Məhkəmə qərarları › İş №3(032)-4/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-4/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-4/2025 14.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25137438 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25137438 inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində dövlət qeydiyyat nömrəsi **- FG-*** olan, “X8” markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZA-*** dövlət qeydiyyat nömrəli “CASVİ” markalı yanacaq daşıyan yarımqoşqu (yanacaq çəni) ilə M-2 47.9 km Qaradağ rayon, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən telefonuna SMS vasitəsilə EQ 25137438 cərimə bildirişi gəlib. X4 Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi maddəsi ilə cərimə tətbiq olunub. Ona məxsus avtomobilin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Aİ 92 və Aİ 95 benzin yanacağı daşıyır. Sözügüdən maşının yanacaq çəni zavod istehsalı olduğundan beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Yəni ki, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 izahat verərək bildirdi ki, barəsində xx.xx.2024cü il tarixli, EQ 25137438 nömrəli qərar qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, onun nəqliyyat vasitəsində 37.6 ton yük daşımağa icazə verildiyi üçün, yük maşının özünün də çəkisi daxil olmaqla maşında olan 46670 kiloqram yükün daşınmasını normadan artıq hesab etmir, bu baxımdan barəsində tərtib edilmiş protokolla razı deyil. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın əməkdaşı gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçinin izahatını, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, EQ 25137438 nömrəli qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə M 2 47.9 km. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində ** FG *** dövlət qeydiyyat nömrəli “X8” yük avtomobili ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində cərimə edilmişdir. AB № 979000 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZA *** qeydiyyat nişanlı, CASVİ-yarımqoşqu markalı, yanacaq çəni tipli, buraxılış ili 2001-ci il olan nəqliyyat vasitəsinin yüksüz kütləsi 9000 kq, icazə verilmiş maksimal kütləsi 37400 kqdır. AB № 972393 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** FG *** qeydiyyat nişanlı, “X8” yük markalı, yəhərli dartıcı tipli, buraxılış ili 2008-ci il olan nəqliyyat vasitəsinin yüksüz kütləsi 8440 kq, icazə verilmiş maksimal kütləsi 18000 kqdır. “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”na 4 nömrəli əlavənin surətindən görünür ki, yükün texniki adı tez alışan maye (benzin, dizel), bir nəqliyyat vasitəsində daşınan yükün çəkisi 37.6 ton, təhlükəli yükü eyni vaxtda daşınan nəqliyyat vasitələrinin sayı 1 ədəd, X8 markalı ** FG *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı, CASVİ markalı , ** ZA *** dövlət qeydiyyat nişanlı yan qoşqu yanacaq çəni. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 2 nömrəlinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Həmin cədvəlin 3.1-ci bəndin üçüncü abzasına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 mülkiyyətində olan “X8” yük markalı, ** FG *** dövlət nömrə nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə M2 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində yük daşınması məqsədilə 46670 kq çəkidə avtomobili yükləmişdir. Lakin, iş materialları ilə müəyyən edilmişdir ki, X1 idarə etdiyi “X8” yük markalı, ** FG *** dövlət nömrə nişanlı yük avtomobilinin yüksüz kütləsi 8440 kq, icazə verilmiş maksimal kütləsi 18000 kq, “Casvi” yarımqoşquya icazə verilmiş yüksüz kütlə 9000 kq, icazə verilmiş maksimal kütlə isə 37400 kq-dır. Azərbaycan Respublikası FHN və Azərbaycan Respublikası DİN-nin birgə təlimatı olan “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 4 nömrəli əlavəsinə əsasən, “Mercedes-Benz Actros” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı, “Casvi” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqu yanacaq çəninə 37.6 ton çəkidə yükün daşınmasına icazə verilmişdir. AR İXM-nin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın qəbul edildiyi şəxsə xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətinin təqdim edilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarında qeyd olunan cədvəllərə əsasən müəyyən edilməli halların qeyd edilibedilməməsinə dair sənədlərin təqdim edilməməsi, habelə texniki pasportla inzibati araşdırma zamanı müəyyən edilənlər arasında ziddiyətli və anlaşılmazlıqların olması qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı şübhə altına alır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5- 2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edildiyindən şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25137438 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 25137438 saylı elektron qərar ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar