Məhkəmə qərarları › İş №3(032)-424/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-424/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-424/2024 03.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə X1 iştirakı ilə, X3 xx.xx.2024-cü il tarixli, EQ 21092710 saylı qərarın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ X2 xx.xx.2024-cü il tarixli, EQ 21092710 saylı qərarın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında 2003-cü il buraxılışlı, “Nissan X-Trail” minik markalı, ** DN *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Şirvan şəhəri, 1 May küçəsində işıqforun qırmızı işığında nəqliyyat vasitəsini saxlamışdır. Nəqliyyat vasitəsinin sağ tərəfində digər nəqliyyat vasitəsi dayanmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə barəsində İXM-nin 327.2-ci maddəsi ilə EQ 21092710 nömrəli elektron qərar qəbul edilmişdir. Elektron qərarın qəbul edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə məlumat almışdır. Qeyd edilən elektron qərar qanunsuz və əsassız tərtib edilmişdir. Məhkəmənin ilk iclasında şikayət verən X4 şikayətini müdafiə edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21092710 saylı qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin DYPB-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, Azərbaycan Respublikası DİN-nin DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, habelə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21092710 nömrəli qərarla X4 xx.xx.2024-cü il tarixdə, saat 17:40:14-də Şirvan şəhəri, 1 May küçəsində “Nissan X-Trail” minik markalı, ** DN *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması səbəbi ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122-ci maddəsinə sasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır (maddə 122.5), barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər (maddə 122.6). Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür (maddə 122.7). İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir (122.8). Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikas İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə dəfələrlə inzibati qərarı qəbul etmiş orqana sorğu ünvanlayaraq qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə göndərilməsini tələb etsə də, səlahiyyətli orqan nə nümayəndənin iştirakını təmin etməmiş, nədəki, sübut təqdim etməmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X4 barəsində qəbul olunmuş qərar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilməlidir. Material üzrə təkrarən araşdırma aparılarkən sürücü X4 BDYPİ-nə dəvət olunmalı, ondan müvafiq izahat alınmalı, sonuncunun irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133cü maddəsini rəhbər tutub, Q Ə R A RA A L D İ : X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Baş X8 Bölməsinin xx.xx.2024-cü il tarixli, EQ 21092710 saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərara yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar