Məhkəmə qərarları › İş №3(032)-459/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-459/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-459/2025 06.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1325/2024 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1325/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs üç uşağın saxlanılması üçün hər ay cəmi 390 manat miqdarında aliment alınaraq tələbkar X4 verilməlidir. Borcluya iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borc məbləğini ödəməyərək, icra sənədini icra etməməkdən yayınaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırki vaxta qədər Şəxs 1240 manat aliment borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 1325/2024 saylı icra sənədinə əsasən ondan hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 390 manat məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Hər ay vaxtlı-vaxtında ödənişlər etmişdir. Hazırki məhkəmə gedişatında ödəniş edəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1325/2024 saylı icra sənədinə əsasən, Şəxs hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 390 manat məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1325/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. 25 aprel 2025-ci il tarixdə icra sənədi üzrə borclu tərəfindən 200 manat məbləğində pul sonuncu dəfə ödənilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs borcundan 200 manat məbləği məhkəmə iclasında edilmiş fasilə zamanı ödəniş etmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə, borclu Şəxs icra sənədi üzrə əvvəllər müntəzəm olaraq ödənişlər etməsini, habelə, məhkəmə gedişatında borcundan 200 manat məbləğində ödəniş etdiyini, borcunu gələcəkdə də ödəməkdən boyun qaçırmamasını, əməlinə tənqidi yanaşmasını nəzərə alır və belə qənaətə gəlir ki, onun əməlində icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməməsi tərkibi mövcud deyil və belə olan halda X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar