Məhkəmə qərarları › İş №3(032)-351/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-351/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-351/2024 30.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , xx.xx.1970-ci ildə Əli-Bayramlı (indiki ünvan 1 ünvanında qeydiyyatda olan, Şirvan şəhəri Vidadi küçəsi dalan 2 ev 23 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Dövlət X7 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, M**********0001 nömrəli icarə üzrə müvafiq haqqı vaxtında ödəmədən açıq məkanda qanunsuz reklam yayımlanması barədə xx.xx.2024-cü il tarixli 11-3-7/2-241/2024 saylı bildiriş məktubunu icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, onun tərəfindən Şirvan şəhəri T.Ələkbərov küçəsində yerləşən “Dəniz market” obyektinə aid reklamların yerləşdirilməsi üçün icazə alınmış, lakin obyekti icarəyə verdiyindən icazə haqqını ödəməmişdir, hazırda vəzifəli şəxs kimi fəaliyyət göstərmir, VÖEN-i aktiv deyil. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, Şirvan şəhəri T.Ələkbərov küçəsində yerləşən “Dəniz market” obyektinin fərdi sahibkarı Şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi vaxtında yerinə yetirilməmişdir. Bu əmələ görə X9 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXİV fəslinə aid edilmiş İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta iqtisadi fəaliyyət qaydaları əleyhinə olan xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş : xx.xx.2024-cü il tarixli 000215 saylı “açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması ” aktdan görünür ki, M**********0001 müraciəti üzrə icazəyə görə müvafiq haqqın vaxtında və ya tam ödənilməməsi yayın haqqı borcu ( ƏFV) ilə 288 manat 86 qəpikdir. Akt reklam yayıcısı Şəxs tərəfindən imzalanmamışdır . 000216 saylı «Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə» yazılı göstərişdən görünür ki, Şirvan şəhəri T.Ələkbərov küçəsində yerləşən “Dəniz market” obyektində açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və yerləşdirilməsi üçün verilmiş 01 may 2023-cü il tarixli,M**********-0001 nömrəli icazədə nəzərdə tutulan yayım haqqının 5 gün müddətində ödənilməsi tələb olunur. Bu tələblər yerinə yetirilmədikdə, reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib tərtib olunaraq baxılması üçün aidyyəti məhkəməyə göndəriləcəyi izah olunmuşdur. Poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, bildiriş və ona əlavə edilmiş 000216 saylı yazılı göstəriş, xx.xx.2024-cü il tarixli 000215 saylı akt və hesab-faktura ünvan 3 ünvanında yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs məxsus ********** nömrəli VÖEN-nin statusu “fəaliyyətini müvəqqəti dayandırılmış” kimi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli yayım haqqının ödənişi üçün M**********0001 nömrəli Hesabfakturadan görünür ki, xx.xx.2023-xx.xx.2024 dövr üçün faktura cəmi 244 manat 80 qəpik, ƏDV (18%) 44 manat 06 qəpik , ödəniləcək məbləğ 288 manat 86 qəpik təşkil edir. Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin rəisi X2, idarənin ENŞnin aparıcı müfəttişi X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Şirvan şəhəri T.Ələkbərov küçəsində yerləşən “Dəniz market” obyektində idarə tərəfindən göndərilmiş 11-3-7/2-241/2024 nömrəli bildirişdə göstərilən vaxtda həmin obyektdə olmuşlar, reklam yayıcısı X3 obyektdə olmamışdır. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun : 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-3. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir; 34.1-ci maddəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” nın : 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. 3.2- bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 3.3-cü bəndinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. 3.7-ci bəndinə görə müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Şirvan şəhəri T.Ələkbərov küçəsində yerləşən “Dəniz market” obyektinə aid reklamlara açıq məkanda yayımlanmasına görə icazə alınsa da, icazə üzrə ödənilməli olan 288 manat 86 qəpik (ƏDV daxil) yayım haqqı ödənilməmiş və Dövlət X7 Regional Reklam İdarəsi tərəfindən göndərilmiş yazılı göstəriş qanunvericilikdə nəzərdə tutulmiş müddət ərzində (5 gün) yerinə yetirməmişdir. Məhkəmə həmçinin yayım haqqının tam şəkildə ödənilmədiyini (ödənildiyi halda belə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında yerinə yetirilməməsi halını) və inzibati xəta hadisəsi olması faktını nəzərə alaraq, hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar