Məhkəmə qərarları › İş №3(032)-36/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-36/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-36/2023 19.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X4 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu, Qaragünə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Qaragünə kəndində qeydiyyatda olan Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istehlak etmişdir. Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X7 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 19 yanvar 2023-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, o, ailəsi ilə birlikdə Sabirabad rayonu, Qaragünə kəndində yaşayır. Hazırda işləmir. O, 3-4 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən polis əməkdaşları tərəfindən tutulmamışdan 5-6 gün qabaq o, çöl sahədə heyvan otaran vaxt yerdə 1 ədəd kağız büküm olduğunu görmüşdür. Həmin büküm onun diqqətini cəlb etmişdir. O həmin bükümü yerdən götürək açmış və bükümü açan zaman içərisində marixuana olduğunu bilmişdir. O özü də istifadə etdiyindən həmin bükümü əynində olan qara şalvarın sol yan cibinə qoymuşdur. Sonra Şirvan şəhərinə toy şənliyinə gəlmiş və toydan sonra Sabirabada qayıtmağa tələsməmişdir. Şirvan şəhərinə toy məclisinə gələrkən sahədən tapdığı narkotik vasitə olan marixuana onun üzərində olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saat 00:30 radələrində Şirvan şəhər polis şöbəsinin PPXB-nün əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmasından ötrü onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, üzərində 1 ədəd kağız bükümdə narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sonra cibində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Hazırda törətmiş olduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X7 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXMnin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2023-cü il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, hazırda Şirvan şəhər polis şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. xx.xx.2022-ci il tarixdə digər polis əməkdaşı X13 ilə Şirvan şəhəri, F.Eynullayev küçəsində xidmətə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq üzərində narkotik vasitə olub-olmamasını yoxlamaq məqsədi ilə sonradan adının Şəxs olduğunu bildiyi şəxsə yaxınlaşmış, ona Şirvan şəhər polis şöbəsinin əməkdaşı olduğunu bildirmiş və digər polis əməkdaşı ilə birlikdə onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Şəxs təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Şirvan şəhər polis şöbəsində rəhbərliyə raportla müraciət etmişlər, raportla bağlı araşdırma aparılması Şirvan şəhər polis şöbəsinin TB-nə həvalə olundu. TBdə X9 Regional vəkil bürosunda və fərdi qaydada fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bundan sonra vəkil gəldikdən sonra videoçəkiliş ilə Şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla, qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra Şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şəxs üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Sorğu zamanı Şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə marixuanadır, özü narkotik vasitələrdən istifadə edir, həmin marixuananı çöl sahədə heyvan otaran zaman yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra aşkar olunmuş narkotik vasitə vəkilin və Şəxs iştirakı ilə müvafiq qaydada qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindn görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmçinin Şəxs üzərindən aşkar edilmiş 0,25 qram narkotik maddə olan marixuana ekspertiza tədqiqatından sonrakı çəkisi 0,23 qram marixuana maddi sübut olaraq saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan Regional bölməsinin 18/1269 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...X2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2022-ci il tarixli 7574 nömrəli rəyində qeyd edilmişdir ki, X3 Kannabinoldlərdən istifadə etmə halları olub. Lakin hazırda X3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hazırda müayinə zamanı X5 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkololi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda inzibati işin materiallarından göründüyü kimi Şəxs üzərindən aşkar edilmiş 0,25 qram narkotik maddə olan marixuana ekspertiza tədqiqatından sonrakı çəkisi 0,23 qram marixuana maddi sübut olaraq saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şirvan şəhər polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş, tədqiqatından sonrakı çəkisi 0,23 qram marixuana maddi sübut məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan Regional bölməsinin ekspertiza xərclərinə dair bildirşdən görünür ki, ekspertiza tədqiatının dəyəri 49,74 (49 manat 74 qəpik) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Şirvan şəhər polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,23 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 manat 74 qəpik ekspertiza tədqiqatının dəyəri Şəxs alınaraq dövlət nəfinə keçirilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar