Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-444/2025 08.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında materialdan görünür ki, Salyan rayonu Qaraçala kənd sakini Şəxs 20 yanvar 2025-ci il tarixdə saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan VAZ 2107 markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri M.Mirzəyev küçəsi ilə “Salyan dairəsi” adlanan dairəyə doğru hərəkət edərkən yolayrıcına çatdıqda hərəkəti istiqamətində olan 2.4 “Yol verin” üstünlük yol nişanının tələblərinə əməl etmədən avtomobili yolayrıcına daxil edib, hərəkət üçün təhlükə yaradaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə riayət etməklə hadisənin qarşısı almağa texniki imkanı olduğu halda qeyd olunan qanunun tələblərini pozub kəsişən yolda Şirvan şəhər sakini Zərərçəkmiş şəxs idarə etdiyi Opel Astra markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişin X2 ikitərəfli hemotoraks, hər iki ağciyərdə minimal hava (pnevmotoraks), hər iki tərəfdə çoxsaylı, yerdəyişmiş, qəlpəli qabırğa sınıqları, qaraciyərin cırılması, L2, L3, L4 fəqərələrin sol köndələn çıxıntısında, L5 fəqərəsinin sağ köndələn çıxıntısında sınıqlar, oma sümüyünün çanaq dəliklərinə keçən qəlpəli sınıqları, ona sümüyünün sol qanadında omba-qalça birləşməsinə keçən sınığı, hər iki qasıq-oturaq sümüklərində qəlpəli yerdəyişmiş sınıqları olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət, X1 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə, sağ təpə nahiyəsinin dərialtı hematoması, qabırğaların hər iki tərəfdən çoxsaylı yerdəyişən sınıqları, ikitərəfli minimal hematoraks, çanaq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları, L4 fəqərəsinin sağ köndələn çıxıntısının yerdəyişməyən sınığı olmaqla sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, 20 yanvar 2025-ci il tarixdə səhər saatlarında idarə etdiyi VAZ 2107 markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Salyan rayonu Qaraçala kəndindən Şirvan şəhəri Bayramlı qəsəbəsinə doğru gəlmişdir. O, avtomobili idarə etmiş, ondan başqa da avtomobilində 04 nəfər də sərnişin əyləşmişdir. Həmin sərnişinlərdən qohumu X4 qabaq sağ sərnişin oturacağında əyləmiş, onun arxa tərəfindən qohumu X5 əyləşmiş, Güldəstənin yanında digər qohumu X3 əyləşmiş, sağ qabaq sərnişinin arxasında isə arvadı Şəbiyeva Hicran Səfər qızı əyləşmişdir. Salyan dairəsi adlanan yerə yaxınlaşıb dairəyə daxil olmuşdur. Dairəyə daxil olmazdan əvvəl soldan avtomobil gəlib-gəlməməsini yoxlamışdır. Sol tərəfdən avtomobil gəlmədiyini dəqiqləşdirib dairəyə daxil olmuşdur. Bu zaman soldan gələn digər avtomobillə toqquşmuşdur. Həmin avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin sol arxa hissəsinə dəymişdir. Sonra isə təcili tibbi yardım avtomobili ilə onu və avtomobilində olan digər sərnişinləri Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Sonda etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 20 yanvar 2025-ci il tarixdə səhər saatlarında idarə etdiyi Opel Astra minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərindən Salyan rayonu Qarabağlı kəndinə getmişdir. Həmin kənddən çıxıb Şirvan şəhərinə gəlmiş və yolda gələndə azyaşlı sərnişin də götürüb Şirvan şəhəri avtovağzal ərazisində endirmişdir. Daha sonra isə avtovağzal ərazisindən çıxıb yaşadığı ünvana doğru gəlmişdir. Şirvan şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olub Salyan dairəsi adlanan yerə yaxınlaşmışdır. Dairəyə yaxınlaşıb daxil olduqda qarşısından sağa doğru evakuator hərəkət eləmişdir. O, evakuatorun yanına yaxınlaşdıqda həmin evakuatorun arxa hissəsindən VAZ 2107 markalı avtomobil anidən onu gözləmədən yola çıxmış və dairəyə daxil olmuşdur. Həmin VAZ 2107 markalı avtomobil anidən qarşısına çıxdığından əyləci sıxa bilməmış və onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yoluna çıxan VAZ 2107 markalı avtomobilin sol arxa hissəsindən vurmuşdur. Toqquşduqdan sonra avtomobilində idarə etməni itirmiş və solda yerləşən dairənin içərisinə daxil olmuşdur. Sonra isə hadisə yerinə yaxınlaşan təcili tibbi yardım avtomobili ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına getmişdir.Sonda Şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 20 yanvar 2025-ci il tarixli, 42 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət-döz qəfəsi və sol bazu qurşağında əzələ-bağ aparatının gərilməsi, sol baldırın orta 1/3-də şişkinlik hematoma küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 20 yanvar 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 20 yanvar 2025-ci il tarixli, 62 saylı rəyindən görünür ki, Şəxs bədən səthində aşkar olunan xəsarət – sağ alın-təpə nahiyəsində və sol qaşüstü nahiyədə əzilmiş-cırılmış yaralar – küt əşya təsirindən törənmiş, 20 yanvar 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 20 yanvar 2025-ci il tarixli, 123 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarət – ikitərəfli hemotoraks, hər iki ağciyərdə minimal hava (pnevmotoraks), hər iki tərəfdə çoxsaylı, yerdəyişmiş, qəlpəli qabırğa sınıqları, qaraciyərin cırılması, L2, L3, L4 fəqərələrin sol köndələn çıxıntısında, L5 fəqərəsinin sağ köndələn çıxıntısında sınıqlar, oma sümüyünün çanaq dəliklərinə keçən qəlpəli sınıqları, oma sümüyünün sol qanadında oma-qalça birləşməsinə keçən sınığı, hər iki qasıq-oturaq sümüklərində qəlpəli yerdəyişmiş sınıqlar – küt əşya təsirindən törənmiş, 20 yanvar 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 20 yanvar 2025-ci il tarixli, 124 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar olunan xəsarət – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə, sağ təpə nahiyəsinin dərialtı hematoması, qabırğaların hər iki tərəfdən çoxsaylı yerdəyişən sınıqları, ikitərəfli minimal hematoraks, çanaq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları, L4 fəqərəsinin sağ köndələn çıxıntısının yerdəyişməyən sınığı – küt əşya təsirindən törənmiş, 20 yanvar 2025-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 03 fevral 2025-ci il tarixli 426/K saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri aşkar edilmədi. Məhkəmə-kimya şöbəsində tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 03 fevral 2025-ci il tarixli 428/K saylı rəyindən görünür ki, Şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri aşkar edilmədi. Məhkəmə-kimya şöbəsində tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və psixotrop maddələrin təyinatını aparmaq mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MƏhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli, 8/397 nömrəli ekspert rəyindən görünür ki, Opel Astra markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur.VAZ 2107 markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-ü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında 14 mart 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanılmış iş üzrə əməl həmin məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən Şəxs cinayət məsuliyyətindən azad edilməsi və ********* №-li cinayət işi üzrə icraata xitam verilməsi, Zərərçəkmiş şəxs ata adı “Pilhan” kimi Nurcahan Sarıbala qızının soy adı “Almasova” kimi və Güldəstə Əhmədovanın ata adı isə “Qulam” kimi oxunması, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Şirvan ŞPŞ-nin DYPB-nə verilməsi, Zərərçəkmiş şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlini səmimi etiraf etməsi, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı şikayət və tələbinin olmaması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-444/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-444/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver