Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-42/2025 09.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Şirvan şəhər ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Əliyev X4 şəhər Məhkəməsinin 2(032)-1438/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməklə onun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Şirvan şəhər Məhkəməsinin 2(032)-491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 12 (on iki) gün müddətinə inzibati həbs tətbiq olunmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini icra etməmiş və əməli təkrar törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, işləmədiyindən, maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Hazırda aliment borcunu tam şəkildə ödəmək imkanı yoxdur. Aliment borcu olduğu barədə məlumatlı olsa da, barəsində axtarış verilməsindən xəbərsiz olmuşdur, belə ki, icra məmuru tərəfindən ona çağırış göndərilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1438/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə borclunun atası ondan xəbərsiz hər ay 100 manat pul ödəmiş, sonradan ona məlum olmuşdur ki, atası tərəfindən onun kartına 2000 manat pul ödəniş edilmişdir. Lakin borclu tərəfindən sonuncu dəfə aliment borcundan 2024-cü ilin yanvar ayında 400 manat pul ödənilmişdir. Hazırda özünün evlərə təmizlik işləri üçün xadimə kimi getdiyini, maddi imkanının zəif olduğunu bildirirərək borclunun aliment borcunun tam ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1438/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmaqla borclu Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Belə ki, icra sənədi Şirvan şəhəri üzrə və probasiya şöbəsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, tələbin könüllü icrası haqqında bildiriş və qərar tərəflərə göndərilmişdir. Borclu Şəxs xəbərdarlıq göndərilsə də o, icra və probasiya şöbəsinə gəlməmişdir. Bundan sonra borclunun yaşadığı ünvana gedilmiş, lakin borclunu həmin ünvanda tapmaq mümkün olmamışdır. Beləliklə, tərəfindən xx.xx.2020-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə borclu Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinə gəlmişdir. İş üzrə borclu Şəxs izahat alınmış yaranmış aliment borcunun ödənilməsi tələb edilsə də o, həmin borcu ödəyə bilməyəcəyini və yaxın vaxt vaxtda həmin borcun bir hissəsini ödəyəcəyinə söz versə də ancaq xx.xx.2024-cü il tarixdə həmin aliment borcundan 400 manatını ödəyərək ödəniş qəbzini Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təqdim etmişdir. Beləliklə, borclu barəsində borclunun məcburi gətirilməsi barədə məhkəməyə müraciət olunmuş və Şirvan şəhər Məhkəməsinin 8(032)-50/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı icra olunması üçün Şirvan şəhər Polis şöbəsinə göndərilmişdir. Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinə təhvil verilmişdir. Elə həmin gündə də borclu barəsində İXM-nin 528.1ci maddəsi ilə protokol tərtib edilərək Şirvan şəhər Məhkəməsinə göndərilmiş, məhkəmənin 3(032)-491/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 12 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Borcun ödənilməsi üçün borcluya yenidən borcu ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də yenə də o, icra və probasiya şöbəsinə gəlməmiş və yaranmış aliment borcunu ödəməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 nömrəli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2008-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Əliyev X4 şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1438/2014 nömrəli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1438/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 3(032)-491/2024 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmamasının müəyyən edilməsi haqqında aktın surətindən görünür ki, borclu Şəxs Şirvan şəhəri Füzuli küçəsi dalan 2 ünvanında yaşamadığı müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə inzibati xətanın xarakterini (idarəçilik qaydaları əleyhinə olması), inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, borclunun icra sənədinin icrasından yayındığını , barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-491/2024 saylı qərarı ilə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq icra sənədinin icra olunmadığı müddəti, inzibati xətanın aliment borcunun icrası ilə əlaqədar olduğunu, bu alimentin ödənilməməsində yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin pozulduğunu, tələbkarın möqeyini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: xx.xx.1985-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Şirvan şəhər ünvan 1 ünvanında qeydiyyatda olan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-42/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-42/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver