Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-367/2024 23.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC ********.00 Rusiya rublu məbləğində olan vəsaiti 31 mart 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3400417.81 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 01 aprel 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, müəssisədə hərbi təyinatlı məhsulların istehsal prosesi üçün mütləq tələb olunan malların əldə olunması istiqmətində Rusiya Federasiyasında fəaliyyət göstərən “Metservis” (bundan sonra – tədarükçü) şirkəti ilə müəssisə arasında 19 mart 2019-cu il tarixdə xx/xx-2019 nömrəli müqavilə (bundan sonra müqavilə) bağlanılmışdır. Müqavilənin şərtlərində, o cümlədən 4.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilənin ümumi məbləği 50 000 000,00 (əlli milyon) Rusiya rublu (bundan sonra rubl) təşkil edir və tərəflərin razılığı ilə müqavilə məbləğinin dəyişdirilməsinə yol verilir. Məbləğin dəyişməsi əlavə razılaşma (Spesifikasiya ilə) ilə rəsmiləşdirilir. Müqavilənin 2.1-ci maddəsində qeyd olunmuşdur ki, mala görə hesablaşmalarda bu müqavilənin ayrılmaz hissəsi olan Spesifikasiyalarda tərəflərin müəyyən etdiyi qiymətlər tətbiq edilir. Müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, tədarük edilmiş mallara görə ödəniş Rusiya rublu ilə aparılır və 15.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2019-cu ilədək, tərəflərin öhdəlikləri icra etdiyi hissədə - onlar tam icra edilənədək qüvvədədir və müddəti bitənədək 30 təqvim günü qalmış tərəflərin heç biri müqaviləni ləğv etmək və ya onu başqa şərtlər altında bağlamaq istəyini bildirməzsə hər il növbəti təqvim gününə uzadılmış hesab edilir. Sözügedən müqavilə üzrə müəssisədə istehsalatda istifadə olunması məqsədilə nəzərdə tutulan malların alınması istiqamətində müqavilənin ayrılmaz tərkib hissəsi olan 18 nömrəli 17 fevral 2022-ci il tarixli Spesifikasiyaya (əlavə razılaşma) əsasən müəssisə tədarükçünün bank hesabına 54 000 000,00 rubl məbləğində vəsait köçürmüşdür (188 nömrəli 30 mart 2022-ci il tarixli ödəniş tapşırığına əsasən və "xxxx" ASC-nin vasitəsilə). Ödənilmiş vəsaitin qarşılığı tədarükçü tərəfindən tam təmin edilərək 2022-ci il tarixdə müxtəlif vaxtlarda alınması nəzərdə tutulan mallar ölkəmizə idxal olunaraq müəssisəyə çatdırılmışdır (Etiraz ərizəsinin tərkib hissəsi olan arayışda ödənilmiş vəsaitin qarşılığında idxal olunan malların ardıcıl şəkildə siyahısı tərtib edilmiş və qoşma ilə məhkəməyə təqdim edilir). Mərkəzi Bankın protokolunda qeyd edilmişdir 54 000 000,00 rubl məbləğində vəsaitin 31 mart 2022-ci il tarixdə xarici ölkəyə köçürülməsindən 2 il müddət keçsə də, 3 400 417,81 rubl məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və valyuta vəsaiti geri qaytarılmamışdır, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta müəssisə tərəfindən törədilmişdir. Bankın protokolu ilə razılaşmayaraq qanunsuz və əsassız hesab edirik. Bu səbəbdən qanunsuz və əsassız hesab edirik ki, müəssisə tərəfindən 30 mart 2022-ci il tarixdə ödənilmiş 54 000 000,00 (əlli dörd milyon) rubl məbləğində vəsaitin qarşılığı mövcud olan “Gömrük Bəyannamələri”nə əsasən müxtəlif vaxtlara təsadüf edən (2 ili keçməyərək) dövrlər üzrə tam şəkildə ölkəmizə idxal olunmuşdur. Lakin bankın əməkdaşı protokol tərtib edərkən bu kriteriyaları nəzərə almamış, obyektiv araşdırma aparmamış və nəticədə də qanunsuz və əsassız protokul tərtib etmişdir. Bankın daxili qərarı ilə təsdiq edilmiş rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3-cü bəndin pozuntusu İXM-nin 430.4-cü maddəsi ilə cəzalandırılır. Ancaq son zamanlarda bu məsələ ilə bağlı etirazlar artmaqdadır. Ona görə ki, bank işi tam və obyektiv araşdırmadan protokolu tərtib edərək baxılması üçün məhkəmələrə göndərir. Bankın əsas vəzifəsi ölkədən çıxan valyutanın qarşılığının olmasına nəzarət etməkdir. Qanunda qeyd olunur ki, avans yolu ilə ödənilmiş pulun müqabilində ölkəyə ya mal gəlməlidir, ya da xidmət göstərilməlidir. Yəni müəyyən olunmalıdır ki, bu pul ölkədən niyə çıxıb, təyinatı nədir və onun müqabilində ölkəyə nə gəlib? Banklar protokol tərtib etməmişdən öncə işi ətraflı araşdırmalı və barəsində protokol tərtib etmək istədiyi hüquqi şəxslər ilə rəsmi (və ya qeyri rəsmi) qaydada əlaqə yaratmalı, sorğular verməli, nəticə etibarilə protokol tərtib etməlidir. Təəssüf ki, bank bunları etmir və dövlət üçün müəyyən xidmətlər həyata keçirən təşkilatlar əsassız yerə cərimələnirlər. Məhkəmə tərəfindən bunlar, eyni zamanda zavodun xüsusi əhəmiyyətli, hərbi təyinatlı dövlət müəssisəsi olması nəzərə alınaraq müəssisə barəsində cərimə tədbiq edilməməsi, inzibati xəta üzrə işə xitam verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Həmçinin müəssisəyə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmır, müəssisə öz təsərrüfat hesabına maliyyələşən zavoddur. Bu halda cərimə tətbiq edilməsi müəssisənin maliyyə durumunda ciddi çətinliklərə gətirib çıxarılmasına zəmin yaradacaqdır. Habelə mövcud vəziyyəti qiymətləndirib müəssisəni inzibati qaydada tənbehləmək qanunun ədalət prinsipinə xələl gətirə bilər. Odur ki, Şəxs MMC barəsində olan Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, xaricə ödənilmiş valyutanın qarşılığının idxal olunması barədə arayışda göstərilmişdir ki, Müdafiə Sənayesi Nazirliyinin Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “Metservis” şirkəti arasında 12/03-19 nömrəli, 12 mart 2019-cu il tarixli qarşılıqlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən müəssisə nizamnaməsinə əsasən fəaliyyət istiqaməti olan hərbi təyinatlı məhsulların istehsalı üçün istifadəsi zəruri olan xüsusi təyinatlı xammalların alınması istiqamətinddə tədarükçü ilə əməkdaşlıq etmişdir. Sözügedən müqavilə üzrə və əməkdaşlıq istiqamətində bəzi malların alınması nəzərdə tutularaq tədarükçüyə öncədən ödəniş etmək məqsədi ilə 30 mart 2022-ci il tarixdə müəssisənin bank hesabından tədarükçünün bank hesabına ********.00 rus rublu məbləğində vəsait ödənilmişdir. 17 fevral 2022-ci il tarixli, 18 nömrəli Spesifikasiyaya (əlavə razılaşma) əsasən müəssisə tədarükçünün bank hesabına 54 000 000,00 rubl məbləğində vəsait "xxxx" ASC-nin vasitəsilə köçürülmüşdür. Gömrük bəyannamələrinin surətindən görünür ki, “Metservis” şirkəti Şəxs MMC-yə xx.xx.2022-ci il tarixdə 6939963,83 rus rublu, xx.xx.2022-ci il tarixdə 1535 000,00 rus rublu, xx.xx.2022-ci il tarixdə 3070 000,00 rus rublu, xx.xx.2022-ci il tarixdə 7147 233,60 rus rublu, xx.xx.2022-ci il tarixdə 3443 731,80 rus rublu, xx.xx.2022-ci il tarixdə 3817 463, 60 us rublu, xx.xx.2022-ci il tarixdə 3817 463,60 rus rublu, xx.xx.2022-ci il tarixdə 7308 046,36 rus rublu, xx.xx.2022-ci il tarixdə 3817 463,60 rus rublu, xx.xx.2022-ci il tarixdə 3817 463,60 rus rublu, xx.xx.2022-ci il tarixdə 3817 463,60 rus rublu, xx.xx.2022-ci il tarixdə 3817 463,60 rus rublu, xx.xx.2022-ci il tarixdə isə invoys dəyəri 2460 000,00 rus rublu olan mallar tədarük etmişdir. 12 mart 2019-cu il tarixli, 12/03-19 nömrəli Rusiya Federasiyasında fəaliyyət göstərən “Metservis” şirkəti ilə Şəxs MMC arasında müqavilə bağlanmışdır. Müqavilənin 15.1-ci maddəsinə əsasən müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2019-cu ilədək, tərəflərin öhdəlikləri icra etdiyi hissədə - onlar tam icra edilənədək qüvvədədir və müddəti bitənədək 30 təqvim günü qalmış tərəflərin heç biri müqaviləni ləğv etmək və ya onu başqa şərtlər altında bağlamaq istəyini bildirməzsə hər il növbəti təqvim gününə uzadılmış hesab edilir. Məhkəmə şikayətlə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli qərarına əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyinə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci 16 dekabr il tarixli Qərarlarında Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o, cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Hazırki inzibati protokol üzrə inzibati məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin inzibati qaydada tənbehlənməsindən öncə məhkəmə, yuxarı instansiya məhkəməsinin tövsiyyəsinə əsasən inzibati məsuliyyətin sütünü olan əməlin tərkibini birbaşa formalaşdıran təqsir məhfumuna toxunmağı zəruri bilir. Belə ki, yuxarıda qeyd olunduğu kimi yalnız bu İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərinə adekvat olaraq səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin təqsirləndirildiyi müvafiq maddə ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsiri, qorunan ictimai münasibətlərə qarşı edilən qanunsuz əməlin qəsdi müəyyən edilməli, baxılan əməlin inzibati xəta kimi xarakteri tədqiq edilməlidir. İlk öncə araşdırılan xətaya münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliklə bu kimi qoruyucu tədbirlərin həyata keçirilməsində məqsəd təbii ki, sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, valyuta nəzarətinin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması və ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmişdir. Müasir dövrdə iqtisadi münasibətlərin və xarici ticarət əlaqələrinin həcminin artması iqtisadi fəaliyyətin inkişafı üçün yaradılmış münbit şəraitə əsaslanır. Xarici iqtisadi fəaliyyət ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq, maliyyə, valyuta və kredit münasibətlərinin məcmusu kimi çıxış edir. Ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür və bu fəaliyyəti subyektlər müqavilə azadlığı şəraitində həyata keçirirlər. Əlbətdə qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. (Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad) Bəzi hallarda hüquqi və fiziki şəxslər öz sahibkarlıq fəaliyyətlərini həyata keçirərkən idxal və ixrac etdikləri malların, gördükləri işlərin və xidmətlərin müqabilində vəsaitlərin qanunla nəzərdə tutulmuş müddətlər çərçivəsində dövriyyəsini şəxsin iradəsindən asılı olmayan səbəblərdən –məsələn qarşı tərəfin öhdəliyini gecikdirməsi, vaxtında icra etməməsi kimi hallardan qaynaqlanır və nəticədə qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zamana başa gəlir. Baxılan işin faktiki hallarından görünür ki, Şəxs MMC müqavilə bağladığı xarici şəxs ilə müqavilənin predmeti və mahiyyətindən irəli gələn bir çox işləri görmüş, tədqiq edilən bəyannamələrdən müəyyən olunur ki, xaricə göndərilmiş məbləğin böyük qismində mallar artıq müqavilə ilə nəzərdə tutulmuş qaydada idxal olunmuşdur. Həmçinin tərəflər arasında malların tədarükü ilə əlaqədar müqavilə hələ də qüvvədədir. O cümlədən Şəxs MMC-in Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan xüsusi əhəmiyyətli dövlət müəssisəsi olmasını və dövlət sifarişi əsasında hərbi təyinatlı məhsullar istehsal etməsini, tərəflərin öhdəliklərini icra etdiyi hissədə onlar tam icra edilənədək qüvvədə olmasını məhkəmə diqqətdən qaçırmır. Qeyd olunanlar Cəmiyyəti passiv davranışda günahlı bilib, xaricə “təyanatsız və ya yalan təyinatla valyuta köçürməkdə” ittiham etmək üçün kifayət qədər tutarlı səbəblərin olmadığına dəlalət edir. Həmçinin məhkəmə hesab edir ki, yalnız idxal hesablaşmalarına dair müddət tələbinə əməl edilməməsi meyarına əsasən mövcud vəziyyəti qiymətləndirib şəxsi inzibati qaydada tənbehləmək qanunun ədalət prinsipinə xələl gətirə bilər. Məhkəmənin sadəcə inzibati protokol və artıq qeyd edildiyi kimi səlahiyyətli orqanın şəxsin təqsirli bilinməsinə dair valyutanın hərəkəti barədə müəyyən edilmiş müddət məhdudiyyətindən kənara çıxması əsasları ilə barəsində maddədə nəzərdə tutulmuş yüksək məbləğdə cərimənin hesablanaraq tutulması, bununla da sonuncunun maliyyə vəziyyətinin pisləşməsi, idxal edilməsi nəzərdə tutulan hərbi təyantlı mallardan gələcəkdə faydalı istiqamətdə istismarının da qarşısının alınması ilə bərabər hazırki inzibati protokola baxılmasına da formal mövqedən yanaşmaq deməkdir. Beləliklə, məhkəmə bütün fikirləri ümumiləşdirərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil, yəni inzibati xəta haqqında protokolda göstərilən inzibati hüquqpozma məhkəmə iclasında öz təsdiqini tapmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs MMC barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-367/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-367/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver