Məhkəmə qərarları › İş №3(032)-453/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-453/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-453/2025 02.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, X1 İdarəsində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında ucadan səs-küy salmaqla X2 təhqir etmiş, həmçinin hadisənin qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması MN № ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolla, zərərçəkmiş şəxsin və şahidin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, bir neçə gün əvvəl dostuna məxsus avtomobili idarə edərkən Səfa adlı xanımın idarə etdiyi avtomobildə nasazlıq olduğunu görmüşlər, avtomobili saxlayıb xanıma köməklik etmişlər. Elvin adlı dostu xanımla tanış olmaq istədiyini bildirmiş, avtomobili özü sürərək xanımın avtomobilinin arxasınca sürmüş, xanım bir az irəlidə avtomobili saxlamış, avtomobilin təkərinin düzəldilməsi üçün ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra Səfa həm iş, həm şəxsi nömrəsini onlara vermiş, avtomobilin təkərinin dəyişdirilməsi ilə əlaqədar razılaşmışlar. Lakin dostu sonradan ondan mobil telefon nömrəsini verməsini, xanımla danışmaq istədiyini bildirdiyindən o öz nömrəsini yox, babasının nömrəsini dostuna vermiş və dostu Səfa ilə həmin nömrə ilə danışmışdır. Sonradan dostunun həyat yoldaşı Səfa ilə olan səsləri və mesajları onun həyat yoldaşına göndərdiklərindən aralarında mübahisə düşmüş, həyat yoldaşı polisə şikayət etmişdir. Həmin səsləri və mesajları Səfaya o göndərməmişdir. Əlavə olaraq bildirdi ki, Vətən müharibəsi iştirakçısıdır, 80 manat təqaüd alır. Cəbrayıl, Qubadlı, Laçının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verib bildirdi ki, qeyri-rəsmi birlikdə yaşadığı həyat yoldaşı Şəxs Səfa adlı qadınla səs yazıları ona göndərilmiş, bu barədə ondan soruşduqda Məmmədəli dostu üçün Səfa ilə danışdığını, onunla heç bir münasibətinin olmamasını bildirmişdir. Lakin o Məmmədəlinin sözünə inanmamış, ona görə də aralarında mübahisə düşmüşdür, evdə səs-küy salmış, onu təhqir etmişdir. O da buna görə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin İTB-nin YYÇPİTQ-nun inspektoru X5 izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 20.00 radələrində DİN-nin “102” Xidməti-Zəng Mərkəzinə vətəndaş X4 tərəfindən daxil olmuş müraciət üzrə əməliyyat-istintaq qrupunun tərkibində qeyd olunmuş ünvana yaxınlaşdıqda həmin ünvanda bir nəfər şəxsin ucadan-səs küy salmaqla ictimai qaydanı pozduğunun şahidi olmuşdur. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də, o, öz qeyri-adekvat hərəkətlərini davam etdirmişdir. Həmin şəxsin Şirvan şəhər Polis Şöbəsinə aparıldığını görən tanışı da eyni xarakterli hərəkətlər edərək xidməti fəaliyyətinə mane olmağa cəhd göstərmiş, verdiyi qanuni göstərişlərə nümayişkaranə şəkildə tabe olmamağa başlamışdır. Buna görə də həmin şəxslər Şirvan şəhər Polis Şöbəsinə gətirilərək NH-yə təhvil verilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:10 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:10-da azad edilmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısı olmaqla 80 manat təqaüd alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ətrafda insanların olduğu bir yerdə ətrafa etinasızlıq və hörmətsizlik göstərərək səs-küy salması (zərərçəkmiş şəxsin və şahid izahatları ilə də təsdiq olunur) kimi hərəkətləri məhz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2025-ci il tarixdə törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğuna görə ona həmin maddə ilə inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini (vətən müharibəsi iştirakçısı olaraq təqaüd aldığını), nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nın 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş xx.xx.2001-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, X1 İdarəsində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin və bir gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar