Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-373/2024 06.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Salyan rayonu Qaraçala Ərazi dairəsi Pambıqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan rayonu Qaraçala Ərazi dairəsi Pambıqkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1844/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməklə onun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1135/2023 saylı qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini icra etməmiş və əməli təkrar törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 06 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 06 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, əvvəllər işləmədiyindən, maddi imkanı olmadığından ödəniş edə bilməmiş, sonuncu dəfə 1350 manat poçt vasitəsi ilə ödəniş etmişdir. Alimenti ödəməkdən imtina etmir, aylıq hissə-hissə 50-100 manat məbləğində ödəyə bilər. Bundan başqa İİİ qrup əlil olduğundan pensiya alır, həmin pensiyadan 105 manat aliment borcuna tutulur. Hazırda aliment borcunu tam şəkildə ödəmək imkanı yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1844/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədini icra etmədiyindən barəsində protokol tərtib olunmuş Şirvan şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(032)-1135/2023 saylı qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Aliment borcundan ümumilikdə 1357 manat ödəniş edilmişdir. Tələbkar isə borcun tam ödənilməsini tələb edir, borcun hissə-hissə ödənilməsini qəbul etmədiyindən icra şöbəsinə hesab nömrəsi təqdim etmir, aliment borcundan edilən ödənişlər poçt vasitəsi ilə tələbkara ödənilmişdir . Tələbkar aliment borcu tam ödənilmədiyindən İcra Baş İdarəsinə şikayət etmişdir. Hazırda icra sənədi üzrə 4626 manat aliment borcu vardır. İnzibati xəta haqqında protokola əlavə edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1844/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 193 manat olmaqla aliment alınaraq iddiaçı X3 verilməlidir. Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1844/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X3 ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir . Şəxs xx.xx.2024-cü il tarixli yazılı izahatından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1844/2022 saylı, 28 iyun 2022-ci il tarixli icra sənədi üzrə borcu iş yeri olmadığından və maddi imkanı olmadığından ödəyə bilmir. Həmçinin onun pensiyasından hər ay 105 manat pul tutulur, aliment borcunu yanlız hissə-hissə ödəyə bilər. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli , 3(032)-1135/2023 saylı qərarı ilə inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur . Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs ümumi xəstəlik- gözdən əlil səbəbindən üçüncü dərəcə əlildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzinin 1 may 2024-cü il tarixli 3-17-7/2-A-20101/2024 saylı arayışdan görünür ki, Şəxs (FİN : xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə inzibati xətanın xarakterini (idarəçilik qaydaları əleyhinə olması), inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, borclunun icra sənədinin icrasından yayındığını , barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1135/2023 saylı qərarı ilə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq məhkəmə qərarının icra olunmadığı müddəti, inzibati xətanın aliment borcunun icrası ilə əlaqədar olduğunu, bu alimentin ödənilməməsində yetkinlik yaşına çatmayan uşağın mənafelərinin pozulduğunu, tələbkarın möqeyini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz . Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 18 (on səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-373/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-373/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver