Məhkəmə qərarları › İş №3(032)-46/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-46/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-46/2024 26.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi X1, Qərarından şikayət edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək qəbul edilmiş “inzibati təhbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X6 şikayət ərizəsi verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o icarə hüququ əsasında işlətdiyi, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən “Mənzərə” adlı kiçik interyerli iaşə obyektində əhaliyə müxtəlif çeşidlərdə xörəklər, qəlyanaltılar, spirtli və spirtsiz içkilərlə xidmət göstərərək gəlir əldə edir. xx.xx.2023-cü il tarixdə obyektin yaxınlığındakı ağacların ətrafına tökülən, qurumuş şam yarpaqlarını qalaqlayaraq odladı və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı ərazinin fotoşəkillərini çəkməklə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında MN1440560 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək, tərəfindən yandırılan tulantıların məişət və sənaye tulantısı olmadığını bu baxımdan əməlində inzibati xəta hadisəsi olmadığını bildirirərək barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Qərarından şikayət edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti nəzərdən keçirib, hesab edir ki, X4 şikayəti aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən “Mənzər” restoranında formalaşan tullantıların restoran qarşısında yandırılmış və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində vəzifəli şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. 27 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahat hissəsində bildirmişdir ki, ərazidə olan tikanları təmizləyib tutum qabların yanında yandırdığını, tullantıların yanğına düşmə səbəbinin külək ola biləcəyini bildirmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, 82778 nömrəli aktından görünür ki, Şirvan şəhər inzibati ərazisində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən “Mənzər” restoranının qarşısında tullantıların atılması üçün nəzərdə tutulmuş tutumların ətrafında yanğın baş verdiyi müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən obyekti icarəyə götürdüyünü qeyd edən Toğrul Nəcəfli izahat verərək “ərazidə olan tikanları təmizləyib tutum qabların yanında yandırdığını, tullantıların yanğına düşmə səbəbinin külək ola biləcəyini bildirmiş və tullantıların idarə olunması ilə bağlı müvafiq müqavilənin olmadığını, Kommunal Kombinatı Müəssisəsi ilə müqavilə bağlanması üçün müraciət etdiyini qeyd etmişdir. Əraziyə keçirilən baxış zamanı ərazinin təmizləndiyi, lakin bir illik quru ot bitkilərinin tullantılar olan yerdə yandırıldığı və bunun nəticəsində tullantıların yandığı Toğrul Nəcəfli tərəfindən “Tullantılar” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu müəyyən olunmuşdur. Məhkəməyə təqdim olunmuş hadisə yerində çəkilmiş fotoşəkillərdən X6 tərəfindən tullantıların (iynə yarpaqları ilə yanaşı, məişət tullantılarının da) restoran qarşısında yandırılması müəyyən edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin bəndlərində göstərilmişdir ki:

1. İstehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır.

2. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər.

3. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir.

4. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

5. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən istehsalat tullantıları dedikdə istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; məişət tullantıları (bərk məişət tullantıları) dedikdə isə əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar başa düşülür. 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə işdə olan sənədlərə, sübutlara qiymət verərək belə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi işin bütün halları ilə tam sübuta yetir, onun barəsində tərtib edilmiş protokol və qərar tam əsaslıdır, bu səbəbdən də “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair verilmiş şikayəti təmin edilməsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar