Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-451/2024 27.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1963-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 27 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidin ifadəsi ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, "xxxx" KB ASC-dən kart almış, kartı blokluyan şəxs yoxdur. İcra Şöbəsi tərəfindən aylıq maaşından 105 manat tutulmuşdur. Onların bu hərəkətindən narazı qalıb, DİN-in 102 xidmətinə zəng etmişdir. Səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 09:49 radələrində vətəndaş 1968-ci il təvəllüdlü Şəxs 102 xidmətinə zəng edərək polis əməkdaşlarına və Şirvan şəhər Polis Şöbəsinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bu zaman NH-nin göstərişi ilə həmin şəxsin ünvanına yaxınlaşaraq onu polis şöbəsinə gətirmək istəmiş, bu zaman səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs tərəflərindən Polis Şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X3 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 27 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş əməli törətməsi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 09:49 radələrində vətəndaş 1968-ci il təvəllüdlü Şəxs 102 xidmətinə zəng edərək polis əməkdaşlarına və Şirvan şəhər Polis Şöbəsinin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bu zaman NH-nin göstərişi ilə həmin şəxsin ünvanına yaxınlaşaraq onu polis şöbəsinə gətirmək istəmiş, bu zaman səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs tərəflərindən Polis Şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yerdə ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə sahə müvəkkili ilə mübahisə etməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2024-cü il tarixdə törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymadığı, polis qurumunun əməkdaşları tərəfindən inzibati qaydada tutulması özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. Şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Xəta törədən şəxsin səmimi etirafı, əməlindən peşman olması, əməlinə tənqidi münasibəti, səmimi peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-451/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-451/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver