Məhkəmə qərarları › İş №3(032)-35/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-35/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-35/2024 10.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə İnzibati xəta törətmiş Şəxs, X1, İnzibati protokolu tərtib etmiş X3 iştirakları ilə xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhəri, T.İsmayılov küçəsi bina 7, mənzil 3 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:10 radələrində Şirvan ŞPŞ-nin inzibati binasında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 10 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidin ifadəsi ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23:28 radələrində DİN-nin 102 xidmətinə zəng edərək yol polis əməkdaşları idarə etdiyi “Mercedes” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomaşınını yolda hərəkətdə olduğu zaman saxladıqları üçün öz narazılığını bildirmişdir. Həmin vaxt sərxoş olduğundan yol polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində yaşadığı ərazinin sahə rəisi tərəfindən Şirvan şəhər Polis Şöbəsinə dəvət olunmuşdur. Polis Şöbəsində olduğu zaman əsəbi olduğundan və bilməyərəkdən polisin ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə onu nizam-intizama dəvət etmişlər. Lakin əsəblərini cilovlaya bilməmiş, sahə rəisinin xidməti otağında səs-küy salaraq polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X4 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 10 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:10 radələrində Şirvan ŞPŞ-nin inzibati binasında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş rapordan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN Növbətçi Hissələri Xİdmətlərindən daxil olmuş məktubda ünvan 1 ünvanında yaşayan Şəxs DİN-in 102 xidmətinə zəng edərək Şirvan ŞPŞ-nin əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətməsi göstərilmişdir. Bununla bağlı vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:10 radələrində tərəfindən Şirvan ŞPŞ-nə dəvət edilən zaman, o, PŞ-nin inzibati binasında onu polis şöbəsinə çağırmalarının əsassız olmasını bildirərək ucadan polisin ünvanına nalayiq söyüşlər söyərək, səs-küy salmağa başlamış, onu nizam intizama dəvət etsələr də, öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşına qarşı əl-qol hərəkətləri ilə hədələyici ifadələr işlədərək polisin qanuni tələbinə bilərəkdən tabe olmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:20-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:18-də DİN-in 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda Şirvan şəhəri, T.İsmayılov 7/3 ünvanında yaşayan Şəxs ***-***-**-** saylı nömrədən zəng edərək övladının ona göstərilməməsindən narazılıq etmişdir. Məhkəmə iclasında video yazının səsləndirilməsi zamanı Şəxs 102 xidmətinin operatoru ilə danışığı əks olunur, danışıq zamanı Şəxs onu saxlayan zaman polis əməkdaşlarını “şərəfsiz” adlandırır. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yerdə, polis şöbəsinin inzibati binasında ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə sahə müvəkkili ilə mübahisə etməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. O ki, qaldı şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal kimi nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində İXM-nin 34.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 09 yanvar 2024-cü il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar