Məhkəmə qərarları › İş №3(032)-352/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-352/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-352/2024 02.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şirvan şəhər prokurorunun köməkçisi X1, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etməsinə nəzarəti təmin etməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - inzibati xətanı törətmişdir. Şəxs X5 MMC-nin 7 saylı sexinin rəisi vəzifəsində işləyən - işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etməsinə nəzarəti təmin etmədiyinə görə, “Hidravlik preslərdə işləyən sazlayıcılar üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 132 nömrəli Təlimat”ın 2-ci abzasının və “Sex rəisinin Vəzifə Təlimatı”nın 3.4, 3.5 bəndlərinin tələblərini pozması nəticəsində həmin müəssisədə 6-cı dərəcəli sazlayıcısı işləyən X8 xx.xx.2024-cü il tarixdə saat 15:20 radələrində işlədiyi müəssisənin 7 saylı sexində hidravlik pres aparatını sazlayarkən sol əlinin ikinci barmağının amputasiyası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlərini almış, yəni işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl edilməsinə nəzarəti təmin etmək vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmuşdur. Qeyd olunanlar hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 14 mart 2024-cü il tarixli, 89 nömrəli rəyi, məhkəməəmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/1454 nömrəli rəyi, X8, Şəxs izahatları, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla öz təsdiqini tapmışdır. Şirvan şəhər prokurorunun köməkçisi X2 məhkəmə iclasında qərarı müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2021-ci ilin fevral ayının 15-dən X5 MMC-nin 7 saylı sexinin rəisi vəzifəsində çalışır. "xxxx" MMC-nin 7 saylı sexinin Vİ dərəcəli sazlayıcısı X8 14 fevral 2024-cü il tarixdə saat 15:20 radələrində bilavasitə iş vaxtı ərzində baş vermiş bədbəxt hadisə nəticəsində sol əlinin şəhadət barmağının uc hissəsindən xəsarət almışdır. Hadisə 7 saylı sexdə yerləşən 15780 inventar nömrəli və P-6330 modul tipli Hidravlik Press dəzgahında baş vermişdir. Nəbi Məmmədov hidravlik pres dəzgahının sazlanması işi məşğul olur. Dəzgahın iş funksiyası istehsal olunmuş məmulatların müəyyən ölçüyə gətirilməsidir. Dəzgah bir neçə müddət sonra sazlamadan düşə bilər. Sazlamadan düşən vaxtı sazlayıcılar tərəfindən dəzgah sazlanır. Nəbi Məmmədov vəzifəsi yalnız dəzgahı sazlamaqdır. Gündəlik olaraq o dəzgahlara baxış keçirir hər hansı bir nasazlıq olduqda dəzgahın sazlanması əməliyyatını yerinə yetirir. Hadisə baş verən vaxt Nəbi Məmmədov dəzgahı sazlamış və daha sonra sazlığını yoxlayarkən öz deməsinə görə fikirli olduğu üçün sol əlinin şəhadət barmağı hidravlik press dəzgahının panson hissəsi ilə özünün qoyduğu məmulatın arasında qalaraq xəsarət almışdır. Sonuncu bütün təhlükəsizlik qaydaları ilə qanunda müəyyən olunmuş qaydada təlimatlandırılmışdır. Göstərilənlərə əsasən barəsində inzibati tənbeh qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: X4 xx.xx.2024-cü il tarixdə saat 15:20 radələrində işlədiyi müəssisənin 7 saylı sexində hidravlik pres aparatını sazlayarkən sol əlinin ikinci barmağının amputasiyası barədə şəhər prokurorluğuna daxil olmuş material əsasında aparılmış araşdırma nəticəsində xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Natomiya Birliyi” Publik hüquq şəxsin 20 fevral 2024-cü il tarixli 89 nömrəli rəyindən görünür ki, X4 bədən səthində aşkar olunan xəsarətlər sol əlin İİ barmağının distal falanqasının amputasiyası-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 14 fevral 2024-cü il tarixdə hidravlik pres dəzgahının arasında qalması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1454 nömrəli rəyindən görünür ki, P 6330 modul tipli hidravlik pres dəzgahının elektrik şəbəkəsinə qoşulu vəziyyətdə sazlama işlərinin aparılmasına yol verilməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar 12.2.003-91 “İstehsalat avadanlığı” DÜST-nin1.4 bəndinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11 bəndinin d) abzasının, “Hidravlik preslərdə işləyən sazlayıcılar üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 132 nömrəli Təlimat”ın 2-ci abzasının və “Sex rəisinin Vəzifə Təlimatı”nın 3.4, 3.5 bəndlərinin tələbləri pozulmuşdur.Hadisənin baş verdiyi “X5” MMC-nin 7 saylı sexində istifadə olunan P6330 modul tipli hidravlik pres dəzgahının quraşdırılmasına, istismara buraxılmasına, onun istismarı zamanı təhlükəli şəraitin qarşsının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplekləşdirmədən həmin dəzgahın istimarına yol verdiyinə görə, 12.2.003-91 “İstehsalat avadanlığı” DÜST-nın1.4 bəndinin tələbi “X3” MMC-nin direktoru tərəfindən pozulmuşdur.“X7” MMC-nin 7 saylı sexinin 6-cı dərəcəli sazlayıcısı vəzifəsində işləyən X8 P6330 modul tipli hidravlik pres dəzgahını elektrik şəbəkəsindən ayırmadan dəzgahda sazlama işlərini aparmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11 bəndinin d)abzasının, “Hidravlik preslərdə işləyən sazlayıcılar üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 132 nömrəli Təlimat”ın 2-ci abzasının tələbləri pozulmuşdur.“X5” MMC-nin 7 saylı sexində işçinin konkret halda, 6-cı dərəcəli sazlayıcı vəzifəsində işləyən X4 işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etməsinə nəzarəti təmin etmədiyinə görə, “Hidravlik preslərdə işləyən sazlayıcılar üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 132 nömrəli Təlimat”ın 2-ci abzasının və “Sex rəisinin Vəzifə Təlimatı”nın 3.4, 3.5 bəndlərinin tələbləri 7 saylı sex rəisi Şəxs tərəfindən pozulmuşdur. Məhkəmə qərarla bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək Şəxs qarşı zəzərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmamasını, şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirici halın olmasını və əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar