Məhkəmə qərarları › İş №3(032)-442/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-442/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-442/2023 27.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Axtaçı Muğan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs şəhərin 1 May küçəsində polisin qanuni tələblərinə tabe olmamış və ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində şəhərin 1 May küçəsində olan zaman polis əməkdaşları ilə arasında bir qədər mübahisə yaranmış, polis əməkdaşları ilə polis şöbəsinə getməkdən imtina etmiş, əsəbi olduğu üçün küçədə səs-küy salmışdır. Törətdiyi xətadan səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X1 məhkəmə iclasında izahatında bildirdi ki, Şirvan şəhər polis şöbəsinin İB-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə polis şöbəsinin müstəntiqi polis kapitanı Sahil Şıxəliyev tərəfindən qeyd edilən cinayət işi üzrə şübhəli şəxslər olan X4 və Şəxs polis şöbəsinə gətirilməsi haqqında raport daxil olmuşdur. Həmin raport əsasında xx.xx.2023-cü il tarixdə, saat 10:20 radələrində Əflan Əmirov polis şöbəsinə gətirilmişdir.Bir müddət sonra isə Şəxs Şirvan şəhəri F.Eynullayev küçəsində olmasını müəyyən etmişlər. Bu zaman Şəxs yaxınlaşaraq cinayət işi üzrə şübhəli olmasını və bu səbəbdən də polis şöbəsinə gəlməli olduğunu nəzərinə çatdırmışlar. Lakin bu zaman sonuncu yüksək səslə söyüşlər söyməyə başlamışdır. Dəfələrlə nizam-intizama dəvət etsələr də polisin qanuni tələbinə tabe olmayaraq öz qanunazidd hərəkətlərini israrla davam etdirmişdir. Çətinliklə də olsa bir müddətdən sonra Şəxs saxlayaraq polis şöbəsinə gətirmişlər. Lakin polis şöbəsində olarkən də Şəxs uca səslə nalayiq ifadələr işlədərək polis şöbəsinin iş rejimini nümayişkarnə formada pozmağa davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il il tarixdə saat 10:00 radələrində Şirvan şəhəri, 1 May küçəsində polisin qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə gətirilən zaman şöbənin növbətçi hissəsində ucadan səs-küy salaraq iş rejimini pozmuşdur. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 10:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il il tarixdə saat 10:20 radələrində şəhərin 1 May küçəsində polis əməkdaşlarının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmamış, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Əmirov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. + Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əmirov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə saat 10:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 10:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 10:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar