Məhkəmə qərarları › İş №3(032)-353/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-353/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-353/2024 24.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs səs-küy salaraq şöbəsinin iş rejimini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, valideyni şəkər xəstəsi olduğundan, həmçinin maddi vəziyyətləri çətin olduğu üçün tanış şəxslərin fermalarındakı heyvanları Salyan bazarına 4 manata aparır. 04 aprel 2024-cu il tarixdə saat 01:50 radələrində Şirvan şəhəri Hacıqəhramanlı qəsəbəsində idarə etdiyi “VAZ 2107” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 62 km sürətlə idarə etdiyi vaxt qarşısına anidən çıxan atın balasını yolun hərəkət hissəsində vuraraq idarə etdiyi avtomobilini yolun sağ kənarına çəkib dayanmışdır. Avtomobildən enib yolda oturaqlı vəziyyətdə olan atın balasına yaxınlaşıb qaldırmaq istəyərkən at onu görüb yoldan qalxıb qaçmışdır. Bundan sonra bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq bu barədə məlumat vermişdir. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəlib avtomobilinin foto şəkillərini çəkib ona səhər Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şəhriyarın yanına gəlməli olduğunu bildirdilər. O, saat 10:30 radələrində Şirvan şəhər polis şöbəsinə gəlib 104-cü otağa girib orada Şəhriyar adlı polis əməkdaşına bu barədə məlumat vermişdir. Şirvan şəhər polis şöbəsinin dövlət yol polisinin əməkdaşı Şəhriyar ona idarə etdiyi avtomobilin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini gətirməyini demişdir. Gedib gəldikdən sonra Şəhriyar adlı inspektora sənədləri vermişdir. Bundan sonra Şəhriyar adlı əməkdaş ondan avtomobilin etibarnaməsini istəyəndə ona bildirmişdir ki, “üstündə deyil evdədir, əgər təcili lazımdırsa sistemdə baxa bilərsiz və ya mən gedib evdən gətirə bilərəm”. Bundan sonra ona həmin sənədin daima üzərində olmalı olduğunu bildirdi. Şəhriyar ona əgər qayda qanunu yaxşı bilirsənsə bilki, sənin avtomobilini heç kim düzəltdirməyəcək və heç kim sənə həmin atın sahibini tapan deyil sözlərini demişdir. O da bildirmişdir ki, bu barədə inzibati qaydada şikayət edəcəkdir. Bunu deyib çıxarkən o, ona dayanmağını və geri qayıtmağını istədi. Şəhriyar adlı əməkdaş ona nalayiq söz işlədərək onun qolumdan tutub boyun hissəni sıxıb ona dizi ilə vuraraq yenidən təhqir edib növbətçi hissəyə aparmışdır. O heç bir səs-küy salmamışdır, etik davranış qaydalarını pozmamış, polisə qarşı tabesizlik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X1 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Şirvan şəhər Polis Şöbəsinin inzibati binasında xidməti otağında xidmətdə olan zaman vətəndaş Şəxs xidməti otağına daxil olaraq xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində sahibsiz atı vuraraq yol-nəqliyyat hadisəsi törətməsini bundan ötrü xidməti otağına gəldiyini bildirdi. Hadisənin necə baş verdiyini soruşub araşdırma aparan zaman şəxsə sənədlərini təqdim etməsini, həmin atın sahibsiz olduğunu bildirmişdir. Sürücü bundan qəzəblənərək sənədlərini təqdim etməkdən imtina edib, uca səslə Polis şöbəsinin inzibati binasında səs-küy salmağa və ona hədə-qorxu gəlməyə başladı. Həmin şəxs ona “Sən mənim maşınımı düzəltdirməlisən, yoxsa səni işdən çıxartdıracam, sən hələ məni tanımırsan” deyərək lüzumsuz danışıqlarla xidmətinə mane oldu. Şəxs dəfələrlə nizam-intizama dəvət etsə də, o öz əməlini qəsdən davam etdirirdi və öz növbəsində həmin şəxsi Polis şöbəsinin Növbətçi Hissəsinə təhvil vermişdir. Şirvan şəhər Polis şöbəsinin PPXB-nin bölük komandiri polis polkovnik leytenantı X2 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə əməliyyat qrupunun rəhbəri olduğu zaman 104-cü otaqdan səs-küy gəldiyini eşitmiş, bu vaxt həmin otağa yaxınlaşmış, həmin şəxsin səs-küy salaraq şöbəsinin iş rejimini pozduğunu görmüşdür. İnzibati xəta törətmiş Şəxs PŞ-nin növbətçi hissəsinə gətirərək təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs səs-küy salaraq şöbəinin iş rejimini pozmuşdur. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Şirvan şəhər Polis şöbəsinin PPXB-nin bölük komandiri polis polkovnik leytenantı Cavid Nuriyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə əməliyyat qrupunun rəhbəri olduğu zaman YPX əməkdaşları yol nəqliyyat hadisəsi törətmiş Şəxs PŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Lakin həmin şəxs yüksək səslə səs-küy salmağa başlamış şöbənin iş rejimini pozmuşdur. Dəfələrcə həmin şəxsi nizam-intizama dəvət etsələr də lakin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:10-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə 15:10-da azad edilmişdir. İşin faktiki hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş olan protokol üzrə şəxsin İXM-nin 535.1-ci maddəsi üzrə təqsiri iş materialları ilə sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis polkovnik leytenantı Cavid Nuriyev tərəfindən tərtib edilmiş raportda Şəxs Şirvan şəhər Polis şöbəsinə gətirərək NH-yə təhvil verildiyi, lakin həmin şəxsin yüksək səs-küy salmağa başlaması, şöbənin iş rejimini pozması, dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etsələr də qanuni təlblərinə tabe olmadığı qeyd edilmişdir. Həmin raportdan aydın olmur ki, şəxs polisin hansı qanuni tələblərinə tabe olunmamışdır və həmin tabe olmama nədə ifadə olunur. Məhkəmə iclasında polis əməkdaşı tərəfindən Şəxs polis bölməsinə dəvət edildiyi, sonuncunun könüllü şəkildə polis bölməsinə gəldiyi, polis ilə aralarında mübahisə yarandığı və sonda şəxsin saxlanıldığı müəyyən edilmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş qanuni tələblərə tabe olmaması ilə bağlı təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsində sonuncunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs hərəkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur və Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Eyni zamanda məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, şəxsin barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat manat məbləğində cərimə tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar