Məhkəmə qərarları › İş №3(032)-375/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-375/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-375/2025 21.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, X1 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26183751 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26183751 inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində E-polis tətbiqindən elektron kabinetini yoxlayarkən ona məlum oldu ki, barəsində xx.xx.2025-ci il tarixində, saat 19:28-də Füzuli-Horadiz qəsəbəsindən çıxış istiqamətində “Opel Astra” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 328.2-ci maddəsinin tələblərini pozması barədə protokol tərtib edilərək xx.xx.2025-ci il tarixində kabinetinə yerləşdirilmişdir. Yəni, 24 saat ərzində kabinetə yerləşdirilməli olan qərar heç bir sms göndərilmədən, 21 gün sonra kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixində DİN-in E-Polis tətbiqindən verilmiş qərarla bağlı elektron şikayət edərək “127-5.1.1 müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına göndərir”. Sonra ona Dİn məlumat nömrəsindən “3-13-16/1-Q-474xx/xx/2025 nömrəli məlumatınız qeydə alınmışdır” yazılı SMS gəlmişdir. xx.xx.2025-ci il tarixində e-mail ünvanına PDF formasında məktub gəlmiş və məktubda “Araşdırma zamanı inzibati xətanın aşkar olunması və sənədləşməsində qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir” sözləri yazılmışdır. xx.xx.2025-ci il tarixində Şirvan şəhər Polis Şöbəsinin DYPB-nə müraciət edərək tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarın surətini götürmüşdür. Şikayət vermiş şəxs X3 məhkəmə iclasında iştirak edərək qəbul olunmuş elektron qərarın 24 saat ərzində elektron kabinetə yerləşdirilməi olduğu halda yerləşdirilmədiyini və şikayət ərizəsində qeyd olunan halların nəzərə alınaraq ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş inzibati orqanın səlahiyyətli nümayəndəsi gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26183751 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 “Opel Astra” markalı, ** HF *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə görə Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə- əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayətçinin barəsində tərtib olunmuş qərarın ləğv edilməsi üçün əsas olan sübutları məhkəməyə təqdim etmədiyindən, onun şikayət ərizəsində göstərmiş olduğu mülahizəsini əsassız kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd olunan maddənin məzmununa əsasən inzibati xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə biləcəyi və bunun əsasında da inzibati xəta haqqında qərar qəbul edilə biləcəyi mümkünlüyü birmənalı olaraq qanunverici tərəfindən müəyyən olunmuşdur. Həmçinin, məhkəmə hazırki iş üzrə şikayətçinin inzibati qərarın ləğvi üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, tədqiq olunmuş foto görüntüdən məlum olur ki, hazırki inzibati xəta şikayətçinin idarə etdiyi “Opel Astra” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşması müəyyən edilmiş, bunun əsasında da elektron qərar qəbul edilmiş və şəxs haqlı olaraq cərimələnmişdir. Hazırki vəziyyətdə isə inzibati xətanın baş verdiyini təsdiq edən sübut kimi müşahidə kamerasının foto görüntülərinin obyektivliyi şübhə altına alına bilməz. Bundan başqa X3 şikayətində və məhkəmə iclasında bildirmişdir ki, barəsində qəbul edilmiş qərar elektron kabinetəgec yerləşdirilmiş və məhz elə qərarın ləğv edilməsinə səbəb olan hallardan biri də qeyd etdiyi xüsusatdır. Azərbaycan Respublikası İXM-nin 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. 125.3. Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Qeyd olunanlardan da görünür ki, qərarın elektron kabinetə yerləşdirilməməsi şəxsin inzibati məsuliyyətdən azad olunması halı olaraq müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26183751 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26183751 saylı elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar