Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-416/2025 15.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyini tərəfindən qəbul edilmiş 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 01 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə edilmişdir. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı rəsmi şəkildə 11 aprel 2025-ci il tarixdə almışdır. Qərarda qeyd edilmişdir ki, guya xx.xx.2025-ci il tarixdə birgə icarəçi olduğu Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) göstərmişdir. Saç kəsimi ilə məşğul olur. Heç bir kosmetoloji fəaliyyətlə məşğul olmamışdır. Şirvan şəhər sakini Könül Mirzəyeva adlı şəxs Şirvan şəhər prokurorluğuna müraciət edərək guya onun icarəyə götürdüyü salonda ona kosmetoloji prosedur etmişdir. İşlədiyi salonda heç bir kosmetoloji prosedur həyata keçirmir. 07 fevral 2025-ci il tarixdə obyektə baxış keçirilərkən də heç bir sübut aşkar edilməmişdir. Şirvan şəhər prokurorluğunda onunla Könül Mirzəyeva arasında keçirilən üzləşdirmə zamanı Könül Mirzəyeva bildirdi ki, onun üzünə dolğu onun işlədiyi salonda deyil, öz yaşadığı mənzildə başqa şəxs tərəfindən vurulmuşdur. Könül Mirzəyeva məhkəmə iclasında şahid kimi dəvət edilərək dindirilərsə bu halı bir daha təsdiq edəcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qanunla müəyyən edilmiş qaydada hazırki məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsi üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış materialları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Şirvan şəhər prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Ülviyyə Nuriyeva tərəfindən tərtib edilmiş 14 fevral 2025-ci il tarixli Şirvan şəhri F.Eynullayev küçəsində yerləşən “Beatiful” adlı gözəllik salonuna həmin qeyri-yaşayış sahəsinin sahibkarı X6 icazəsi əsasında baxış keçirilməsi haqqında protokoldan görünür ki, X1 olduğu “Beatiful” adlı gözəllik salonu Şirvan şəhəri, F.Eynullayev küçəsində Şirvan şəhəri 9 nömrəli tam orta məktəbin arxa hissəsində yerləşir. Obyektin girişi iki hissəlidir. Sol tərəfdə həmin gözəllik salonu yerləşir. Obyektin qarşısında reklam asılmışdır. Həmin reklamda gözəllik salonunda göstərilən xidmətlərin siyahısı yazılmışdır. Obyektdən içəri daxil olduqda sağ tərəfdə makiyaij masaları, sol tərəfdə lazer epilyasiya və kosmetoloji kombayn aparatları yerləşir. Həmçinin lazer epilyasiya aparatının yanında cərrahi masa vardır. Obyektin girişindən qarşı tərəfdə dırnaqların üzərinin düzəldilməsi və ya cilalanması üçün istifadə edilən avadanlıqlar və məhsullar var idi. Həmçinin faktiki olaraq adı araşdırmaya məlum olmayan bir müştəriyə dırmaq ustası qismində çalışan X9 tərəfindən xidmət göstərilirdi. Gözəllik salonunda aşkar edilənlərlə bağlı müvafiq qeydlər aparıldı və baxış başa çatdırıldı. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə şəhər prokurorluğuna etdiyi müraciətlə bağlı araşdırma aparılan zaman X6 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, X6 lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkarlandığından barəsində barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün prokuror qarşısında məsələ qaldırılması, X6 özünə məxsus gözəllik salonunda X7 Azərbaycan Respublikası Əmək Məsəlləsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etməsi faktı aşkarlandığından barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün prokuror qarşısında məsələ qaldırılması, X5 vermiş olduğu pulun geri qaytarılması üçün məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, inzibati xəta haqqında iş üzrə icraat materialı Aynurə Kərimovanın inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, X3 şəhər Prokurorluğunda araşdırma zamanı izahatında bildirmişdir ki, 7 fevral 2025-ci il tarixdə Şirvan şəhəri, Fariz Eynullayev küçəsi, 9 nömrəli tam-orta məktəbin arxa hissəsində yerləşən qeyri-yaşayış sahəsini aylıq 300 manat pul qarşılığında kirayələyərək orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün “Beatiful Studio” gözəllik salonunu açmışdır. Həmin gözəllik salonunu vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) alaraq rəsmi qaydada sahibkar kimi işlədir. X2 manikur ustası kim işə cəlb etmişdir. Gözəllik salonunda kosmetoloji lazer epilyasiya aparatı və kombayn adlanan aparat vardır, həmin aparatı o istifadə edir və cihazın kosmetoloji üz təmizlənməsi, liftinq, darsonval, brossal, dolğuların icrası və s. kimi funksiyaları vardır. Bu fəaliyyəti həyata keçirərkən onun lisenziyası olmamışdır, ümumiyyətlə tibbi təhsili yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tərəfindən qəbul edilmiş 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şirvan şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixdə Şirvan şəhəri, F.Eynullayev küçəsi 9 nömrəli tam orta məktəbin axra hissəsində yerləşən obyektdə X8 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət göstərdiyinə görə İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilməsini qərara almışdır. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər; özəl tibbi fəaliyyət qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxş yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi; özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxş yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət; özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi; tibbi yardım - xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası diaqnostikası, və xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi; tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım Qanunun əsas anlayışlar kimi ifadə olunmuşdur. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinə əsasən, özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən hüquq normaların əsasən, özəl tibb müəssisəsi tibbi fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda (lisenziya) və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilərlər. Lisenziya (xüsusi icazə) olmadan özəl tibbi fəaliyyətlə məşğul olunmağa görə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən məsuliyyət müəyyən edilir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilmişdir. Həmin qərarla və məhkəməyə təqdim edilmiş materiallar əsasında şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan, həmçinin inzibati işin materiallarında olan sübutlardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulan xəta X8 tərəfindən törədilmişdir. Eyni zamanda qərardan şikayət vermiş şəxs X8 özəl tibbi fəaliyyət göstərmək üçün lisenziyanın olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş və lisenziyasının olmaması faktını təkzib etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X6 (VÖEN **********) Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-416/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-416/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver