Məhkəmə qərarları › İş №3(032)-471/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-471/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-471/2024 03.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati protokolu tərtib etmiş X1 iştirakları ilə, xx.xx.1968-ci ildə Sabirabad rayonu, Ağacanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:05-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində “Mercedes Benz 208D” markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusu sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərnişin daşımaqla idarə etmişdir. İnzibati xəta hadisənin olması 02 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hadisə xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində baş vermiş, həmin tarixdən bir gün əvvəl spirtli içki qəbul etmişdir. Mikroavtobusu sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmiş, əməlindən peşmandır. Şirvan şəhəri Yol Patrul Xidməti inspektoru polis serjantı X2 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Məmmədov Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 02 iyun 2024-cü il tarixli, 46 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-469/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal kimi nəzərə alınır. 334.4-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə - bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Xəta törədən şəxsin səmimi etirafı, əməlindən peşman olması, əməlinə tənqidi münasibəti, səmimi peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 02 iyun 2024-cü il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar