.xx.2025-ci il tarixdə Biləsuvar keçid məntəqəsi “Şirvan” gömrük postundan keçmişdir. **********6656 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına (VÖEN **********) Türkiyə Respublikasında fəaliyyət göstərən "xxxx" MMC -dən 30AB355/98AL607 nömrəli nəqliyyat vasitəsində gələn dəmirdən və ya aşqarlanmamış poladdan külçələr. Steel Billet 8000*8000*1700-257 ədəd xx.xx.2025-ci il tarixdə Biləsuvar keçid məntəqəsi “Şirvan” gömrük postundan keçmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1№-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğlərini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatdan müəyyən olunur ki, "xxxx" ASC-i vasitəsilə "xxxx" MMC- nin hesabına Şəxs MMC-i tərəfindən xx.xx.2023-cü il tarixdə 41757.30 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüş, Türkiyə Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-dən 39AA153/39AA154 nömrəli , 39AA311/35AA332 nömrəli , 99AG151/99AG152 nömrəli və 30AB355/98AL607 nömrəli nəqliyyat vasitələrində gələn yüklər xx.xx.2025, xx.xx.2025 , xx.xx.2025 və xx.xx.2025 -ci il tarixlərdə Astara və Biləsuvar keçid məntəqəsinin “Şirvan” gömrük postundan keçərək Azərbaycan Respublikasına idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə xatırladır ki, Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMCnin hərəkətlərində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şirvan şəhəri Ş.Qurbanov küçəsi ev 47 ünvanında yerləşən Şəxs MMC (VÖEN : **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar