Məhkəmə qərarları › İş №3(032)-479/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-479/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-479/2024 14.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ/21158804 saylı elektron qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ/21158804 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ/21158804 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10- 20 km/saat həddində aşmağa görə 10 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin sanksiyasında 10 manat miqdarında cərimə nəzərdə tutulmasına baxmayaraq 300 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, səlahiyyətli orqanın gəlidyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda əsaslara görə təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ/21158804 saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində cərimə edilir. 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, səalhiyyətli orqan tərəfindən qəbul edilmiş qərarda X3 AR İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi göstərilmişdir. Halbuki, AR İMX-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin məbləği qanunverici tərəfindən 10 manat həddində müəyyən edilmişdir. Göstərilən bu hal şəxsin törətmiş olduğu inzibati xətaya görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğindən dəfələrlə artıq məbləğdə inzibati tənbehə məruz qalmasına dəlalət edir ki, bu da yolverilməz olmaqla səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olmasının göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X4 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ/21158804 saylı elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X4 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ/21158804 saylı elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar