Məhkəmə qərarları › İş №3(032)-485/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-485/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-485/2023 06.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi xx.xx.1945-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Şəxs 05 aprel 2023-cü il tarixdə, saat 14:30 radələrində “VAZ 21061” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, H.Əliyev prospektində “VAZ 21074” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobili gözləməli olduğu halda gözləmədən onun qarşısına çıxmış, bu zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xəta hadisəsinin olması 05 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində özünə məxsus olan, lakin sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21061” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, H.Əliyev prospektində dairədən çıxıb “İLHAM YDM”-nə daxil olmaq üçün hərəkətə başlayarkən 2.4 (yol ver) yol nişanının tələbini pozmuş, “VAZ 21074” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş, heç bir xəsarət almamış və sərxoş olmamışdır. Sürücülük vəsiqəsinin müddəti hadisədən bir neçə gün əvvəl bitmişdir. İş materiallarında olan avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş 05 aprel 2023-cü il tarixli rəy aktından görünür ki, ** ZR *** dövlət qeydiyyat nişanlı, "VAZ 21074” markalı avtomobilə ümumilikdə 583 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh verilməsini qanunauyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olması, 78 yaşlı ahıl yaşda olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar