Məhkəmə qərarları › İş №3(032)-383/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-383/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-383/2024 21.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsinin polis mayoru X3 xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Şirvan şəhər Polis Şöbəsinin polis mayoru X3 xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək 80 manat məbləğində inzibati cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində 2021-ci il buraxılışlı, Toyoto RAV-4 minik markalı, **-HA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Şirvan şəhəri Z.Hacıyev küçəsindən M.Ə.Rəsulzadə prospektinə işıqforun yaşıl işığında hərəkətdə olarkən sol tərəfə dönmə işığını yandırmaqla hərəkətini davam etdirmişdir. Arxasınca digər nəqliyyat vasitələri hərəkət etmişdir. Daha sonra Şirvan şəhər Polis Şöbəsinin DYP əməkdaşları saxla işarəsi verməklə nəqliyyat vasitəsini dayandırmışdır. Ona işıqforun qırmızı işığında hərəkət etməklə İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozmasını bildirmişlər.Ona videoqeydiyyatçı vasitəsi ilə çəkilişin olmasını bildirsələr də təqdim etməkdən imtina etmişlər. Daha sonra inzibati xəta haqqında protokol tərtib edilməsini və tərəfindən şikayət verməyini bildirmişlər. Ona inzibati xəta haqqında protokol əsasında TP ******* nömrəli elektron qərar xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Hesab edir ki, qeyd edilən elektron qərar qanunsuz və əsassız tərtib edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 izahat verərək bildirdi ki, xx.xx.2024cü il tarixdə şəxsi işləri ilə əlaqədar Şirvan şəhəri Z.Hacıyev küçəsindən M.Ə.Rəsulzadə prospektinə işıqforun yaşıl işığında hərəkətdə olarkən sol tərəfə dönmə işığını yandırmaqla hərəkətini davam etdirmişdir. Şirvan şəhər Polis Şöbəsinin DYP əməkdaşları saxla işarəsi verməklə nəqliyyat vasitəsini dayandırmışdır. Ona işıqforun qırmızı işığında hərəkət etməklə İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozmasını bildirmişlər. Lakin o, işıqforun qırmızı işığında hərəkət etməmişdir. O, hər hansı sübutun olub-olmaması ilə bağlı polis şöbəsinə müraciət etdikdə ona məhkəmə şikayət verəcəyi təqdirdə həmin görüntülərin məhkəməyə təqdim oluncağı bildirilmişdir. Barəsində inzibati xəta haqqında protokol Mirzəli Mirzə tərəfindən tərtib olunmuş, o protokolla razı olmadığından onu imzalamamışdır. Barəsində xx.xx.2024-cü il tarixdə protokol tərtib olunmuş, xx.xx.2024-cü il tarixdə isə qərar yüklənmişdir. Protokolla şikayət verə bilmədiyindən qərarı xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsindən almışdır. Şikayətin təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Polis Şöbəsinin polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 22:40-də “Toyoto RAV-4 minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri H.Əliyev prospektində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Qeyd edilən xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Şirvan şəhər Polis Şöbəsinin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır . Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin İnzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsinə göndərilsin . Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar