Məhkəmə qərarları › İş №3(032)-434/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-434/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-434/2025 25.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri Yol Patrul Xidməti inspektoru polis serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2000-ci ildə Füzuli rayonu, Mollaməhərrəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli rayonu, Arayatlı Ərazi Dairəsi, Mollaməhərrəmli kəndində qeydiyyatda olan Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2025-ci il tarixdə, saat 11:30 radələrində Şirvan şəhəri, 1 May küçəsində «VAZ 2106» markalı, ** MP *** dövlət qeydiyyat nişanlı mexaniki nəqliyyat vasitəsinin sürücüsü Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 327.3 və 511.1.3-cü maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:30-da özünə məxsus VAZ 2106” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edərkən onu Sabirabad rayonu ərazisində yerləşən dövlət yol polisinin stasionar postunda saxlamışlar. Həmin vaxt avtomobildə ailə üzvləri də olmuşdur. Avtomobilə dair sənədlər yol patrul inspektoru tərəfindən yoxlanan zaman avtomobili etibarnamə olmadan idarə etməsi aşkar olunmuşdur. Bundan sonra müvafiq sənədləşmə aparılmış və avtomobili duracağa yerləşdirilmişdir. Lakin yol patrul inspektrolarının onun təkliflərinə məhəl qoymadıqlarını gördükdən sonra əsəbləşmiş və duracağa yerləşdirilmiş avtomobilin əyləşərək avtomobili sürüb oradan uzaqlaşmışdır. Ardınca isə yol patrul inspektroları ona saxla əmrini vermiş olsalar da o avtomobili saxlamamış, Şirvan şəhəri ərazisində olan zaman süni tıxac yaradılmış və saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Ona qarşı zor tətbiq edilməmiş və qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs BDYPİ-yə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 12-ci tağımının inspektoru X9 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 09:30-da Hacıqabul-Horadiz yolunun 18-ci km stosionar postunda xidmətdə olan zaman “VAZ 2106” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomaşını nəzarət yoxlamaq məqsədi ilə dayanma işarəsi verilmişdir. Həmin avtomobilin sürücüsündən sənədləri təqdim etməsini tələb etdikdə sürücünün etibarnamə olmadan avtomaşını idarə etməsi müəyyən edilmişdir. Belə olan halda həmin nəqliyyat vasitəsinə tərəfindən inzibati protokol tərtib olunub, nəqliyyat vasitəsi duracağa yerləşdirilmiş və izah olunmuşdur ki, avtomobili etibarnaməsi olan şəxs gəlib duracaqdan apara bilər. Lakin bir qədər sonra həmin şəxsin özbaşına olaraq avtomobilə əyləşib sürətlə duracaqdan uzaqlaşdığını görmüşdürlər. Bundan sonra avtomobili saxlamağa cəhd göstərmişdilər və qarşıda xidmət aparan yol patrul maşınına həmin avtomobili saxlatmaq üçün məlumat verilmiş, lakin bütün cəhdlərə baxmayaraq avtomobilin sürücüsü tabesizlik göstərərək Şirvan şəhərinə daxil olmuşdur. Şirvan şəhər PŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarının köməkliyi ilə avtomobili saxlatmaq mümkün olmuşdur. Avtomaşın Şirvan ŞPŞ-nin duracağına yerləşdirildi, sürücü isə polisin qanunu tələbinə tabe olmadığından Şirvan ŞPŞ-nin NH-nə rəhvil verildi. Orada məlum oldu ki, həmin şəxs Füzuli sakini Şəxsdur. Məhkəmə iclasında şahid qismində BDYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 12-ci tağımının inspektoru X8 və Şirvan ŞPŞ YPX bölməsinin YPX inspektoru, polis serjantı X1 Mayıl Namik oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı videogörüntüdən görünür ki, Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, polisin tələblərinə tabe olmayaraq duracaqdan qaçırdığı avtomobillə Şirvan və Sabirabad rayonları avtomobili qanunsuz idarə etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qanunvericiliyin tələbinə əsasən məhkəmənin Azərbaycan Respublikası İXM-in 332.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti olmadığından hazırki iş üzrə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə qiymət verilməlidir. Bununla da məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlarla, ifadəsi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, hadisə zamanı və hadisədən sonrakı davranışını, törətdiyi əmələ laqeyd münasibətini, polisin qanuni tələblərinə riayət etməməsini və ictimai qaydanı kobud pozmasını, polisin iş rejiminə müdaxiləsini və dövlət orqanlarının şəxsin qanunusuz fəaliyyətinin qarşısının alınmasına cəlb olunmasını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmaqla barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixdə, saat 09:30-dan hesablansın. Qərarın icrası Şirvan Şəhər Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar